Mədəniyyətimizin
böyük hamisi
İllərin
xronikasından (91)
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə
olduğu bir qərinədən artıq dövrdə,
doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər,
mədəni irsimizin qorunması və zənginləşdirilməsi,
milli incəsənətin, ədəbiyyatın
inkişafı, respublikada mədəni-maarif işinin
qabaqcıl səviyyədə təşkili sahəsində
müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət
və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin
bütün mərhələlərində – sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində
çalışdığı vaxtda və müstəqil Azərbaycana
onillik prezidentliyi dövründə tarixin yaddaşına
çoxsaylı səhifələrlə yazılıb. O hər
zaman və hər yerdə Azərbaycan mədəniyyətinin
böyük hamisi olub. Bununla bağlı illərin
xronikasından seçmələrin dərcini davam etdiririk.
(əvvəli ötən sayımızda)
2000-ci il 24 may
Prezident Heydər Əliyev Gəncə şəhərinə
səfəri gedişində Nizami Gəncəvinin məqbərəsini
ziyarət edib, şəhər sakinləri
qarşısında nitq söyləyib.
“...Bu məqbərənin tarixi böyükdür.
İlk dəfə burada, Nizami Gəncəvinin qəbri üzərində
abidə 1948-ci ildə tikilibdir. O vaxtlar Nizami Gəncəvinin
800 illik yubileyi keçirilirdi. Ancaq o vaxt yaranmış məqbərə
Nizamiyə layiq deyildi. İkincisi, siz yəqin
xatırlayırsınız, gəncəlilər bilir ki, burada
yaxınlıqda gil-torpaq kombinatı tikildi. Kombinatın işləməsi
üçün əsas xammal alunit idi, texnologiyası da
çox yüksək səviyyəli deyildi. Ona görə də
orada – gil-torpaq kombinatında alunitin işlədilməsi
zamanı toz çıxırdı və Nizami Gəncəvinin
məqbərəsini də toz basırdı. Bu, bizi narahat
edirdi...
Gəncənin ətrafında nə qədər istəsən
yer var, onu harada istəsəniz tikmək olardı. Onu yaradanlar
da bilirdilər ki, bu istehsal elədir ki, toz buraxır. Onu bizim ən
böyük, ən müqəddəs tarixi abidəmiz olan
Nizami Gəncəvinin qəbrinin, məqbərəsinin
yanında yerləşdirmək, mən deyərdim ki, vaxtilə
mənəvi cinayət olmuşdur... Ancaq nə etməli? O
vaxt gərək ya bu müəssisəni dağıdaydıq
– bu da mümkün deyildi, çünki Sovet
İttifaqının böyük tikintilərindən biri idi,
– ya da, deyirdilər ki, əgər bu mümkün deyilsə, tədbir
görün, Nizami Gəncəvinin məqbərəsini
başqa yerə köçürək. Onu da etmək
mümkün deyildi, bunu da etmək mümkün deyildi. Biz
neçə illər bu əziyyəti çəkdik. Sonra
burada texnologiya dəyişildi, əsasən boksitə
keçildi. Boksiti Qvineyadan alırdıq. Biz bunlarla illərlə
məşğul olmuşuq...
...Görürəm ki, bura da tərtəmizdir. Yəqin
ki, mən gəldiyimə görə təmizləməmisiniz,
həmişə belə təmizdir... Nizaminin məqbərəsini
qorumaq bizim müqəddəs vəzifəmizdir. Siz də bunu
etməlisiniz, biz də etməliyik. Gərək elə olsun
ki, indiki nəsil də, gələcək nəsil də vaxtilə
buraxılmış səhv kimi səhvlər buraxmasınlar.
...Nizami Gəncəvinin 840 illik yubileyini Azərbaycanda,
sonra Moskvada çox təntənə ilə keçirdik. O
vaxt, yubiley ərəfəsində də qərar verdik ki,
buradakı məqbərə yenidən qurulsun, Nizamiyə layiq
bir səviyyəyə çatdırılsın. Mən məmnunam
ki, bunu etdik. Amma indi baxanda hesab edirəm ki, bundan da
yaxşı edə bilərdik. Güman edirəm, əgər
vaxt çatsa, biz bunu edəcəyik. Amma vaxt çatmasa, gələcək
nəsillər bu məqbərəni bundan da gözəl edəcəklər.
Mənim buna şübhəm yoxdur...”.
2000-ci il 27 may
28 May – Respublika Gününə (2021-ci ildən
Müstəqilik Günü – red.) həsr olunmuş mərasimdə
nitq söyləyib. Mərasimin bədii hissəsi – konsert
başa çatdıqdan sonra səhnə arxasına
keçib, incəsənət ustaları ilə
görüşərək söhbət edib.
