“Peşəmin zirvəsində olanda kinodan getdim”

 

“Ad günü” filminin nisgili hələ də məni tərk eləmir...”

 

O, dekabrın son günü – 31-də doğulub. Elə görüşümüz, söhbətimiz də ilin son günlərinə təsadüf etdi. 75 yaşını illərin yolayrıcında qeyd edən, səssiz-səmirsiz adam təsiri bağışlayan Əməkdar incəsənət xadimi, kinooperator və fotoqraf  Rafiq Qəmbərov. Deyəsən, müsahibə verməklə heç arası yoxdur. Amma biz cəhd elədik...

– Rafiq müəllim, bildiyimə görə, əsl adınız Rəfaeldir. Necə “Rafiq” oldunuz? Bir də niyə müsahibə verməyi sevmirsiniz?

– Mən “Rafiq”ə daha çox öyrəşmişəm. Bilirsiniz də, kino adamları bir-birinin adını ya ixtisarla, ya da hansısa ayama ilə çəkirlər. Rəhmətlik Rasim Ocaqov mənə “Rafiq” deyirdi. Belə də qaldı, doğmalaşdı. Müsahibələrə gəlincə, mənə elə gəlir ki, eyni şeyləri söyləmək heç kimə maraqlı deyil.

– Rasim Ocaqovun beş bədii filmində işləmisiniz. O özü də rejissorluğa operatorluqdan gəlmişdi. Tanışlığınız nə vaxta gedib çıxır?

– Bu suala cavabı uzaqdan “götürəcəm”. 1970-ci ilin yazı idi. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun 4-cü kursunda təhsil alırdım. Bir gün dedilər ki, Eldar Quliyev ilk bədii filmi olan “Bir cənub şəhərində”ni öz ustadı, dünyaşöhrətli Sergey Gerasimova göstərəcək. Həmin nümayiş üçün müxtəlif fakültələrdə oxuyan azərbaycanlılara da icazə verdilər ki, müzakirədə iştirak etsinlər. “Bir cənub şəhərində”yə baxdıq. Ön cərgədə Eldar müəllim və Gerasimov oturmuşdu. Film bitən kimi biz azərbaycanlılar böyük alqış qopardıq. Sonra Gerasimov üzünü Eldar Quliyevə tutub dedi: “Sən super, əla film çəkmisən. Amma bil ki, bu filmin taleyi çox çətin olacaq. Peşəkar rejissor kimi sənə bir qeydim var: sən bu filmdə üç final yaratmısan. Yəni bir final edə bilməmisən. Filmin üç yozum finalı var. Amma filminin ən böyük uğuru yüksək səviyyəli operator işidir”. Filmin quruluşu operatoru Rasim Ocaqov idi.

Həqiqətən, filmin taleyi ağır oldu, bir müddət ekrana buraxılmadı. Sonra rəhmətlik Heydər Əliyevin müdaxiləsi ilə filmin taleyi dəyişdi.

Yeri gəlmişkən deyim ki, Rasim Ocaqovun yaradıcılıq tərcümeyi-halında quruluşçu operator kimi hamısı da bir-birindən gözəl, maraqlı və fərqli 10-dan çox film var. Amma “Bir cənub şəhərində” filminin məxsusi yeri var.

– Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsilinizdən söz açdınız. Bu təhsil ocağına düşmək çətin idi?

– Mən qəbul olunan il bir yerə 47 nəfər sənəd vermişdi. Mən uşaqlıqdan fotoqrafiyaya maraq göstərirdim. Keçmiş Pionerlər sarayında 11 il bu sənət üzrə bilik almışdım. Arzumun arxasınca üz tutdum Moskvaya. Rəhmətlik atam böyük bacımı da mənə qoşdu və az miqdarda pul verdi. Şərti də kəskin oldu: qəbul olunmasan, Moskva arzuna son qoy. Sənədlərimi, qəbul üçün hazırladığım 30 ədəd müəllif fotomu da qoltuğuma vurub yol aldım  müsabiqəyə. Qızmar yay günü idi. Özümü Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə yetirdim. Bakıdan gəldiyimi, burada təhsil almaq arzumu və çoxdan hazırladığım mətnimi oxuyub nəzarətçi xanımın üzünə baxdım. O və yanındakı bir neçə nəfər gülüşdülər. Pərt olsam da, özümü o yerə qoymadım. Gülüb qurtaran xanım, “Ay cavan oğlan, bu il qəbul yoxdur” deyəndə elə bildim dünya başıma fırlanır. Sən demə, qəbul 4 ildən bir imiş.

