Turizm sənayesi: ötən ilin
yekunları və yeni çağırışlar
Yanvarın 11-də Bakı Konqres Mərkəzində
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşkilatçılığı
ilə “Turizm sənayesi subyektlərinin ilin yekunları və
COP29 ərəfəsində çağırışlar”
mövzusunda forum keçirilib.
Forumda çıxış edən ATAA idarə heyətinin
sədri Göydəniz Qəhrəmanov 2023-cü ilin ölkə
turizminin inkişafı üçün uğurlu il
olduğunu və turizmin qeyri-neft sektorunun bir qolu olaraq
xüsusi mərkəzə çevrildiyini bildirib. Ümummilli
lider Heydər Əliyevin turizmə ayırdığı
xüsusi diqqət və qayğı sayəsində bu sahənin
təşəkkül tapdığını söyləyən
sədr deyib: “Prezident İlham Əliyev turizm sahəsini daha da
inkişaf etdirir. Bu, turizm sahəsinin beynəlxalq aləmə
inteqrasiyasını təmin edir”.
Qeyd olunub ki, BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyası Tərəflər
Konfransının 29-cu sessiyası – COP29-a 2024-cü ildə
Bakıda keçiriləcək. Bu mötəbər beynəlxalq
tədbirə ev sahibliyi Azərbaycanın turizm sənayesi
qarşısında da yeni çağırışlar qoyur.
Azərbaycan Hotel Assosiasiyası idarə heyətinin sədri
Eldar Əlimuradov qeyd edib ki, Prezident İlham Əliyevin sahəyə
xüsusi diqqəti sayəsində 2011-ci ildən sonra turizmin
inkişafı yeni mərhələyə qədəm qoyub. Azərbaycanda
bir çox beynəlxalq hotel brendləri təmsil olunur.
Hazırda ölkəmizdə 757 hotel fəaliyyət göstərir:
“2003 - 2019-cu illərdə Azərbaycana səfər edən əcnəbilərin
sayı 3 dəfə artıb. 2019-cu ildən etibarən
pandemiya hotelçilik industriyasına böyük zərbə
vurub. Bir çox hotellər karantin hotellər kimi fəaliyyət
göstərirdi. Postpandemiya dövründə hotelçilik
sahəsi yenidən canlanmağa başladı”.
Forumda Azərbaycan Turizm Bələdçiləri
Assosiasiyasinın baş katibi Tural Musayev, Azərbaycan Turizm
Blogerləri Assosiasiyasının rəhbəri Azər Qəribov
da çıxış ediblər.
Forum işini “Turizmin inkişafında biznes-dövlət
əməkdaşlığı, son 20 il ərzində əldə
edilən uğurlar” və “COP29 ərəfəsində
imkanlar və çağırışlar, turizm sənayesindən
gözləntilər” adlı panel müzakirələrlə
davam etdirib.
Forumda turizm sənayesində ixtisaslaşmış
assosiasiyaların birgə bəyanatı da qəbul edilib. Bəyanatda
dövlət başçısı İlham Əliyev tərəfindən
aparılan siyasətə tam dəstək ifadə olunub.
“Biz – turizm sənayesində ixtisaslaşmış
assosiasiyalar olaraq, ölkəni qələbədən-qələbəyə
aparan Prezident İlham Əliyevlə fəxr etdiyimizi bəyan
edirik. Ulu öndər Heydər Əliyevin yolu ilə Azərbaycanı
tarixinin ən qüdrətli dövlətinə çevirən
Prezident İlham Əliyevin siyasətini tam dəstəkləyirik.
İlham Əliyev qalib xalqın qalib lideridir!” – deyə bəyanatda
vurğulanır.
Mədəniyyət .- 2024.- 12 yanvar(¹3).-S.3.