“...Mən bu gün çıxış edəndə
bütün Azərbaycan vətəndaşlarını təbrik
etdim. Eyni zamanda təşəkkür edirəm ki, siz bu
gün yenidən çox gözəl bir konsert göstərdiniz
və hamımızı sevindirdiniz. Bu gün böyük
bayramdır, bizim əziz bayramımızdır. Bu sevinci daha
da çox artıran sizin bu gözəl
çıxışlarınız, sənət nümunələrinizdi...
Bu gün də çıxışımda dedim, –
bundan sonra imkanımız daha da çox olacaqdır.
İqtisadiyyatımız inkişaf edir, gəlirimiz artır,
bundan sonra daha da çox artacaqdır. Nə qədər ki,
çox artacaq, o qədər də birinci növbədə mədəniyyətə
sərf olunacaqdır. Çünki mədəniyyət hər
şeydən üstündür...”.
2000-ci il 17 iyun
Çuvaşiyanın Xalq yazıçısı,
Ümumçuvaşiya İctimai Mədəniyyət Mərkəzinin
prezidenti akademik Mişşi Yuxmanın rəhbərlik etdiyi
nümayəndə heyətini qəbul edib.
“...Siyasi Büronun üzvü, (SSRİ) Nazirlər
Soveti sədrinin birinci müavini olanda çox səfərlər
edirdim. Amma ən çox Rusiyanı gəzməyə
çalışırdım. Yadımdadır, axşam sizin
milli ansambl konsert verdi. Mən sizin rəqslərinizi,
mahnılarınızı xatırlayıram... Mahnıları
da çuvaş dilində oxuyurdular, ifa edilən rəqslər
də çuvaş rəqsləri idi...
...Mənə xoşdur ki, siz “Dədə Qorqud”un 1300
illiyində də olmusunuz. Bu, çox yaxşıdır. Bizim
Polad Bülbüloğlu, TÜRKSOY-un sədri bu yaxınlarda
mənə dedi ki, Çuvaşiyada TÜRKSOY-un növbəti
iclası keçirilmişdir. TÜRKSOY çox mühüm
rol oynayan təşkilatdır. Çünki indi
xalqlarımızın tarixi köklərinin bərpası ən
çox mədəniyyət, ədəbiyyat, tarix vasitəsilə
həyata keçirilməlidir... İqtisadiyyat hər yerdə
iqtisadiyyatdır... Ancaq mədəniyyəti, dili, adət-ənənələri
artıq heç kim dəyişə bilməz. Elm, texnika nə
dərəcədə inkişaf etsə də, nə kimi sıçrayışlar
edilsə də, hətta Marsa uçsalar da, xalqların qədim
ənənələri heç vaxt ləğv oluna bilməz.
...Türk xalqlarının, o cümlədən də
çuvaş xalqının necə qədim, zəngin tarixi,
zəngin sivilizasiyası var. Mən şadam ki, sizdə
dirçəliş prosesi gedir...”.
2000-ci il 23 iyun
Rusiyanın tanınmış modelyeri Valentin
Yudaşkini və azərbaycanlı modelyer Fəxriyyə Xələfovanı
qəbul edib
“...Tarixən elə olub ki, hər bir xalqın öz
geyim forması olmuşdur. İndi dünyada qəbul
edilmiş geyim forması isə Avropada yaranmışdır.
Bununla belə, keçmiş zamanlarda çox gözəl
şəxsi geyim formaları olub və indi də tətbiq edilə
bilər. Həmin geyimi indi biz ancaq teatrda və ya kinoda
görürük. Yeri gəlmişkən, bizim yaxşı
teatr rəssamlarımız olub, onlar müxtəlif
tamaşalar, xüsusən də keçmiş tariximizə
aid tamaşalar üçün eskizlər veriblər, – bunlar
qalmışdır. Azərbaycanda gözəl, çox
gözəl qadın geyimi olmuşdur... Onu modernləşdirmək olar...
Onda dünyada rəngarənglik olar. Yoxsa ki, indi təkcə
Avropa modasını əsas götürmüşlər.
Şəxsən mən azərbaycanlı kişilərin
keçmiş vaxtlarda geyindikləri paltar formasına
qayıtmaq istəməzdim. Qadın geyiminin isə çox
gözəl və cürbəcür olduğunu, zənnimcə,
bilirsiniz – kataloqlar, kitablar var...”.
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət .- 2024.- 12 yanvar(¹3).-S.5.