100 cildlik “Türk ədəbiyyatının
inciləri”
Özbəkistandan gətirilən kitabların təqdimatı
Ölkəmizdə keçirilən Özbəkistanın
elm və mədəniyyət günləri (23-26 yanvar) çərçivəsində
Beynəlxalq Muğam Mərkəzində 100 cildlik “Türk ədəbiyyatının
inciləri” seriyasından kitabların təqdimatı olub.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2019-cu ildə
imzaladığı sərəncam əsasında nəşr
olunmuş 100 cildliyin 16 cildi Azərbaycan ədəbiyyatını
əhatə edir.
Özbəkistan Yazıçılar Birliyinin sədr
müavini Qeyrət Məcidin aparıcılığı ilə
keçən tədbirdə ilk olaraq bu ölkənin Azərbaycandakı
səfiri Bahrom Aşrafxanov çıxış edib. O,
Özbəkistanla Azərbaycan arasındakı dostluq
münasibətlərindən söz açıb. Qeyd edib ki,
son iki il ərzində dövlət rəhbərlərimiz tərəfindən
yeddi dəfə qarşılıqlı səfərin
gerçəkləşməsi bu münasibətlərin
yüksək səviyyəsini göstərir. Bu müddətdə
ölkələrimiz arasında mədəni-humanitar sahədə
100-dən çox tədbir, o cümlədən ötən
il Azərbaycanda Özbəkistan mədəniyyəti günləri
keçirilib. Özbəkistanın elm və mədəniyyət
günləri də mühüm layihələrin əsasının
qoyulmasına töhfə verəcək.
Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası
sədrinin birinci müavini Akmal Saidov iki qardaş ölkə
arasında siyasi və mədəni əlaqələrin
inkişafından, gənc nəsil arasında təhsil və
mədəni tanıtım baxımından birgə layihələrin
əhəmiyyətindən danışıb.
Özbəkistanlı deputatlar İqbal Mirzə, Oydin
Abdullayeva, Özbəkistanın Xalq yazıçısı
Erkin Azam, Xalq şairi Mahmud Tahir, “Kitab dünyası” qəzetinin
baş redaktoru, şair-publisist Xasiyyət Rüstəm,
şair Gülbahar Səid, Azərbaycan Yazıçılar
Birliyinin sədri Xalq yazıçısı Anar iki ölkə
arasında ədəbi əlaqələrdən söz
açıblar.
Azərbaycanla Özbəkistan arasında mədəniyyət,
ədəbiyyat və təhsil sahəsində əlaqələrin
ən yüksək səviyyədə olduğu, bu istiqamətdə
hər il çoxsaylı tədbirlər və layihələrin
həyata keçirilməsi təqdirəlayiq hal kimi dəyərləndirilib.
Diqqətə çatdırılıb ki, 100 cildlik “Türk ədəbiyyatının
inciləri” seriyasında XI-XXI əsrlərdə
yaşayıb-yaratmış Özbəkistan, Azərbaycan,
Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan
və Macarıstanı əhatə edən 629 şair,
yazıçı və mütəfəkkirin (o cümlədən
183 azərbaycanlı müəllifin) əsərləri yer
alıb. 100 cildlik toplunun hazırlanmasında 200-dən
çox tərcüməçi iştirak edib.
Çıxışçılar layihənin
bütövlükdə türk respublikalarının ədəbiyyatsevərləri
və tədqiqatçıları üçün
mühüm hadisə olduğunu vurğulayaraq nəşrin
soykökü, dili, dini, mədəniyyəti yaxın olan
xalqlarımızı bir-birinə daha da
yaxınlaşdıracağını bildiriblər.
Qeyd olunub ki, 100 cildlik Azərbaycan Milli Kitabxanasına
hədiyyə ediləcək.
Lalə Azəri
Mədəniyyət .- 2024.- 31 yanvar (¹8).- S.3.