Qubada Şəfiqə Axundovanın
100 illiyi qeyd olunub
Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı
ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanasında görkəmli
bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın
(1924-2013) 100 illik yubileyinə həsr olunmuş tədbir
keçirilib.
“Şərqdə ilk opera yazan qadın bəstəkar”
adlı tədbirdə Mərkəzi Kitabxananın əməkdaşları,
Quba şəhər Uşaq incəsənət məktəbinin
müəllim və şagirdləri, digər qonaqlar
iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Şəfiqə
Axundovanın adı Azərbaycan musiqi mədəniyyəti
tarixinə novator sənətkar kimi yazılıb. O, musiqi sənətinə
dahi bəstəkar Üzeyir Hacıbəylinin xeyir-duası ilə
gəlib və bununla həmişə fəxr edib.
Ş.Axundova “Gəlin qayası” operası ilə Şərq
aləmində opera yazan ilk qadın bəstəkar olaraq
tanınır. Görkəmli bəstəkarın musiqi mədəniyyətimizin
inkişafında xidmətləri dövlətimiz tərəfindən
yüksək qiymətləndirilib. O, “Xalq artisti” fəxri
adına və Prezidentin fəxri təqaüdünə layiq
görülüb, “Şöhrət” ordeni ilə təltif
edilib.
Tədbirin sonunda Şəfiqə Axundovanın həyat
və yaradıcılığına həsr olunmuş
videoçarx nümayiş etdirilib.
Mədəniyyət .- 2024.- 17 yanvar(¹4).-S.4.