Kor-peşman geri dönəndə köşkdən bir neçə qəzet aldım. Birdən gözüm qəzetlərdən birindəki elana sataşdı: “Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda yaradıcı yarışmaya foto qəbulu davam edir”. Ertəsi gün institutu tapdım. Ağlıma da gəlməz ki, şənbə günü orada kimsə olmaz. Üstəlik, iyun ayının 23-ü, müsabiqənin son günüdür. Böyük foyedə tək dayanmışam. Bir kimsə yoxdur ki, nəsə soruşam. Enli pilləkənlərdən ucaboy, yaraşıqlı, mavi kostyumlu bir kişinin endiyini gördüm. Məndən nə istədiyimi soruşanda qısa əhvalatımı danışdım. Qəşş elədi. Dedi, yaxşı, gedək şəkillərinə baxım. Düşdüm arxasınca. Böyük masada üz-üzə oturduq, şəkillərimə baxır, mənə suallar verirdi. Peşəkar, sənətin incəliklərinə varan suallarına dilim topuq vura-vura cavab verməyə çalışıram. Yadımdadır, “Yəqin, bura qəbul olunmaq sənin qismətindir” deyib divarı döyəclədi. Gənc bir qız içəri daxil oldu. Ona “Bu cavan oğlanı otağa apar, anketi doldursun, tez gətir qol çəkim. “Mosfilm”ə getməliyəm. Tələsək, bu gənci imtahana buraxıram” deyəndə gözlərimdə yaş gilələndi. Qız otaqda mənə “Bilirsən o kimdir” sualını verdi. Çiyinlərimi çəkəndə dedi məşhur kinooperator Leonid Kosmatovdur. Təsadüflərlə dolu həyatımda bu da növbəti unudulmaz təsadüf oldu və mən o böyük sənətkarın kursuna düşdüm. Elə bil mənə dünyanı verdilər...

– Heç operator olmaq istəmişdiniz?

– Doğrusu, yox, istəməmişdim. Amma tale elə gətirdi ki, ömrümü bu sahəyə həsr elədim. Taleyimdən narazı deyiləm. Bilirsiniz, təsvirin müəllifi operatordur. O çalışır ki, ssenarinin, rejissorun fikrinin dramaturgiyaya uyğun vizual həllini tapsın. Təbii ki, onu rejissor və quruluşçu rəssamla da razılaşdırır. Bayaqkı fikrimə qayıdıram. Rasim Ocaqov “Bir cənub şəhərində” filmində operator sənətinin incəliklərindən xüsusi ustalıqla istifadə edib, çox gözəl bir təsvir dünyası yaradıb... “Azərbaycanfilm”in direktoru, böyük sənətkarımız Adil İsgəndərov onun da sənət yoluna işıq salmışdı. “Qatır Məmməd” filmi çəkilən zaman rejissor işi bəyənilməmiş, yarımçıq qalmışdı. Rəhbərlik Rasimi çağırır. Tələbi də belə olur: film üçün ayrılan vəsait xərclənib, təhvil vaxtına da az qalıb. Götür, çək. Rasim Ocaqov qısa müddətdə az büdcə ilə əsl imtahan verdi və işin öhdəsindən gəldi. Sonra da uğurlu filmləri bir-birini əvəzlədi. “Ad günü” filmini çəkəndə məni operator kimi dəvət etmişdi. Təəssüf ki, mən həmin dövrdə başqa filmdə məşğul olduğum üçün birgə çalışa bilmədik.

– Təəssüf hissiniz hələ də keçməyib...

– “Təəssüf” də sözdür?! Hələ də ürəyim qubar edir. O filmin təqdimatı 1977-ci ilin dekabrında Kino evində oldu. O zaman Kino evi indiki Hökumət evinin binasında yerləşirdi. Nümayişdən sonra həmkarlarımız filmi alqışlayıb geniş müzakirə etdilər. Mən Rasim müəllimə yaxınlaşmadım, gücüm çatmadı. Çox pərt olmuşdum. Qəhər məni boğurdu. Kino evindən “Azneft” meydanına qədər piyada gəldim. Meydandakı saata baxanda gecə 12-nin yarısını göstərirdi. Bərk də sazaq idi. Onda ayıldım ki, ətrafdakılar diqqətlə mənə baxırlar. Mən də heç nəyin fərqində olmadan hönkürtü ilə ağlayıram. Aradan uzun illər keçsə də, o filmin nisgili məni tərk eləmir.

