Bir kərə yüksələn
bayraq yenə başımızın üstündədir
Yox yerdə dövlət qurub adını tarixə
yazanları minnətdarlıqla yad edirik
31
yanvar Azərbaycanın milli istiqlal tarixinin böyük şəxsiyyəti,
ilk Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadənin
anadan olmasının 140-cı ildönümüdür.
Görkəmli ictimai-siyasi xadimin yubileyi Azərbaycan Prezidenti
İlham Əliyevin 2023-cü il dekabrın 30-da
imzaladığı sərəncamla geniş şəkildə
qeyd olunur, silsilə tədbirlər ilboyu davam edəcək.
Prezidentin
sərəncamında da vurğulandığı kimi, Məhəmməd
Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində
böhranlı geosiyasi şəraitdə Azərbaycanda
müstəqillik idealının gerçəkləşdirilməsi
və milli dövlət quruluşunun dirçəldilməsi
yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətdir.
Onun istiqlal məfkurəsi öz mənbəyini doğma
xalqının çoxəsrlik yaddaşında kök
salmış milli azadlıq düşüncəsindən
alırdı. Məhəmməd Əmin Rəsulzadənin
dövrün salnaməsinə çevrilən parlaq publisistik,
siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın
ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində
mühacirətdə də o, müstəqil Azərbaycan arzusu
ilə yaşadı və mübarizə apardı.
Azərbaycanın
istiqlal və istiqbal düşüncəli
aydınlarının xalqımıza bəxş etdikləri
Cümhuriyyət bu gün təkcə 10 milyonluq vətəndaşlarımıza
deyil, bütün dünyadakı soydaşlarımıza
qürur verən şərəfli tarix salnaməsidir. Yox yerdə
bir dövlət bina edib tarixə adını
yazdıranların hamısını hər zaman minnətdarlıqla
yad edirik.
Cümhuriyyətimiz
o dövrün reallıqları şəraitində cəmi 23
ay ömür sürsə də, tariximizdə silinməz izlər
qoydu. 70 illik sovet ideologiyası onların üstünü
örtsə də...
İyirmi
səkkizində idi Mayısın,
Azərbaycan
istiqlalə ermişdi...
Məhəmməd
Əmin Rəsulzadə Cümhuriyyətin süqutundan illər
sonra nisgilini ifadə edərkən gələcəyə
ümidini də itirməmişdi. 1918-ci ildə səpilən
istiqlal toxumunun bir gün təkrar cücərəcəyinə
inanırdı...
Milli
fikir toxumları səpildi,
İslatdı
torpağı axan qızıl qan.
Bu əkindən
yarınki bir baharda
Əlbət
bitər bir yeni Azərbaycan.
O
deyirdi: “Ey gənclik! Sənin öhdəndə böyük
bir vəzifə var! Səndən əvvəlki nəsil yoxdan
bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı və
onu min müşkülatla yüksəldərək dedi ki, bir
kərə yüksələn bayraq bir daha enməz! Əlbəttə,
sən onun bu ümidini qırmayacaq... bu bayrağı bir daha
o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid
olacaqsan!”.
İllər
ötdü, nəsillər dəyişdi. XX əsrin sonuna
doğru Azərbaycan müstəqilliyini bərpa etdi.
“Biz
Azərbaycanın 1918-ci ildə yaranmış ilk müstəqil
Xalq Cümhuriyyətinin varisiyik. Bu müstəqillik Azərbaycan
xalqının istiqlal arzusu ilə yaşayan vətənpərvər
insanlarına, 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə,
Əlimərdan bəy Topçubaşov, Fətəli xan
Xoyski, Nəsib bəy Yusifbəyli və bir çox
başqalarının yaratdığı Xalq Cümhuriyyətinə
bizim tərəfimizdən, bugünkü nəsillər tərəfindən
ucaldılmış böyük bir abidədir” – müasir Azərbaycan
dövlətinin memarı Heydər Əliyev Cümhuriyyətin
tariximizdəki yerinə qiyməti bu sözlərlə vermişdi.
Cümhuriyyətin
varisi olan Azərbaycan Respublikasının müstəqillik
yolu çətin, məşəqqətli oldu,
torpaqlarımız işğal edildi, ərazimizin beşdə
birində suverenliyimizi itirdik. Amma dövlətimiz
sarsılmadı, tarixə inad ildən-ilə gücləndi və
ötən əsrdən Rəsulzadənin də xitab etdiyi gənclik,
qəhrəman Azərbaycan oğulları onun uğrunda qazi də
oldular, şəhid də...
“Biz
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının
arzularını reallığa çevirdik. Mən tam əminəm
ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin
qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər,
onlar da ölkəmizlə fəxr edərdilər” – Prezident,
Ali Baş Komandan İlham Əliyevin bu sözləri Ordumuzun rəşadəti,
şəhid və qazilərimizin canı-qanı bahasına
qazanılan Zəfərin təntənəsində indi
müstəsna tarixi anlam kəsb edir...
Azərbaycanı
yaşatmaq, şan-şöhrətini yüksəltmək,
qüdrətini daha da artırmaq onun istiqlalının ilk təməlini
atanların da ruhunu şad etmək deməkdir.
Rəsulzadənin
sevimli şairi Əmin Abid Gültəkindən
ömrünün sonunadək fəxrlə qiraət etdiyi bu
misralardakı kimi:
Sən
bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa,
yaşa, çox yaşa, ey şanlı Azərbaycan!
Ruhu
şad olsun! Bir kərə yüksələn bayraq yenə
başımızın üstündədir...
Mədəniyyət .- 2024.- 31 yanvar (¹8).- S.1.