75-ci dayanacaqda qarşılaşma

 

Onu səhnə və sənətdən, aktiv sosial şəbəkə hesabından, mədəni mühitdən hamımız çox yaxşı tanıyırıq. Öz yer-yurdunu, çəkisini bilən, xətir-hörmətini saxlayan adamdı. Səhnədə də, həyatda da eynidir. Şöhrətli sənətkarın ədabazlığı, ad-sanın verdiyi türlü səxavətli təqdimatlarda xumarlanmağı da yoxdur. Sadə, səmimi, mehriban və bir o qədər də ciddi.

Müsahibələri, yubileydən yubileyə söz-sovu çox olduğundan çalışdım ağsaqqal yaşına bir boy da qalxan Xalq artisti, “Şöhrət” ordenli teatr və kino aktyoru, “İlham” miniatür teatrının yaradıcısı, ADMİU-nun Musiqili teatr aktyoru kafedrasının müdiri İlham Namiq Kamal ilə yaşının və sənətinin verdiyi imkanla söhbət edim.

– İlham müəllim, zarafat-zarafat, 75 çatdı ha...

– Bunu tərsinə də oxuyub, yaza bilərsiz də, nə paxıllıqdı? (gülür).

– Yaxşı, biz oxuduq – 57. Bəs siz? İnsanlara hər zaman nikbin, indi dəbdə olan sözlə desək, pozitiv təsir bağışlayırsınız. Belə qalmaq  asandır? Bəlkə sizdə də görüntü ilə reallıq başqadır...

– Yox-yox, əsla. Bizdə bu, nəsildən gəlib. İnsanların qanını qaraltmaq istəməmişik. Ağsaqqallarımız da elə olub, biz də. Baxın, həm də onu bilməlisən ki, insansan, bu gün varsan, sabah yoxsan. Bunu bilən insan özünü bir az yığışdırmalıdır.

– Bu müvəqqəti varlıq barədə çox düşünürsüz?

– Həmişə, lap gənclik illərimdən.

– Bu sizi kədərləndirir?

– Yox, əksinə, bilirəm ki, bu müddət ərməğandır və layiqincə yaşamaq lazımdır. Mən buna Allahın bəndəyə verdiyi ezamiyyət kimi də baxıram.  Kimisinə uzun, kimisinə qısa  zaman qismət edir. Qazandığımız nə varsa burada qalır, sonda yaxşı əməl və xoş xatirələr yaşayır.

– Bu günlərdə 96 yaşlı bir yazıçının müsahibəsini oxudum. O bu yaşında çox darıxdığını dedi. Siz də darıxırsız?

– Əlbəttə, çünki itirdiklərimiz çoxdur. İtirirsən və heç nə edə bilmirsən. Əvvəl nənə-baba, sonra valideynlər, sonra dostların bir çoxu... Amma bunu düşünə-düşünə həyata da nikbin baxmaq lazımdır. Onu da deyim ki, rəhmət qazanmaq da hər kəsə nəsib olmur.

– Sizin sahədə yəqin bu daha çətindir?

– Bunun bizim, sizin sahə bölgüsünə heç bir aidiyyəti yoxdur. Hər kəs öz peşəsinə öz tərbiyəsini gətirir. Mən bu yaş-başımda da nəyi deyib, nəyi eləmək lazım olduğunu bilirəm. Peşəkar, tanınan insan bunu xüsusilə bilməlidir. Bu mənada tərbiyə və zamanında o qaydalara riayət ən vacib məqamdır. Bir də vaxtında sənə deyilən “olmaz”ı eşidib, əməl etməlisən. Yenə də məsələ valideynlərə, kökə gedib çıxır.

– İlham müəllim, sizin səhnəyə gəldiyiniz dövr də o meyarların üst plankada olduğu məqamlar idi. Bəlkə bunun da təsiri var? Sizcə, siz o qızıl dövrə düşdünüz, yoxsa şansınıza yaxşı müəllimlər, sənətkarlar düşdü?

– Burada bir məqam var: heç kim bilmir ki, hansı dövrə gəlib və kimlərlə qarşılaşacaq. O ki qaldı şansa – bəli, bu, başqa şeydir. Bu şans o dövrdə ola da bilərdi, olmaya da. Mən özümü bu mənada haradasa şanslı saya bilərəm. Amma dövrdən asılı olmayaraq, daim işləmişəm. Dayanmamışam. Bu mənada şansla yanaşı, zəhmət, istedad və çalışmaq da vacibdir. Özü də fəxri adı, şan-şöhrəti, mükafatı düşünmədən işləmişəm. Zatən onlar barədə düşünsən, işləməyə vaxt qalmaz. Bəzən deyirlər ki, nə olsun e, biz işləyirik, görüb, dəyər verən yoxdur. Əksəriyyəti yalan danışır. Ola bilər, necə deyərlər, bəxti gətirmir, amma kim ki, işləyir, öz sahəsində peşəkardır, mütəxəssisdir, onun qiyməti verilir. Qiymət deyərkən təkcə dövləti nəzərdə tutmuram ki. Burada xalqın, cəmiyyətin münasibətindən də söhbət gedir. Bu münasibət küçədə-bayırda olanda elə aydın görünür ki...