– Amma onunla ilk işiniz – “İstintaq” filmi uğurlu alındı...

– Kinostudiyanın qaynar günlərindən biri idi. Dedilər Rasim müəllim səni çağırır. Bu çağırışı eşidəndə sevindim. Bildim ki, nəsə təklifi var. Dialoqumuz qısa oldu və əlindəki qovluğu mənə uzadıb amiranə səslə “Al oxu, xoşuna gəlsə, çəkək”. Bu, “İstintaq” filminin ssenarisi idi...

– Deyirlər, Rasim Ocaqov operatora işıq-kölgə həllində çox da imkan verməyib. Sizcə, operatorun işi filmdə qabarıq görünməlidir, yoxsa ümumi həllin içində əriməlidir?

– Ümumi həllin içində əriməlidir. Əgər mənim sənətimdə nə isə nəzərəçarpacaq iş görünürsə, deməli, təbii alınmayıb. Kompozisiya hekayəni birlikdə çatdırmalıdır. Mən onunla tanış olandan sonuncu – “Həm ziyarət, həm ticarət” filminədək fasilələrlə 18 il işləmişəm. İlk gündən onu həmişə ustad kimi qəbul etmişəm və hər şeyi məsləhətləşmişəm. Mizan-kadrdan işıq həllinə qədər hər xırdalıqda son dərəcə peşəkar, məsləhətdə səxavətli idi.

– Bu mənada, peşəkarla işləmək rahatdır, yoxsa çətin?

– Həm rahat, həm də çətin. Axı peşəkardır, nə etdiyini bilir. Peşəkara işi bəyəndirmək də çətindir. İşlədiyimiz o uzun müddətdə bir dəfə də incikliyimiz olmadı. Nə də mən səhv etmədim. Ona daim minnətdaram, yeri behişt olsun.

– Sizcə, Azərbaycan kinosunda təsvir həllində sadə forma üstünlük təşkil edir? Elədirsə, bu nədəndir: rejissorlarımız cəsarətsizdir, yoxsa kinoda daha çox aktyora, sözə fikir verirlər?

– Rasim müəllimlə son filmimiz “Həm ziyarət, həm ticarət”dir. 1992-ci ildir, studiya da sovetlər kimi dağılıb, iş, qazanc yoxdur. Hər şey alt-üst olub. Onda 43 yaşım vardı. Dördnəfərlik ailə və ehtiyac burulğanı. Yeganə sənətim də operatorluqdur. Düzdür, foto sənəti ilə də məşğul olurdum. Amma əsas işim, iş yerim kino, kinostudiya idi. Bizim bütün qazancımız filmlə bağlı idi deyə, çəkmirdinsə, maaş da almırdın. Bu ağır zamanda Rasim müəllim məni çağırdı: “Gəl, filmə başlayıram”. Sevindim, amma  tərəddüdlərim də yox deyildi.  Çünki ikincidərəcəli texniki işçilər əsasən qeyri-azərbaycanlılar idi və çoxu çıxıb getmişdi. Dedim, bu şəraitlə filmi necə çəkək? “Yarım ilini sərf elə, bu filmi çəkək, sonrasına baxarıq” dedi. Elə oldu ki, bu film sponsor hesabına başa gəldi, çəkilişlər də 6 ay yox, üç il vaxt aldı. Bəzi səhnələri Türkiyədə çəkdik. Bilirsiniz necə əzablı idi? Bir dənə “Ariflex” deyilən alman istehsalı kameramız var, bir dənə də kiçik işığımız. 26 kiloqram çəkisi olan kameranı çiynimdə saxlayıram. Ştativim belə yoxdur. Nə isə, çəkdik, təhvil verdik. 1995-ci ilin avqustu idi. İçəri keçib Rasim müəllimdən icazə istədim. Ali dərəcəli operator, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, təcrübəli operatoram. Yəni karyeramın ən yaxşı məqamındayam. Amma... Emosional ruhda “Rasim müəllim, qərarımı vermişəm, bir də film çəkməyəcəm” dedim və başımı aşağı saldım. Onun niyə sualına uzun cavab verdim, son işimizin əzablarını sadaladım. Təsdiqlədi. Hətta öz işimdən narazı qaldığımı da etiraf etdim. Burada günahımın olmadığı, yəni şəraitsizliyin səbəb olduğu vəziyyətdə də özümü günahkar saydım...

