“Vətənim mənim” – qobelen ustasının sərgisi

 

Yanvarın 30-da Milli Xalça Muzeyində Əməkdar rəssam, qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” adlı fərdi sərgisinin açılışı keçirildi.

Açılış mərasimində çıxış edən muzeyin direktoru vəzifəsini müvəqqəti icra edən Mira Məmmədxanova bildirdi ki, sərgi Adil Şıxəliyevin yaradıcılığının 50 illiyinə həsr olunub. Sərgidə müəllifin 30-dək qobeleni təqdim edilir. Burada Adil Şıxəliyevin keçmişdə və müasir dövrdə ölkəmizin həyatında baş vermiş mühüm tarixi hadisələrə həsr olunan əsərləri, o cümlədən Azərbaycanın Ümummilli lideri Heydər Əliyevə ithaf etdiyi portret sərgilənir. Nümayiş olunan əsərlər sırasında “Zəfər yolu”, “Şuşada toy” və digər əsərlər rəssamın yaradıcılıq rəngarəngliyini əks etdirir. Müəllifin təbii boyaqlarla boyadığı iplər və rəngləri əldə etdiyi bitkilər də sərgidə yer alır.

Sərginin kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova diqqətə çatdırdı ki, ömrünü sənətə həsr edən Adil Şıxəliyevin yaradıcılıq nümunələri Milli Xalça Muzeyinin kolleksiyasında saxlanılır. Qeyd olundu ki, sərgi çərçivəsində ustad dərsləri, mühazirələr və rəssamın iş prosesini əks etdirən film də nümayiş olunacaq. Ekspozisiyada yer alan əsərlər rəssamın vətəninə böyük sevgisini nümayiş etdirir.

Azərbaycan Rəssamlar İttifaqının (ARİ) sədri Xalq rəssamı Fərhad Xəlilov Adil Şıxəliyevi yaradıcılığının 50 illiyi münasibətilə təbrik etdi, cansağlığı və yaradıcılıq uğurları arzuladı

İttifaqın Dekorativ-tətbiqi sənət bölməsinin rəhbəri Xalq rəssamı Aydın Rəcəbov müəllifin ARİ-də  təşkil edilən sərgilərdə mütəmadi iştirakını, vətənpərvərlik mövzulu əsərlərinin üstünlük təşkil etdiyini dedi.

Çıxışlardan sonra Adil Şıxəliyev sərginin təşkilatçılarına və qonaqlara təşəkkür etdi. Daha sonra qonaqlar sərgi ilə tanış oldular.

“Vətənim mənim” sərgisi martın 6-dək davam edəcək.

Qeyd edək ki, Adil Şıxəliyev 1946-cı ildə Qubada anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Qobelen sənətinə vurğunluğu təhsil illərindən sonra başlayıb. Sənətin sirlərini rəssamlar Sabir Şıxlı, Svetlana İsmayılova və başqalarından öyrənib. İlk fərdi sərgisi 2016-cı ildə, 70 illik yubileyində reallaşıb.

 

Mədəniyyət .- 2024.- 31 yanvar (¹8).- S.1.