“Xalq şairi Nəbi
Xəzri mənə yaradıcılıq xeyir-duası
vermişdi...”
Hər bir insanın həyata baxış
bucağı fərqlidir. Şair və yazıçılar
da həyata tamam ayrı bir pəncərədən
baxırlar. Hadisə və faktları obrazlı şəkildə
ifadə edən qələm adamları insanın estetik
zövqünü cilalayır, onun mənəvi-əxlaqi
baxımdan yetkinləşməsində,
dünyagörüşünün zənginləşməsində
rol oynayırlar.
Ötən il başlatdığımız “Mədəniyyətə
könül verənlər” rubrikasını davam etdiririk. Bu dəfə
şair, kitabxanaçı Nübar Eldarqızı (Fərəcova)
haqqında söz açacağıq.
Nübar Fərəcova 1959-cu il dekabrın 10-da
Sabirabad rayonunun Axtaçı kəndində anadan olub.
Bakı şəhərində fəaliyyət göstərən
N.K.Krupskaya adına Kitabxanaçılıq Texnikumunu bitirib.
1977-ci ildə Sabirabad rayonu Şıxsalahlı kənd
kitabxanasında əmək fəaliyyətinə
başlayıb. Daha sonra indiki Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində mədəni-maarif
işinin təşkilatçı metodisti ixtisası üzrə
təhsil alıb. Hazırda Sabirabad rayonu Şıxsalahlı
kənd kitabxanasının müdiri vəzifəsində
çalışır.
Müsahibim kitabı, kitab oxumağı sevdiyi
üçün bu sahədə işlədiyini söyləyir:
“Uzun illərdir ki, kitabxanamızda oxuculara kitabı sevdirməyə
çalışırıq. Hazırda kitabxanamızda 10 minə
nüsxəyə yaxın kitab var. Oxucularımızın
sayı 550 nəfərdir”.
Nübar xanım kitabxana sahəsində
çalışmaqla yanaşı, uzun illərdir istedadlı
qələm sahibi, şair kimi də tanınır. 2023-cü
ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü
olan müsahibim hələ orta məktəbdə oxuduğu
dövrdən yaradıcılığa maraq göstərib, ədəbi-bədii
gecələrdə, müsabiqələrdə iştirak edib.
İlk şeirini dördüncü sinifdə oxuyanda qələmə
alıb: “Orta məktəbdə oxuyanda Əhməd Əliyev
adlı müəllimimiz vardı. İlk şeirimi ona həsr
eləmişdim. Dərc olunan birinci şeirim isə Vətən
haqqında idi. 1977-ci ildə işıq üzü
görüb”.
Xalq şairi Nəbi Xəzri ona yaradıcılıq
xeyir-duası verib: “Şeirlərimi Nəbi müəllimə
göndərib fikrini soruşdum. O isə Azərbaycan Radiosunda
haqqında gedən bir verilişdə şeirimdən misal
çəkərək məni təriflədi. Bəlkə də
bu, mənim yaradıcılıqla bağlı tərəddüdlərimə
son qoydu. ADMİU-da təhsil alarkən tələbə
yoldaşım şair Fikrət Şahbazlının təkidi
ilə Məmməd İsmayılın
başçılıq etdiyi respublika gənclərinin ədəbi
birliyinin məşğələlərinə getdik. O gün,
demək olar ki, oradakı hər kəs şeirlərim
haqqında çox gözəl fikirlər söylədilər.
Bundan sonra “Gənclik”, “Ulduz”, “Azərbaycan” və digər
jurnallarda, o dövrün aparıcı qəzetlərinin, demək
olar ki, əksəriyyətində şeirlərim dərc
edilirdi. “Dünyaya misra-misra baxıram” adlı televiziya
verilişində haqqında söz açılan üç
gənc şairdən biri də mən idim...”.
Şairin “Məni sevməsəniz” adlı ilk şeirlər
kitabı 2003-cü ildə işıq üzü
görüb. Həm dövri mətbuatda nəşr olunan
yazıları, həm də kitabı haqqında ədəbi
mühitin tanınmış imzaları öz rəylərini
bildiriblər. Filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu Ədəbi tənqid
şöbəsinin müdiri Vaqif Yusifli “Yollar hara aparır” və
“Qayıdış” adlı yazılarında, “Bu şəkil
ona bənzəyir” adlı xülasədə Nübar
xanımın yaradıcılığı haqqında fikirlərini
söyləyib. Bundan başqa, şair, ədəbiyyatşünas
Sərvaz Hüseynoğlu, şair Sabir Sarvan, şair-publisist,
“Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli və
başqaları da şairin yaradıcılığı
haqqında yüksək fikirlər söyləyiblər.
2004-cü ildə Nübar xanımın sayca ikinci
kitabı çap olunub. Müəllif kitab haqqında deyir:
“Yaşadığım kənddə Seyid Həşim ağa
adlı yaxşı bir qonşumuz vardı. Əsl el
ağsaqqalı, bir sözü ilə küsülüləri
barışdıran, örnək ailə
başçısı. 2004-cü ildə onun haqqında
publisistik bir kitab yazdım. Kitab sonradan bir neçə dəfə
nəşr olundu”.
Bu kitabdan sonra müəllifin
yaradıcılığında bir müddət fasilə
yaranır. Səbəbini isə özü belə ifadə
edir: “Düzdür, yaradıcılıq təbi olurdu, amma
yazmırdım, mahnı kimi iş görə-görə
öz-özümə oxuyurdum. Çünki iş, ailə-uşaq
qayğıları imkan vermirdi. Düşünürəm ki,
qadın yazarlar üçün yazıb-yaratmaq, doğrudan
da, əsl fədakarlıq istəyir. 2020-ci il sentyabrın 27-də
başlanan 44 günlük Vətən müharibəsi məni
yenidən yazmağa “məcbur” elədi. Xeyli sayda vətənpərvərlik
ruhunda şeirlər qələmə aldım. Ölkəmizin
bir sıra mətbuat orqanlarında, eləcə də
“Krımın səsi” qəzetində və saytlarda şeirlərim
işıqlandırıldı”.
Nübar xanım şeirlərində özünəməxsus,
zəngin deyim-duyum nümayiş etdirir. 2021-ci ildə onun
“Letargiya yuxusu” adlı sayca 3-cü kitabı işıq
üzü görüb. Poemadan aşağıdakı misralara
diqqət yetirək:
Nə oldu, ay dərdiş, yaman boğuldun,
Qosqoca dünyanın başı çiynində.
Sənə nə olmuşdu, şair doğuldun,
İndi gəl cənazə daşı çiynində...
Müəllif şairliyin böyük məsuliyyətini
qeyd edir, dünyanın dərd-qəmini daşımağa “məhkum
olduğunu” bildirir.
Gələcək fəaliyyəti haqqında məlumat
verən müsahibim yeni şeirlərdən ibarət kitab
çap etdirməyi düşündüyünü deyir. Biz
də ona işlərində və yaradıcılıq yolunda
uğurlar arzulayırıq.
Nurəddin
Mədəniyyət .- 2024.- 12 yanvar (¹3).-S.4.