– Yaxşı bəraət saymaq olar, amma kinodan üz döndərmək...

– O lap ağır mövzudur, gəl, oralara getməyək (qəhərlənir).

 Ustad rejissor sizdən asan vaz keçdi?

– Uzun-uzadı mənə baxdı və dedi “Ay Rafiq, axı sən mənə “Rasim müəllim, studiyaya gəlmədiyim gün öləcəm” demisən. İndi, bu necə olacaq?” deyəndə “Bəli, elə də olacaq” dedim və qərarımda qəti olduğumu təkrar-təkrar dilə gətirdim. Nəhayət, ustad mənimlə razılaşdı, qərarıma hörmət elədiyini dedi və...

– Siz kinostudiyadan getdiniz. Çətin oldu yəqin.

– Həm də necə. Amma qərarımı vermişdim. Kinostudiyanın rəhbərliyinin otağına gedib ərizəmi yazdım. O an çox mənfi bir hal yaşandı ki, bunu heç vaxt unutmaram. Kinostudiyanın direktoru Ramiz Fətəliyev idi. Deputat idi deyə studiyaya az-az gəlirdi. Studiya da başlı-başına qalmış, sanki xarabaya dönmüşdü.

– Bu sualım sizi incidə bilər, anlayıram. Amma soruşmaya bilmərəm: sizcə, milli kinonun çətin vəziyyətində onu atıb getməyiniz xəyanət deyildi?

– Mən kinoya yox, özümə xəyanət, pislik elədim. İşsiz qaldım, özümdən, keçmişimdən, amalımdan, sənət dünyamdan qopdum. Artıq peşəmdə zirvədə idim. Təcrübəm, yaxşı filmlərim vardı. Təkcə 16 bədii filmdə ən yaxşı rejissorlar, necə deyərlər, qaymaqlarla işləmişdim. Amma qərarım qəti idi, getməliydim. O məqamda da Rasim müəllim “Otel otağı” filmində işləmək təklifi etdi, məni yolumdan döndərməyə çalışdı. Üstəlik, qonşum, işimə bələd olan Eldar Quliyev də mənə film təklif elədi. Hər ikisinə yox deməyə vadar oldum. Sözsüz ki, bir səbəb də kinostudiya rəhbərliyinin mənə naxoş münasibəti idi...

– Və siz kinonu fotoqrafiyaya dəyişdiniz.

– Demək istəyirsiniz ki, səhv elədim?

– Yox, bu sizin qərarınızdır. Uzun illər Milli Məclisin fotoqrafı oldunuz.

– Bəli. Mərhum spiker Murtuz Ələsgərovu çoxdan tanıyırdım, diqqətli insan idi. O zaman ölkəyə xarici şirkətlərin axını vardı. Mən də müstəqil olaraq onlarla işləyir və qonorar alırdım. Murtuz müəllim də məni o tədbirlərin birində gördü və çağırdı.  Milli Məclisdə mükəmməl bir studiya quruldu, arxiv yığıldı. Durmadan işlədim və bir də başımı qaldıranda gördüm ki, 16 il keçib.

– Gələk ağır dönəmdən keçən müasir kinomuza...

– Kim ki, bu ərəfədə film çəkir, kinoya baş qoşur, o, qəhrəmandır. 3-4 film var, onlara baxanda özümə toxtaqlıq verə bilirəm.

– Maraqlıdır, hansılardır?

– Məsələn, “Çölçü”, “Haray”, “Buta”, “Nabat” və s. Hansı enerji ilə onları çəkiblər, bilmirəm. Amma yaxşı filmlərdir. Təəssüf ki, indi elə bil, proses getmir. Kinonun mövcudluğu üçün baza olmalıdır. Kino sahəsində dünya səviyyəsində işləməyə mütəxəssislər hazırlamamışıq. Dünya praktikasını bilən, Rusiyada, başqa ölkələrdə kino təhsili alan nəsil də artıq qocalıb, çoxu dünyadan köçüb. Gənclər isə, demək olar ki, ortada yoxdurlar. Axı maddi-texniki baza da yoxdur. Baza da, onunla işləyən kadrlar da paralel yetişməli idi...

