İllər öncə
qəzetlər nədən yazırdı?
Milli Kitabxananın dövri mətbuat arxivindən...
Mətbu səhifələrdən seçmələrdə
bu dəfə “Mədəniyyət” qəzetinin sələfi
sayıla bilən “Ədəbiyyat və incəsənət”in
1957-ci il (redaktor Süleyman Rüstəm) və “Azərbaycan gəncləri”
qəzetinin 1961-ci il (redaktor Cəmil Əlibəyov) yanvar
saylarını gözdən keçirdik.
Yazıçılar İttifaqının Gənclər
bölməsində
Məşğələdə Fikrət Qocayevin
“Doymadı”, “Təbriz küçələri”, “Ata”, Telman
Şirinovun “Düşündüm”, “Könül nəğməsi”,
Vaqif Nəsibovun “Sizə bahar yaraşır”, İxtiyar Əhmədovun
“Talış dağı”, Brilliant Abdullayevanın “Bir bahar
axşamı”, Həmid Abbasovun “Çiyələk”, “Sən
Vurğuna vurulmusan”, Cəfər Cəfərovun “Deyim” adlı
şeirləri, Gündüz Abbasovun “Mənim
başımı qırxarkən dəllək Vərdişəlinin
başına gələn əhvalat” adlı satirik hekayəsi
oxunub müzakirə edilmişdir.
Müzakirədə çıxış edənlərdən
Məmməd İbrahimov, Firudin Ağayev, İlyas Tapdıqov,
Tofiq Bayramov, Kələntər Kələntərov və
başqaları göstərmişlər ki, Fikrət Qocayevin
“Doymadı” şeiri müvəffəqiyyətlidir. “Ata” və
“Təbriz küçələri” şeirləri isə
konkretlikdən və bədii fikirdən məhrum
olduqlarına görə zəif çıxmışdır.
Çıxış edənlər qeyd etdilər ki,
T.Şirinovun “Düşündük”, “Könül nəğməsi”,
C.Cəfərovun “Deyim” adlı şeirləri bəzi ifadə
nöqsanları olsa da müvəffəqiyyətlidir. V.Nəsibovun
“Sizə bahar yaraşır”, B.Abdullayevanın “Bir bahar
axşamı”, H.Abbasovun “Sən Vurğuna vurulmusan” şeirləri
isə ayrı-ayrı qüvvətli misraların olmasına
baxmayaraq mövzu bədii yüksəkliyə
qaldırılmamışdır.
Çıxış edənlər Gündüz
Abbasovun “Mənim başımı qırxarkən dəllək
Vərdişəlinin başına gələn əhvalat”
adlı satirik hekayəsinin müvəffəqiyyətli
olduğunu qeyd etdilər.
“Gənc heykəltəraş”
Bu günlərdə gənc heykəltəraş Mirəli
Mirqasımovun adına Varşavadan məktubla birlikdə hədiyyə
göndərilmişdir. Məlum olduğu kimi, M.Mirqasımov gənclərin
V Ümumdünya festivalında mərmərdən düzəltdiyi
qız heykəli ilə iştirak etmişdi. Həmin heykəl
üçün Mirəli Mirqasımova üçüncü
dərəcəli diplom və bürünc medal verilmişdi.
Əməkdaşımız heykəltəraş Mirəli
Mirqasımovdan yeni yaradıcılıq planları haqqında
məlumat verməyi xahiş etmişdir. Mirqasımov
demişdir: “Gənclərin V Ümumdünya festivalında
qazandığım müvəffəqiyyət məni yeni
yaradıcılıq işinə ruhlandırır. Bu il “Rəfiqələr”
adlı heykəl kompozisiya üzərində işləyəcəyəm.
Həmin heykəldə iki gənc qızın – azərbaycanlı
və rus qızının dostluğunu ifadə etməyi nəzərdə
tuturam. Bundan başqa, respublikamızın gənclərinə
həsr etdiyim “Gənclik” kompozisiyasını və bir
neçə idman ustasının portretini yaratmaq fikrindəyəm.
Ən yaxşı heykəllərimlə mən bu il Moskvada
keçiriləcək Ümumdünya festivalında iştirak
etməyə çalışacağam”.
“Ədəbiyyat və incəsənət” qəzeti,
20 yanvar 1957-ci il
***
Yeni xalq teatrı
Ağdaş rayonunda yeni xalq teatrı
açılmışdır. Teatrın
açılışı günündə rayon partiya komitəsinin
katibi Rəsulov, habelə Respublika Xalq
Yaradıcılığı Evinin nümayəndələri
F.Aşurov və S.Axundov yoldaşlar çıxış edərək
xalq teatrının kollektivini təbrik etmiş, onlara gələcək
yaradıcılıq işlərində müvəffəqiyyətlər
arzulamışlar.
Rəsmi hissədən sonra xalq teatrının
kollektivi yazıçı Səttar Axundovun “Məhəbbət
nişanəsi” adlı komediyasını göstərmişdir.
Maraqlı mühazirə
Ü.Hacıbəyov adına Ağdam orta musiqi məktəbində
“XIX əsrin Qarabağ xanəndələri” mövzusunda
maraqlı mühazirə təşkil edilmişdir. Mühazirəni
Respublika Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyətin
üzvü Firudin Şuşinski oxumuşdur. Mühazirənin
gedişində əyani vasitə olaraq, bir sıra məşhur
xanəndələrin səsi yazılmış qrammofon
vallarından istifadə edilmişdir.
“Azərbaycan gəncləri” qəzeti,
6 yanvar 1961-ci il
Mədəniyyət .- 2024.- 17 yanvar(¹4).-S.6.