Kinomuzun 20 Yanvar səhifəsi...
Artıq 34 il öncəyə qalib ruhla səyahət
edirik
Xalqımızın qan yaddaşına hüzn və
qürur günü kimi yazılan Qara Yanvarın 34-cü
ildönümü qeyd olunur. 1990-cı il yanvarın 20-nə
keçən gecə SSRİ ordu hissələrinin Bakıda
törətdiyi qətliam xalqımızın müstəqillik
uğrunda mübarizəsinin qarşısını ala bilmədi,
əksinə, istiqlal yolunda milli birliyimizi daha da möhkəmləndirdi.
Bu illər ərzində 20 Yanvar hadisələri haqqında
publisistik yazılar qələmə alınıb, ədəbi
əsərlər ərsəyə gətirilib, filmlər
çəkilib. Amma həmin gün əsl qəhrəmanlıq
göstərərək sənətləri ilə tarixi bir
missiyanın öhdəsindən layiqincə gələn kino
işçilərini və operatorları da unutmaq olmaz.
Axı biz bu gün həmin o məşum gecədə baş
verənlərə onların lentə aldığı
videokadr və fotolardan boylanırıq. Ona görə də həmin
vahiməli günlərə şahid şəhidləri və
yaşayan şahidləri hər zaman yada salmalıyıq.
...Həmin an, həmin saniyədə nə etməli,
necə etməli sualı qarşısında qalan kino
işçilərinin gümanı kameraya idi və bu kamera ilə
həyatlarını təhlükəyə ataraq sənədli
salnamə yarada bildilər. Bu gün 34 il öncəyə nəzər
salanda sənədli kino salnaməmizdə 20 Yanvar mövzusuna
kifayət qədər müraciət edildiyini
görürük.
34 il ərzində “Azərbaycanfilm”
kinostudiyasının hadisənin şahidi olan əməkdaşlarından
alınan müsahibə və xatirələrə yenidən nəzər
salıram. “Salnamə” studiyasının rəhbəri
olmuş Tofiq Məmmədovun vaxtilə qəzetimizdə dərc
olunmuş bir xatirəsini oxuyuram: “Həmin dövrdə
çəkilişlər Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyası əməkdaşlarının öz təşəbbüsləri
ilə çəkilmişdi. Heç bir dövlət qurumu tərəfindən
göstəriş verilməmişdi. O vaxt çoxlu kinolent əldə
etmişdik. Həmin dövrdə “Salnamə” studiyasında
qaynar bir həyat var idi. Studiyada növbətçi sistemi
işləyirdi. Bizim operatorlar gecə Tiflis prospektində
olanları lentə aldılar. Düzdü, gecə çəkilişləri
çox çətin idi. Ancaq bəzi çəkdiklərimizdə
güllələr yağan kadrlar aydın seçilir. Səhərə
qədər bizim operatorlar indiki Prezident Aparatının
(Prezident Administrasiyası – red.) qabağında, “Sahil”
bağında və şəhərin digər nöqtələrində
öz işlərini görürdülər. Yəni 20 Yanvar
hadisələrini “Salnamə” studiyasında yaranan qərargah əvvəlcədən
çəkməyə hazır idi. Lentə alınan
kadrların əksəriyyəti sonradan Xamis Muradovla birgə
çəkdiyimiz “Azadlığa gedən yollar” sənədli
filmində istifadə olundu”.
20 Yanvar gecəsi kameranın yaddaşına
köçürülənlər böyük əhəmiyyət
kəsb edirdi. Xalqları 70 il öz əsarətində
saxlayan bir siyasi rejimin yırtıcı xarakteri bir daha təzahür
etmişdi. Əliyalın xalqa qarşı törədilən
qətliam tarixin yaddaşına yazılmalı idi. Həmin
qanlı əməli planlaşdıran mənfur rejim
olacaqları ört-basdır etmək üçün ilk
növbədə xalqın görən gözünü
qapatmışdı. Azərbaycan Televiziyasının enerji
bloku partladılmış, şirkətdəki kameraların əksəriyyəti
müsadirə edilmişdi. Belə bir şəraitdə həmin
ərəfədə lentə alınanların hansı
çətinliklərlə başa gəldiyi bir daha aydın
olur.
