Gəlməyəcək
qatarı gözləmək kimi...
Heç vaxt gəlməyən, gəlməyəcək,
nə bilmək olar, bəlkə də gələcək
qatarı bu dəfə “Yuğ”çular “gözləyirlər”.
Bəli, Yuğ Dövlət Teatrında türkiyəli
dramaturq, məşhur beyin cərrahı Toyqun Orbayın Azərbaycan
teatr cameəsinə yaxşı tanış olan “21:15
qatarı” tamaşasının məşqləri gedir.
Səhnə əsərini teatrın baş rejissoru,
maraqlı quruluşları ilə bundan əvvəl də
öz yaradıcılıq imkanlarını ustalıqla
nümayiş etdirən Mikayıl Mikayılov
hazırlayır.
Rolları Xalq artisti Məmmədsəfa Qasımov
(Kişi sərnişin), Əməkdar artistlər Gülzar
Qurbanova (Qadın sərnişin), Fərhad İsrafilov və
Sonaxanım Mikayılova (Vağzal bələdçisi) ifa edəcəklər.
Tamaşanın quruluşçu rəssamı Mustafa
Mustafayev, rejissor assistenti isə Günel Səfərovadır.
Müəllifin bu birpərdəli pyesi 2002-ci ildə qələmə
alınıb və Türkiyə daxil olmaqla bir neçə
ölkənin teatr səhnəsində fərqli yozumlarda sənət
ömrü yaşayıb.
Bizdə bundan öncə Akademik Milli və Şəki
Dövlət Dram teatrlarında tamaşaya qoyulan əsərə
özünəməxsus poetikası olan “Yuğ”da necə
baxılacağını ilk olaraq özüm üçün
ayırd etməkdən ötrü məşq prosesini izləmək
qərarına gəldim.
Öncə onu deyim ki, məşq prosesi xoş, dinc təəssürat
yaratdı və bir anlıq da olsa, bizi yarıqaranlıq,
kiçik zaldakı cansıxıcı söhbət
ortamından (pyesdə yetəri qədər ağır həqiqətlər
dönə-dönə ifadə olunur deyə) alıb xəfif
mehin müşayiətində xəzəllərin
xışıltısında “gəzintiyə aparır”. Bu qədər
poetik təəssüratın bir səbəbi də,
sözsüz ki, Məmmədsəfa – Gülzar
cütlüyünün gəlməyəcəyini bildikləri
qatar üçün keçirdikləri intizarlı gözlənti
və bunu 15-16 yaşlı gənc qız ilə
oğlanın sadəlövhlüyündə ustalıqla əritməklə
əzizləmələridir.
Keçək əsərə. Burada biz adi
vağzalın təsviri ilə qarşılaşırıq.
Qoca vağzal bələdçisi öz işinin
başındadır. Yəqin ki, həyatının da tək
qayəsi məhz bu vağzal və onun sərnişinləridir.
Skamyada əyləşən kişi də çox
rahatdır. Ətrafda baş verib-verməyən heç nə
vecinə deyil. Gah kitab, gah qəzet vərəqləyir, gah da
qulaqcıqda musiqi dinləyir. Bu dəm bir qadın
özünü yetirir və bütün
tör-töküntüsü ilə sükutu pozur. Dəyişməyən
saat əqrəbləri üzərindən gəzişməklə
hər şeyi dünyanın mərkəzi halına gələn
vağzalda yaşayıb, yaşatmaq istəyir. Təbii ki,
anladığı kimi...
Məşqi izləyə-izləyə
özlüyümdə rejissorun məhz bu əsərə nəyə
görə müraciət etməsinə dair ştrixlər də
tapdım. Çünki əsərdə həm “Yuğ”
poetikası, həm absurd teatrın elementləri sezilir. Lap
Samuel Bekketin Qodosunun intizarı kimi burada da bir intizar, gözlənti
hakimdir. Özü də rejissor və aktyorun əsər
üzərindən ifadəsində.
Fasilədə əsər və ona verdiyi yozum barədə
danışan M.Mikayılov deyir ki, müəllif mənim
özüm üçün çox maraqlıdır: “Onun
mükəmməl cərrahlığı fərqli
yaradıcılıq üslublarına bağlanmasına da yol
açıb. Bilirsiniz, onun valehedici, dərin qatlı rəsm
nümunələri də var. Müəllif kimi də
çox fərqlidir. Ona əsərinə quruluş verəcəyimi
deyəndə çox sevindi. Bununla bağlı uzun söhbət
etdik.
Qatar bələdçimiz həm də
qadındır. Mənim üçün məmur qəribə
personajdır. Burada o obrazı Fərhad müəllimlə
yanaşı, Sona xanım da oynayır”.