– Bir kadr minimum 5 ilə hazırlanır. Üstəlik, maddi-texniki baza da külli miqdarda dövlət vəsaiti deməkdir. Amma bu müddətdə proses də getməlidir axı.

– Bəli. Dünyanın varlı ölkələrinin bir çoxunun kinostudiyası yoxdur. Götürək Danimarkanı, İsveçrəni. Onlar dünya səviyyəli studiya qurmağa pul-para sərf etmədilər. Əvəzində yaxşı kadrlar hazırladılar. Lazım olduqca kinostudiya icarəyə götürür və filmlərini orada çəkirlər. Yəni kinosuz qalmırlar. Bizdə də hələlik bu variantı sınamaq olar. Kino ilə bağlı onda da, indi də, sadəcə, müzakirələr, təkliflər, ağlabatan və batmayan ideyalar meydana atılır. Görək də...

– İndi nə ilə məşğulunuz?

– “Azərbaycan kinosunun kinooperator məktəbi” adlı kitab hazırlamışam, hazırda redaktədədir. Orada bütün operatorlar var. Bu mənim borcumdur. Çünki onlar mənim sənətimin bünövrəsini qoyublar.

– Görmədiklərinizi saymasaq, dövrünüzün ən görkəmli operatoru kimdir sizcə?

– Rasim İsmayılov. O bizim kinomuzun operator kimi kralıdır. Təkcə “Nizami” filmini götürsək, bəsdir. Hollivud operatorlarından bəzi məqamlarda çox-çox üstün peşəkarlığı, ustalığı vardı. Təəssüf ki, həyat yoldaşı, uzun illər kinostudiyada baş redaktor olan Nadejda xanım onu yolundan döndərib rejissor olmağa vadar elədi.

– Görəsən, niyə?

– Bir var rejissor arvadı olsan, bir də var operator (gülürük).

– Yadıma “Bəyin oğurlanması” filmindəki “Gül kimi operatorsan, rejissor olmaq istəyirsən. Görürsən də biz nə çəkirik” sözləri düşdü...

– Hə, hə, “Elə səən kimilərdi də bizim qabağımızı kəsən”i deyirsinizsə, yox, qabağımızı kəsən olmadı (gülür). Amma, necə deyərlər, daş düşdüyü yerdə ağırdır. Rasimin məzar daşında yazılıb: “Rejissor Rasim İsmayılov”. Operator yox ha, rejissor. Nə isə, Allah rəhmət eləsin.

– O zaman belə bir sual da verim: Azərbaycan rejissorlarının operatorla iş prinsiplərində zəif cəhətləri hansıdır?

– Yaxşı sualdır, amma dolayı cavab verəcəm. Məncə, sənət də ailə kimidir. İşlədiyin adamlara sevgin, bağlılığın, səmimiyyətin olmalıdır. Düzdür, peşəkar öncə öz işinə fokuslanır, onu ən yüksək səviyyədə icra etməyə çalışır. Amma daxildən gələn sevgi, məhəbbət başqadır. İcra eləməklə işi görmək eyni, həm də fərqli şeylərdir. Rejissorla operator mütləq bir-birinə hörmətlə bağlanmalı, etibar, etimad göstərməlidir. Bunun əksi çətindir.

– Siz həm də uzun illərdir foto sənətindən dərs deyirsiniz, həm də dərslik müəllifisiniz. Yeni nəsil operatorlar yetişirmi?

– 20 ildən artıqdır ki, pedaqoq kimi də çalışıram. Hazırkı 7 nəfərlik qrupun hamısından çox razıyam. Onlar bala görə hansısa məqamda təhsildən kənarda qalmamaq üçün yox, sırf operator olmaq üçün seçiblər bu peşəni və sevə-sevə də öyrənirlər.

 

Söhbətləşdi: Həmidə Nizamiqızı

Mədəniyyət .- 2024.- 12 yanvar(¹3).-S.6.