AMEA-da Rəsulzadənin yubileyi ilə
bağlı tədbir
Yanvarın 29-da AMEA-da Rəyasət Heyəti, Humanitar
Elmlər Bölməsi və İctimai Elmlər Bölməsinin
birgə təşkilatçılığı ilə “Milli
istiqlalın görkəmli nümayəndəsi Məhəmməd
Əmin Rəsulzadə” mövzusunda elmi konfrans keçirilib.
AMEA-dan bildirilib ki, tədbir Azərbaycan Xalq
Cümhuriyyətinin qurucu liderlərindən Məhəmməd
Əmin Rəsulzadənin 140 illiyinə həsr edilib.
Konfransda çıxış edən AMEA-nın
prezidenti akademik İsa Həbibbəyli Azərbaycan tarixində
mühüm rol oynamış şəxsiyyətlərin zəngin
irsinin, onların həyat və
yaradıcılıqlarının dərindən öyrənilməsi,
gələcək nəsillərə ötürülməsinin
ölkəmizdə strateji xətt kimi müəyyənləşdirildiyini
söyləyib.
Rəsulzadənin 140 illiyi haqqında Prezident İlham
Əliyevin sərəncamı ilə bağlı AMEA-da tədbirlər
planının hazırlandığını deyən akademik
qeyd edib ki, Rəsulzadənin müstəqil Azərbaycan
dövlətinin qurulmasında xidmətləri ilə bərabər,
ədəbi yaradıcılığı da diqqətəlayiqdir.
Onun zəngin qaynaqlar əsasında yazdığı “Azərbaycan
şairi Nizami” adlı monoqrafiyası klassik ədəbiyyatımız
haqqında sanballı tədqiqat işi olmaqla yanaşı,
dünya nizamişünaslığının da mühüm
nailiyyətlərindəndir. Rəsulzadənin “Bir türk
milliyyətçisinin Stalinlə ixtilal xatirələri” məqalələr
toplusu tarixi əhəmiyyətə malik qiymətli əsərdir.
Mərhum professor Şirməmməd Hüseynovun Rəsulzadə
irsinin öyrənilməsində və təbliğindəki
xidmətlərini diqqətə çatdıran AMEA-nın
prezidenti görkəmli ictimai-siyasi xadimin zəngin fəaliyyətini
yenidən tədqiqata cəlb etməyin, onun irsini daha dərindən
öyrənməyin önəmini vurğulayıb.
Sonra Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Mühacirət ədəbiyyatı şöbəsinin
baş elmi işçisi Abid Tahirlinin “Məhəmməd
Əmin Rəsulzadənin publisistikasında Azərbaycan Xalq
Cümhuriyyəti qurucuları” mövzusunda məruzəsi dinlənilib.
Professor Nəsiman Yaqublu “Məhəmməd Əmin Rəsulzadənin
mühacirət mətbuatı ilə bağlı fəaliyyəti”,
dosent Mübariz Ağalarlı “Məhəmməd Əmin Rəsulzadənin
dünyagörüşündə etnik tarix və milli kimlik məsələləri”,
dosent Faiq Ələkbərli “Məhəmməd Əmin Rəsulzadə
və Azərbaycan ideyasının fəlsəfi mahiyyəti”,
Şərqşünaslıq İnstitutunun aparıcı elmi
işçisi Əfşan Səfiyeva “Məhəmməd
Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyətinin
İran mərhələsi” mövzularında məruzələrlə
çıxış ediblər.
Mədəniyyət .- 2024.- 31 yanvar (¹8).- S.2.