“Məni Şaiqdən ayırmayın...”
Akademik Kamal Talıbzadənin muzeyşünaslıq fəaliyyəti
ilə bağlı tədbir keçirildi
Yanvarın 10-da Muzey Mərkəzində “Məni
Şaiqdən ayırmayın – Kamal Talıbzadə” adlı tədbir
keçirildi.
Abdulla Şaiqin Mənzil-Muzeyinin görkəmli ədəbiyyatşünas,
pedaqoq, Əməkdar elm xadimi, Dövlət mükafatı
laureatı, akademik Kamal Talıbzadənin (1923 – 2006) 100 illik
yubileyi silsiləsindən növbəti tədbiri alimin
muzeyşünaslıq fəaliyyətinə həsr
edilmişdi.
Muzeyin direktoru Ülkər Talıbzadə qonaqları
salamladı, bütün iştirakçılara təşəkkürünü
bildirdi.
Elm, mədəniyyət və incəsənət
xadimləri Kamal Talıbzadə ilə bağlı xatirələrini
bölüşdülər.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunun baş direktoru akademik Teymur Kərimli Kamal
Talıbzadəni orta məktəbdə oxuduğu illərdən
tanıdığını dedi: “Onun Abdulla Şaiqin oğlu
olduğunu da bilirdim. İlk tanışlığım isə
aspirantura imtahanı verdiyim gün olmuşdu. Kamal Talıbzadə,
sözün həqiqi mənasında, klassik bir ziyalı idi”.
Azərbaycan Aşıqlar Birliyinin sədri Əməkdar
elm xadimi, professor Məhərrəm Qasımlı qeyd etdi ki,
ona elm yolunda ilk xeyir-duanı Abdulla Şaiq ocağı və
Kamal Talıbzadə verib: “Kamal müəllimin elmi səmimiyyəti,
müdrikliyi heç vaxt yadımdan çıxmır. O bizə
həmişə hər hansı elmi məsələni dərinliklə
başa salırdı. 26 yaşı olanda akademiyada şöbə
müdiri işləmişdi. Öz yaşını qabaqlayan
müdrikliyi onu yaşıdlarından fərqləndirirdi. O,
ensiklopediya kimi bir adam idi”.
AMEA Memarlıq və İncəsənət
İnstitutunun direktoru akademiyanın müxbir üzvü
Ərtegin Salamzadə Kamal Talıbzadənin “Azərbaycan ədəbi
tənqidinin tarixi” kitabından söz açdı: “Ədəbiyyatşünaslıq,
əslində, ədəbiyyat haqqında refleksiyadır. Sənətşünaslıq
incəsənətin refleksiyasıdır. Kamal müəllimin
bu əsəri, baxmayaraq ki, ədəbi tənqidə həsr
olunub, bütövlükdə ədəbiyyatşünaslığı
bir elm kimi əhatə edir”.
Nizami adına Ədəbiyyat İnstitutunun şöbə
müdiri professor Asif Rüstəmli Kamal Talıbzadənin
böyük və əqidəli bir nəslin nümayəndəsi
olduğunu dedi: “Onun dərs dediyi tələbələr
sonralar Azərbaycan ədəbiyyatında və mədəniyyətində
xüsusi yer tutublar. Ədəbiyyat İnstitutunun
inkişafında Kamal müəllimin birbaşa rolu olub. Abbas Səhhətin
həyat və yaradıcılığı ilə
bağlı yazdığı dissertasiya dövrünün ən
populyar ədəbiyyatşünaslıq əsərlərindən
idi”.
Xəzər Universitetinin təsisçisi professor
Hamlet İsaxanlı, Bakı Dövlət Universitetinin
professorları Knyaz Aslan, Vaqif Sultanlı, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun aparıcı elmi
işçisi Nəzakət Qafqazlı da akademiklə
bağlı xatirələrini bölüşdülər.
Tədbirin bədii hissəsində Bakı Musiqi
Akademiyasının professoru, pianoçu, Xalq artisti Ülviyyə
Hacıbəyova Zülfüqar Hacıbəyovun Abdulla
Şaiqin eyniadlı əsərinə bəstələdiyi
“Nüşabə” operasından uvertüranı ifa etdi.
A.Şaiqin sözlərinə bəstələnmiş Səid
Rüstəmovun “Sevirəm səni”, Əşrəf Abbasovun
“Oxu, bülbülüm” romansları respublika və beynəlxalq
müsabiqələr laureatları Nigar Əsgərova (vokal) və
Ayan Aslanovanın (fortepiano) ifasında səsləndi.
Əməkdar artist, aktyor Şövqi Hüseynov isə
A.Şaiqin “Yad et məni!” şeirini xüsusi ilhamla səsləndirdi.
Məclis iştirakçıları aktyorun
çıxışını alqışla
qarşıladı.
3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin
müəllimi Gülnarə Qurbanova və
kiçikyaşlı vokalçıların ifasında
Cahangir Cahangirovun və Səid Rüstəmovun A.Şaiqin
sözlərinə bəstələnmiş
mahnılarından ibarət musiqi çələngi də
maraqla qarşılandı.
Tədbirdə Abdulla Şaiqin Mənzil-Muzeyinin
hazırladığı Kamal Talıbzadənin foto və
kitablarından ibarət sərgi də nümayiş etdirildi.
Alimin həyat və fəaliyyətini əks etdirən
slayd-şou təqdim olundu.
Lalə Azəri
Mədəniyyət .- 2024.- 12 yanvar(¹3).-S.3.