Xalq artisti Xamis Muradov deyir ki, bu gün 20 Yanvarla
bağlı nümayiş olunan kadrlar kino işçilərinin
fədakar əməyinin məhsuludur. Şəhərdəki
vəziyyətlə bağlı “Salnamə” studiyasının
tərkibində xüsusi qərargah yaradılır. Operatorlar
qruplara bölünüb “Salyan kazarması”nın, Azərbaycan
Dövlət Filarmoniyasının qarşısına, Biləcəriyə,
metronun indiki “20 Yanvar” stansiyası istiqamətinə yollanaraq
baş verənləri lentə alırlar. Həmin materiallar isə
operatorların dost və qohumlarının evində gizlədilir...
Tariximizə hüzn və qürur günü kimi
yazılan 20 Yanvarla bağlı onlarla sənədli film
çəkilib: “Azadlığa gedən yollar”, “Şəhidlərdən
şəhidlərə”, “Qədirin sorağında”, “9 dəqiqə”,
“Cənubda Şimal küləyi” və s. 2019-cu ildə isə
20 Yanvar hadisələrini lentə alanların hansı şəraitdə
işlədiklərini göstərən bir film də ərsəyə
gəldi – “Silahdaşlar”. “Salnaməfilm” studiyasında lentə
alınıb. Onu da qeyd edim ki, 20 Yanvar şəhidlərinin dəfn
olunduğu gün çəkilən kadrlar da “Salnaməfilm”in
operatorlarının işidir. Bu hüznlü anları
Köçəri Məmmədov, Sərdar Vəliyev, Rafiq
Quliyev, Nemət Rzayev, Kənan Məmmədov, Zaur Məhərrəmov
və Nizami Abbas kameranın yaddaşına
köçürüb.
Həmin dövrdə Azərbaycan Televiziyasında
baş rejissor vəzifəsində çalışan Xalq
artisti Vasif Babayev bir neçə il əvvəl o günləri
xatırlayarkən demişdi: “Dövlət Teleradio Komitəsinin
sədr müavini Fuad Tariverdiyev və mən bəzi vətənpərvər
televiziya operatorlarına tapşırıq verərək
onları Bakı küçələrinə, xəstəxanalara,
idarələrə, faciə baş verən yerlərə
çəkilişə göndərdik. O günlər AzTV-nin
bəzi operatorlarının, o cümlədən Ələkbər
Muradov, Seyidağa Mövsümov, Rəsul Babayev, İzzət
Əzizov, Fikrət Qafarov, Adil Bünyadov və Zahid
Bağırovun işlərini xüsusilə qeyd etmək istəyirəm.
Onların çəkdiyi kadrlar bu gün də bütün
dünya ekranlarında göstərilir, sovet rejiminin siyasətini
və qəddarlığını bir daha ifşa edir”.
Birliyin, yenilməzliyin nümunəsi olan 1990-cı
ilin 20 yanvar hadisələrinin 34-cü
ildönümünü müstəqil, güclü, ərazi
bütövlüyü və suverenliyini bərpa etmiş qalib
bir ölkənin vətəndaşı olaraq qeyd edirik.
Şanlı Ordumuz bütün şəhidlərimizin
qisasını döyüş meydanında qəhrəmanlıqla
alıb.
Son üç ildə tariximizin səhifələrinə
qızıl hərflərlə yazılan, əbədi
qürur qaynağımıza çevrilən hadisələr
də zaman-zaman kinolentin yaddaşına
köçürüləcək, yeni nəsillər həmin
ekran əsərlərindən şanlı keçmişimizi
izləyib fəxarət hissi keçirəcəklər.
Lalə Azəri
Mədəniyyət .- 2024.- 19 yanvar(¹5).-S.5.