Qobustanşünas-alim
Firuzə Muradova dünyasını dəyişib
Azərbaycan elminə itki üz verib. Uzun illər
Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşı olmuş
tanınmış arxeoloq, tarix üzrə fəlsəfə
doktoru, Qobustan abidələrinin tədqiqatçısı
Firuzə Muradova yanvarın 16-da, 90 yaşında vəfat edib.
Firuzə Məmmədrza qızı Muradova 1934-cü
il noyabrın 19-da Bakıda anadan olub. Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) Tarix fakültəsində ali təhsil
alıb. 1958-ci ildə Azərbaycan EA-nın Tarix
İnstitutunda laborant kimi əmək fəaliyyətinə
başlayıb. 1965-ci ildən Qobustan ərazisində arxeoloji
tədqiqatlar aparıb, 1974-cü ildə “Qobustan Tunc
dövründə” mövzusunda namizədlik (fəlsəfə
doktorluğu) dissertasiyasını müdafiə edib.
Uzun illər AMEA-nın Arxeologiya, Etnoqrafiya və
Antropologiya İnstitutunda və Qobustan Milli Tarix-Bədii
Qoruğunda fəaliyyət göstərən, Azərbaycanın
ilk xanım arxeoloqlarından olan Firuzə Muradova Qobustan ərazisinin
Üst Paleolitdən Orta əsrlər dövrünədək
aktual məsələlərini araşdırıb. Müəllifi
olduğu 100-dən çox elmi əsər, o cümlədən
“Qobustan Tunc dövründə”, “Qobustan petroqlifləri”,
“Kiçikdaş abidələri” kitabları elmi ictimaiyyət
tərəfindən maraqla qarşılanıb.
Allah rəhmət eləsin.
Mədəniyyət .- 2024.- 19 yanvar(¹5).-S.6.