Tariximizdə, mənəviyyatımızda silinməz iz

 

Yanvarın 30-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Məhəmməd Əmin Rəsulzadə tariximizdə, ədəbiyyatımızda, mənəviyyatımızda” mövzusunda elmi konfrans keçirilib.

Muzeyin direktoru akademik Rafael Hüseynov “Milli düşüncəmizin Məhəmməd Əmin Rəsulzadə səhifəsi” mövzusunda çıxış edib. O, Rəsulzadənin həyat və fəaliyyətindən, istiqlal, azadlıq uğrunda mübarizəsindən, Azərbaycanın ictimai fikir tarixində yeri və rolundan söz açıb. Akademik XIX əsrin sonu – XX yüzilliyin əvvəllərində Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlər yetişdirdiyini və həmin insanların gələcək nəsillərə örnək olacaq mübarizə yolunun hər zaman yaddaşlarda yaşayacağını bildirib: “Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə anadan olub. Dahi bəstəkarlarımız Üzeyir Hacıbəyli, Müslüm Maqomayev 1885-ci ildə dünyaya göz açıb. Azərbaycanın Cümhuriyyət kimi bir sərvəti qazanması uğrunda mübarizə aparan insanların əksəriyyəti təxminən elə həmin dövrdə anadan olub. XX əsrin əvvəllərində onlar gənc idilər, ancaq müdrik düşüncələri ilə milləti daha güclü olmağa səfərbər ediblər”.

R.Hüseynov diqqətə çatdırıb ki, 1918-ci ilin mayında qurulan Cümhuriyyətin hökuməti sentyabr ayında Gəncədən Bakıya köçdü. Milli Hökumətimizin üzvləri o zamanlar “Metropol” adlanan mehmanxanada, indiki Ədəbiyyat Muzeyinin yerləşdiyi binada həm yaşayır, həm də işləyirdilər. Həmin insanların şərəfinə “İstiqlal” adlandırılan bu zalda Azərbaycanın gələcəyi üçün vacib qərarlar verilib, müzakirələr aparılıb. Azərbaycan Hökumətinin ilk çağırışları da buradan eşidilib. Ona görə də bu binada M.Ə.Rəsulzadənin 140 illiyinin qeyd edilməsi tarixin məntiqidir.

Akademik 1918-ci il mayın 28-də Azərbaycanın İstiqlal Bəyannaməsinin elan edilməsini xalqımızın tarixində ən bəxtiyar, mühüm hadisə adlandırıb. Bildirib ki, gənclik illərindən M.Ə.Rəsulzadənin ən böyük amalı insanlara hüriyyət, millətlərə istiqlal idi. Ömrünün sonunadək daim Azərbaycan istiqlalının, Azərbaycan istiqlal düşüncəsinin sönməsinə imkan verməyənlərdən oldu.

Tədbirdə Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Əməkdar rəssam Rais Rəsulzadə atası Azər Rəsulzadə ilə bağlı xatirələrini bölüşüb.

Ədəbiyyat Muzeyinin tərtibatçı-rəssamı Leyla Məmmədovanın təqdimatında muzeyin yeni layihəsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Leyla Məmmədova Məhəmməd Əmin Rəsulzadənin yeni heykəlinin hazırlanması üçün müxtəlif eskizlərini təqdim edib və onlar haqqında ətraflı məlumat verib.

Ədəbiyyat Muzeyinin elmi işçisi Nəcibə Bağırzadə “Məhəmməd Əmin Rəsulzadənin ədəbiyyatla bağlı araşdırmalarında Azərbaycan davası”, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova “Nizami Muzeyinin ekspozisiyasında Cümhuriyyət irsi”, filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayeva “Məhəmməd Əmin Rəsulzadənin repressiya olunmuş doğmaları”, dosent Göyərçin Mustafayeva “Tatar tarixçisi Bulat Sultanbekovun Məhəmməd Əmin Rəsulzadə haqqında araşdırması” mövzularında məruzələrlə çıxış ediblər.

 

***

 

Milli Azərbaycan Tarixi Muzeyində də Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi münasibətilə tədbir təşkil edilib.

Alim və mütəxəssislərin, ali məktəb tələbələrinin iştirak etdikləri tədbirdə muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçilərinin “Məhəmməd Əmin Rəsulzadə Lənkəranda”, “Məhəmməd Əmin Rəsulzadənin yaradıcılığında milli və dini məsələlərə dair” mövzularında məruzələri dinlənilib.

 

Mədəniyyət .- 2024.- 31 yanvar (¹8).- S.2.