“Azadlığa aparan
yol”
Yanvarın 17-də Cəfər Cabbarlı adına Azərbaycan
Dövlət Teatr Muzeyində 20 Yanvar faciəsinin 34-cü
ildönümünə həsr olunmuş “Azadlığa
aparan yol” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının
Dövlət Himni səsləndirilib. Ölkəmizin müstəqilliyi
və ərazi bütövlüyü uğrunda şəhid
olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Əməkdar mədəniyyət
işçisi Sevinc Mikayılova 20 Yanvarın tariximizdəki
yerindən söz açıb.
Elmi-kütləvi işlər üzrə şöbənin
müdiri Ümidə Hacıyeva 1990-cı il yanvarın 20-nə
keçən gecə baş verən qanlı hadisələrdən,
xalqımızın milli azadlıq və ərazi
bütövlüyü uğrunda mübarizəsindən
danışıb.
“20 Yanvar” İctimai Birliyinin üzvləri Sahib
Əlizadə və Fəxrəddin Məmmədov həmin
günün canlı şahidləri kimi xatirələrini
bölüşüblər. O dəhşətli gecədə
millətimizin axan qanının hədər getmədiyini,
bugünkü müstəqilliyimizin bünövrəsinin həmin
gün qoyulduğunu vurğulayıblar.
Sonra muzeyin işçiləri tərəfindən 20
Yanvarla bağlı hazırlanmış videoçarx
nümayiş olunub.
Bədii hissədə Azərbaycan Milli
Konservatoriyası nəzdində fəaliyyət göstərən
Musiqi Kollecinin tələbələri vətənpərvərlik
mövzusunda müxtəlif musiqi nümunələri ilə
çıxış ediblər.
Tədbirdə Suraxanı rayonu Ələkbər
Eyvazov adına 275 nömrəli tam orta məktəbin müəllim
və şagirdləri də iştirak ediblər.
Mədəniyyət .- 2024.- 19 yanvar(¹5).-S.3.