Görkəmli
balerina haqqında filmin təqdimatı
Görkəmli balerina, pedaqoq, SSRİ Xalq artisti,
professor Leyla Vəkilovanın (1927–1999) ömür və sənət
yoluna həsr olunmuş “Vəkilova” adlı sənədli film
çəkilib.
Yanvarın 29-da Nizami Kino Mərkəzində ekran əsərinin
təqdimat mərasimi keçirilib.
Tədbirdə Mədəniyyət Nazirliyi və Azərbaycan
Respublikası Kino Agentliyinin (ARKA) məsul əməkdaşları,
kino xadimləri, digər qonaqlar iştirak ediblər.
ARKA-nın baş direktoru vəzifəsini icra edən
Orxan Fikrətoğlu rəqs sənətimizin görkəmli
nümayəndəsi haqqında filmin əhəmiyyətindən
danışıb. O digər sənət fədailəri
haqqında da filmlərin lentə alınacağını diqqətə
çatdırıb.
Filmin ssenari müəllifi və rejissoru
tanınmış balet ustası, Əməkdar artist Samir Səmədov,
ekran əsərinin prodüseri isə Gülnarə Lütfəliqızıdır.
İki ay ərzində ərsəyə gələn
ekran işi Azərbaycan dilindən savayı ingilis və rus
dillərində də səsləndirilib. Filmdə Leyla Vəkilovaya
aid arxiv materiallarından istifadə olunub.
Məşhur balerina, Azərbaycanın və
SSRİ-nin Xalq artisti Leyla Məhəd qızı Vəkilova
29 yanvar 1927-ci ildə Bakıda anadan olub. O, Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrında balet
truppasının aparıcı solisti olub. A.Adanın “Jizel”,
R.Qlierin “Qırmızı lalə”, P.Çaykovskinin “Sonalar
gölü”, “Yatmış gözəl”, “Şelkunçik”,
L.Minkusun “Don Kixot”, B.Zeydmanın “Qızıl açar”,
B.Asafyevin “Bağçasaray fontanı”, Ə.Bədəlbəylinin
“Qız qalası”, Q.Qarayevin “Yeddi gözəl”,
“İldırımlı yollarla”, S.Hacıbəyovun
“Gülşən” və digər baletlərdə əsas
partiyaları ifa edib. Bir müddət Azərbaycan Dövlət
Rəqs Ansamblına rəhbərlik edib. Həmçinin
Bakı Xoreoqrafiya Məktəbinin (indiki BXA) bədii rəhbəri
olub.
Azərbaycan baletinin ulduzlarından olan sənətkar
1999-cu il fevralın 20-də vəfat edib.
Nurəddin
Mədəniyyət .- 2024.- 31 yanvar (¹8).- S.2.