Ülvi sənət eşqi –
yarım kəsilən ömür
Ötən əsrin birinci yarısında Azərbaycan
teatr səhnəsində görkəmli sənətkarlar
çalışıb. Onlardan biri də
yaradıcılığının coşqun
çağlarında repressiyaya məruz qalan Əməkdar
artist Ülvi Rəcəb olub. O, milli teatr tariximizin unudulmaz
simalarındandır. Yaratdığı obrazlar
çılğınlığı, incə lirizmi və təbiiliyi
ilə diqqət çəkib.
Ülvi Rəcəb oğlu Şaşıqzadə 9
yanvar 1903-cü ildə Batumi yaxınlığında Canivri kəndində
dünyaya göz açır. Rəcəb bəy
dövrünün açıqfikirli, geniş
dünyagörüşünə malik ziyalılarından
olub. Oğlunu da elmli-savadlı görmək istəyir. Onu təhsil
almaq üçün İstanbula – xalasının yanına
göndərir. Lakin atasının vaxtsız vəfatı
Ülvinin arzularını yarımçıq qoyur. Maddi
çətinlik, güzəran onu təhsildən
ayırır. Bir müddət İstanbulda qalır,
çörəkpulu üçün ağır zəhmətlərə
qatlaşır.
1918-ci ildə Ülvi Batumi şəhərinə
qayıdır. Teatr kollektivlərinə yaxınlaşır və
sənətə maraq göstərir. Həmin vaxtlarda
Hüseyn Ərəblinski öz truppası ilə Batumiyə gəlir.
Truppa “Otello” tamaşasını göstərir. Ülvi Rəcəb
də həmin tamaşaya baxır. Hüseyn Ərəblinskinin
yaratdığı Otello obrazına heyran qalır. Tamaşadan
sonra sakitcə Hüseyn Ərəblinskiyə
yaxınlaşır. Ona qəlbində boy atan arzularından
danışır, aktyor olmaq istədiyini bildirir. İş elə
gətirir ki, qastrola gələn truppa üzvlərindən biri
xəstələnir. Ülvi Rəcəb həmin aktyorun əvəzinə
bir epizodik rolda səhnəyə çıxır. Ona
tapşırılan işin öhdəsindən bacarıqla gəlir.
Bu, Hüseyn Ərəblinskini məmnun edir. O, gənc
Ülvini ürəkləndirərək, “sən gələcəkdə
böyük aktyor olacaqsan”, – deyir.
Beləliklə, gənc Ülvi sənətdə
addımlarını atır. Bir müddət sonra Tiflisdəki
Azərbaycan teatrının aktyorlarından biri kimi
tanınır.
Araşdırmalarda qeyd edilir ki, Tiflis Azərbaycan
teatrının baş rejissoru Aleksandr Tuqanov 1924-cü ildə
Bakıya dəvət edilir. İndiki Akademik Milli Dram Teatra
baş rejissor təyin ediləndən az sonra Ülvi Rəcəbi
də Bakıya çağırır. O, qısa vaxt ərzində
istedadlı gənc kimi kollektivin sevimlisi olur. O, əvvəl-əvvəl
Abbas Mirzə Şərifzadənin dublyoru kimi tamaşalarda
çıxış edir. Tədricən truppada aparıcı
aktyor kimi yerini tapır.
A.Tuqanov Ülvi Rəcəbin yaradıcılıq
potensialına yaxşı bələd olduğu
üçün onu həmişə baş rollarda görmək
istəyib. O, teatrda Otello (“Otello”), Frans (“Qaçaqlar”), Dərviş (“Şeyx Sənan”), İxtiyar
(“İblis”), Soltan bəy (“Arşın mal alan”) və başqa
rollarda çıxış edib.
Sənətşünaslıq doktoru, professor İlham
Rəhimli unudulmaz aktyor haqda yazır: “Milli teatr tariximizdə
Şeyx Sənanı incə lirizmlə oynayan ilk aktyor Ülvi
Rəcəb olub. Tiflis Teatrından başlanan bu ənənəni
Ülvi Rəcəb 1925-ci ildən 1937-ci ilə qədər
Milli Dram Teatrının səhnəsində müxtəlif
quruluşlarda daha böyük sənətkar vüsəti ilə
canlandırıb”.
Ü.Rəcəb eyni zamanda Bakı Türk
İşçi Teatrının hazırladığı
tamaşalarda da yaxından iştirak edir. Cəfər
Cabbarlının “Sevil” tamaşasında yaratdığı
Balaş rolu tamaşaçılar tərəfindən maraqla
qarşılanıb. Bu rolda onun tərəf-müqabili Azərbaycan
teatrının məşhur aktrisası Mərziyyə Davudova
olub. Fatma Qədri ilə də işləyən Ülvi Rəcəb
yaratdığı obrazların parlaqlığı ilə təkcə
tamaşaçıların deyil, həmkarlarının da
hörmətini qazanır. 1933-cü ildə onun teatr sənətindəki
xidmətləri yüksək qiymətləndirilir. “Əməkdar
artist” fəxri adını alır.
Repressiya dövrünün qara yelləri əsdiyi bir
vaxtlarda “Kommunist” qəzetinin 30 sentyabr 1937-ci il tarixli
sayında Azərbaycan Dövlət Dram Teatrı haqqında
bir məqalə dərc edilir. Yazının müəllifi isə
göstərilmir. Hədəf isə bu idi: “Azərbaycan
Dövlət Dram Teatrını burjua nasionalistlərinin əlaltılarından
təmizləməli”. Ardınca həmin düşmənlərin
siyahısı verilir. Onlardan biri də Ülvi Rəcəb
olur. Onun haqqında belə yazılır:
“Yaradıcılığı bir qəpiyə dəyməyən
bu adam respublikanın Əməkdar artisti kimi şərəfli
bir ada “nail” olmuşdur. O, xalq düşmənləri R.Axundov,
Ə.Triniç, H.Nəzərli ilə sıx əlaqə
saxlamış, xarici reaksion qəzetlər oxumuş, patefonda
xarici plastinkalar çaldırmış, məişətcə
pozulmuş, səhnəmizi Osmanlı, ərəb və fars
sözləri ilə zibilləməyə
çalışmış gənc kadrların
inkişafına mane olmuşdur”.
Bu iyrənc sözlərdən sonra Mirzəağa
Əliyev, D.Saraplı, Möhsün Sənani, Fatma Qədri,
Şəmsi Bədəlbəyli, R.Səidov və başqa
tanınmış sənətkarların adları gəlir ki,
onları da “xalq düşməni” damğası ilə,
keçmiş xan və bəylərin əlaltıları
kimi təqdim edirdilər...
Bundan sonra Ülvi Rəcəbin həyatında acı
rüzgarlar əsir. O, 1937-ci ilin payızında həbs edilir.
1938-ci ilin yanvarında isə Bakıda güllələnir...
S.Fərəcov
Mədəniyyət .- 2024.- 12 yanvar(¹3).-S.7.