Bölgələrdəki
teatr-tamaşa və konsert müəssisələri
günün tələblərinə cavab verirmi?
Yanvarın 27-də Lənkəran şəhərindəki
Heydər Əliyev Mərkəzində mədəniyyət
naziri Adil Kərimlinin iştirakı ilə regionlardakı
teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə
həsr olunan müşavirə keçirilib.
Müşavirədə nazirliyin məsul əməkdaşları,
regional mədəniyyət idarələrinin rəisləri, Gəncə,
Sumqayıt, Mingəçevir, Lənkəran, Qazax, Şəki,
Ağdam, Füzuli, Qax, Qusar və Salyandan teatr və konsert
müəssisələrinin rəhbərləri iştirak
ediblər.
Nazir çıxış edərək bildirib ki,
Prezident İlham Əliyev tərəfindən paytaxtla
yanaşı, bölgələrimizin də inkişafı diqqətdə
saxlanılır. Ölkə başçısının
müvafiq sərəncamları ilə təsdiq edilmiş
regionların sosial-iqtisadi inkişafı üzrə dövlət
proqramları üzrə bölgələrdə mədəniyyət
təsisatlarının təkmilləşdirilməsi və
inkişafı, xüsusilə region teatrlarının
binalarının təmiri və yenidən qurulması, vətəndaşların
mədəni istirahətinin daha yaxşı təmin
olunması ilə bağlı mütəmadi işlər
görülür.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə Heydər Əliyev Fondu da regionlarda mədəni
quruculuğa böyük töhfələr verir, fondun dəstəyi
və təşkilatçılığı ilə mədəniyyət
sahəsinin inkişafına xidmət edən silsilə layihələr
həyata keçirilir.
Qeyd edilib ki, teatr-tamaşa müəssisələrində
yaradıcılıq potensialının inkişaf etdirilməsinə
xüsusi diqqət yetirilməlidir. Repertuar tərtib edilərkən
nazirlik tərəfindən yaradılmış “Teatr-tamaşa
müəssisələrinin illik repertuarlarının və
dövlət sifarişi əsasında hazırlanan
tamaşaların məzmununun qiymətləndirilməsi
üzrə Ekspert şurası”nın rəyləri nəzərə
alınmalıdır.
Teatrların repertuarı üçün əsərlər
seçilərkən ədəbi nümunələrin
müasirliyi, ideya-bədii cəhətdən mükəmməlliyi,
xalqımızın milli-mənəvi dəyərlərinə
uyğunluğu və maarifləndirici xüsusiyyətlərə
malik olması vacib şərtdir.
Bildirilib ki, teatrlarda Bədii şuraların aktiv fəaliyyəti
təmin olunmalı, marketinq və teatr-sponsor
strategiyasının formalaşdırılması, rəhbərlər
üçün treninqlərin keçirilməsi, dramaturqlarla
əlaqələrin qurulması diqqətdə
saxlanılmalıdır. Gənc yaradıcı kadrların
öz potensiallarını lazımi səviyyədə
nümayiş etdirmələri üçün münbit
şəraitin yaradılması da vacib məsələlərdəndir.
Regionlarda teatr sahəsində kadr problemini aradan qaldırmaq məqsədilə
bir sıra dövlət teatrlarının nəzdində
yaradılmış teatr-studiyalarının fəaliyyətinə
yenidən baxılmalıdır.
Vurğulanıb ki, vətəndaşların,
xüsusilə də, həssas qrupların teatr və konsert
müəssisələrinin xidmətlərindən lazımi
şəkildə istifadəsi məqsədilə inklüziv
layihələr də həyata keçirilməlidir.
Həmçinin bildirilib ki, paytaxtda fəaliyyət
göstərən dövlət teatrlarının və konsert
müəssisələri kollektivlərinin bölgələrə
qastrol səfərləri təşkil olunmalı, onlar da
region sakinlərinin mədəni istirahətinə öz
töhfələrini verməlidirlər.
Qeyd edilib ki, bütün müəssisələrdə
yanğın və texniki təhlükəsizlik qaydalarına
ciddi riayət olunmalı, bununla bağlı əməkdaşlar
davamlı şəkildə təlimatlandırılmalıdır.
Müşavirədə çıxış edən
Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı,
Füzuli Dövlət Dram Teatrının direktoru Vaqif Vəliyev,
Şəki Dövlət Dram Teatrının direktoru vəzifəsini
icra edən Mirbala Səlimli, Lənkəran Dövlət Dram
Teatrının direktoru vəzifəsini icra edən İntiqam
Hacılı, Sumqayıt Dövlət Dram Teatrının
direktor müavini Vidadi Məmmədov, Salyan Dövlət Kukla
Teatrının direktoru Laləzar Hüseynova, Mingəçevir
Dövlət Dram Teatrının direktoru İntiqam Həsənov,
Qax Dövlət Gürcü Dram Teatrının direktoru Zita Xəlilova,
Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd
Hüseynov, Qazax Dövlət Dram Teatrının direktoru vəzifəsini
icra edən Allahverdi Musayev, həmin teatrın baş rejissoru
Musa Eyyubov, Gəncə Dövlət Kukla Teatrının
direktoru Fərmail Paşayev müəssisələrin fəaliyyəti
haqqında məlumat verib, təkliflərini səsləndiriblər.
Mədəniyyət .- 2024.- 31 yanvar (№8).- S.1;4.