Ümumiyyətlə, tamaşada baş verən hər
şey təkrarlanır. İnsanlar öz problemlərində,
travmalarında ilişib qalıblar və əslində,
çıxış yolu da yoxdur. Onlar tənha və bədbəxt
insanlardır, həm də bir-birlərinə ehtiyacları
var. Ən dəhşətlisi odur ki, onlar bu gerçəyi
anlamırlar. Anlamaya-anlamaya da qatar bələdçisinin
“Qatar platformaya yaxınlaşır!” xəbərdarlığının
intizarında qulaqbatıran səssizliklərinin “ərməğanı”
tənhalıqlarında itib-batırlar.
Yaradıcı heyəti fərqli ovqata kökləyən
əsərin baş qəhrəmanı – Kişi sərnişin
M.Qasımov obrazı haqqında təəssüratlarını
belə ifadə etdi: “Mənim yaradıcılığımda
bu, tamamilə fərqli bir rol olacaq. İstər
görüntü, istər düşüncə, istərsə
də yanaşma baxımından. Bundan əlavə, işin mənim
üçün ən böyük
dəyəri “Yuğ”un yaradıcıları olan
aktyorların bir tamaşada məşğul olmasıdır və
bu mənada, tamaşa mənim üçün daha dəyərlidir”.
Qatarı gözləyə-gözləyə öz məhkumiyyətlərindən
arınmağa çalışan Qadın sərnişin
Gülzar Qurbanovanın fasilədə də tamaşanın,
prosesin təsirini üzərindən atmadığı bariz
sezilir: “Biz bu həyata məhkumuq. Eyni günü, eyni şeyləri
yaşayırıq. Təqvimlər dəyişsə də,
hadisələr, vərdişlər, münasibətlər, bəzən
də düşüncələr, hisslər öz
girdabında çapalayır. Heç nə baş vermir və
biz bu qayda-qanunlar qutusunun içindəyik.
Azadlığımız yoxdur. Qaçaqaç-qovhaqovun
içində özünü müəyyənləşdirmək,
seçimini etmək də müşkül olur. Əslində,
insan olaraq hər birimizə seçim imkanı verilib. Sadəcə,
həyatımız həm də gözləməklə
keçir deyə daim bu nigarançılığın, gərginliyin
içində özümüzün nə istədiyimizi
anlaya bilmir və xaosa sürüklənirik. Mənə elə
gəlir ki, bu əsər bizi özümüzlə
baş-başa qalmağa vadar edir və onda anlayırıq ki,
biz azad hiss və düşüncələrimizi, istəklərimizi
ifadədə gecikirik. Nəticədə də bu gözlənti
içində ölümü, hətta ondan sonranı da
gözləməklə ötürürük həyatımızı...”.
Bu tamaşada ilk dəfə qadın aktrisanın
ifasında görəcəyimiz Vağzal bələdçisi
S.Mikayılova isə obrazı, hələlik dialoqa
çalışdığı qəhrəmanı
haqqında deyir: “Bu qatarın bələdçisi adi bir insan
deyil. O, mistik bir şəxsdir. Gah var, gah da yox. Hələ də
axtarışdayam. Burada onun cinsiyyətinin fərqi yoxdur.
Heç əsərdə də bilinmir ki, bu qadındır, ya
kişi. Amma hər ikimiz, sözsüz ki, rejissorun vahid
quruluş xəttində, öz aktyor ştrixlərimizi də
qatmağa çalışırıq. Konkret olaraq mən qəhrəmanımı
qara qüvvə kimi görürəm və onu “Əgər
başqalarına əziyyət vermək istəyirsənsə,
onları daim gözlət”mək kimi missiya ilə göndərilmiş
mif olaraq hiss edirəm.
F.İsrafilov da qəhrəmanı haqqında təxminən
eyni təəssüratdadır. Amma o, oyununa, səhnədəki
bələdçisinə bir az ümid də qatıb: “Mənim
bələdçim mistik, maraqlı, güclü, hətta bir
az da əyləncəli adamdır. Belə olmasaydı, gəlməyən
qatarının sərnişinləri də olmazdı. Burada
daha fərqli, incə bir məqam da var; insan son gününə
qədər ümid edir, ümidi tükənəndə də
ölür. Hər birimiz bu hisslə yaşayırıq. Elə
qatarı gözləmək ümidi və əminliyində
olanlar kimi. Çətin, ağır əsərdir. Amma
maraqlıdır. İnanıram ki, tamaşaçı da bizə
qoşularaq əsərdə, ondan çıxış edərək
həyatında, hisslərində, onu əhatə edən
dünyada nə isə axtaracaq və tapacaq”.
Müəllif T.Orbay “Mən özüm seyrçi
olsaydım, o qatarı ölüm kimi dəyərləndirərdim.
Ancaq mənə görə, ölüm yoxdur. Ölüm
olduğunda mən onsuz da olmayacam. Ona görə də qoy hər
kəs istədiyi kimi yozsun” desə də “Yuğ”
veteranları və gənc quruluşçu ona bir az da
ümid, yolun sonundakı işıq kimi də baxıblar.
Getdikcə öləzisə də, sönməyən işıq
kimi...
Həmidə Nizamiqızı
Mədəniyyət .- 2024.- 12 yanvar(¹3).-S.5.