– Siz həm də böyük bir rejissorun əlindən su içdiniz. Sözsüz ki, Adil İsgəndərovun kursunda oxumaq başqa məqamdır. Amma siz milli teatrımızda inqilab eləmiş Tofiq Kazımovun kəşflərindənsiz.

– Mənim üçün ən əziz amil müəllimlərimdi. Məsələn, Adil müəllim, Təhmasib müəllim,  teatrda Tofiq müəllim. Özü də Tofiq müəllim tək mənim yox, teatrdakı aktyor ansamblının yaradıcısı idi. Arada düşünürəm ki, bəlkə də heç Tofiq müəllimə dram teatrı lazım deyildi. Onun öz teatrı olmalıydı. Sadəcə, sovetlər birliyində bu, elə də asan görünmürdü, daha doğrusu, Moskvadakılar kimi bizlərə bunun üçün imkan vermirdilər. Tofiq müəllim də bunu nəzərə alaraq sanki, teatr içində özünün teatr laboratoriyasını yaratdı.

– Yəni teatrı ənənəçilikdən, qəlibindən çıxardı.

– Qəlibdən çıxarmaq nədir ki? Demək olar ki, söküb-dağıtdı. O, böyük rejissor idi. O, dünyasını dəyişənədək mən o teatrda irili-xırdalı bütün rolları oynadım. Bu minvalla dram teatrında 35 ilə yaxın çalışdım. Düzdü, arada Musiqili Komediya  Teatrında dəvət əsasında bir neçə tamaşada oynadım. 90-cı illər, ondan da əvvəlki dövrlər idi. Sonra  yenidən Dram teatrına qayıtdım, 1993-cü ildə “İlham” miniatür teatrını açdım. Teatrların hər biri mənim üçün doğma oldu və buna görə rejissorlarıma təşəkkür edirəm. Məsələn, təcrübəmdə operetta da var. Onu deyim ki, mən Akademik Musiqili Teatrda çalışdığım dövrdə, özü də orada teatrın repertuarında “Arşın mal alan” gedə-gedə Opera və Balet Teatrındakı “Arşın mal alan”da oynamağı xahiş etdilər və gedib oynadım.

– Yəqin ki, ulduzlar uzaqdan daha cazibədar görünür deyə.

– Bilmirəm, bəlkə də. Amma o ansambl da mənim üçün çox maraqlı idi.

– Amma orada opera solistləri, vokalçılar. Yəqin onların içində oynamaq elə də asan olmadı.

– Bəli, amma mən də axı fağır adamam (gülür). Sonra yenə Musiqili Komediya Teatrında – mən adı dəyişsə də, ona elə belə deyirəm – oynadığım rollar. Yəni həyatım rollar, tamaşalarımla keçib. Kukla teatrında da “Bizim Don-Kixot” oynamışam.

– 70-inizdə Don Kixotluq eləmisiz...

– Mən Don Kixotluğu həmişə edirəm və bu qayəmdir. Mən Şamaxının Sarıtorpaq məhəlləsindənəm axı. Biz o “qırmızı şamaxılı”yıq, saxlamırıq, deyirik sözümüzü. Sözüm ondadır ki, o gün də, bu gün də işləmişəm, sənətim ilə məşğul olmuşam. Televiziya tamaşaları, pedaqoji fəaliyyət...

– Söhbət çalışdığınız Musiqili Teatrdan düşmüşkən, bəlkə bu komediyasızlığın da səbəbləri var. Məsələn, bəlkə komediya o məqamında deyil. Çünki nüvəsindəki satira, cəsarət azdır...

– Bilirsiz, hər teatrın öz siması olmalıdır. Əsas budur. Başqa teatrların repertuarındakı əsərləri  götürüb, teatrın profilinə uyğun oldu-olmadı səhnəyə qoymaq, məncə, düzgün deyil. Amma əsas məsələ o da deyil. Teatrın siması olması üçün təyin olunan baş rejissorun səlahiyyətləri yerində olmalıdır. Bayaq Tofiq Kazımovdan danışdıq. Bu gün bizə də istedadlı, maraqlı baxışı, zövqü olan baş rejissor təyin olunub. Sadəcə, ona işləmək üçün imkan vermək lazımdır. Bütün dövrlər üçün teatrın beyni onun baş rejissorudur. Hamıya, hamısına hörmətim var, bu, öz yerində. Amma baş rejissora  kömək etmək lazımdır, diktə yox. Teatrın inkişafına çalışmaq, bunu istəmək üçün də gərək onu hərtərəfli sevəsən, ona şəxsi əşya kimi yanaşmayasan... Qısası, teatrın repertuar siyasəti, öz ənənəsi olmalıdır.

– Axı teatrlar həm də eksperimentlər edir. Sizcə, yaşı 100-ü adlamış teatrlar da bu tendensiyaya qoşulmalıdır, yoxsa oturuşmuş ənənəsinin arxasınca getməlidir?

– Paradoksal bir şey deyəcəm. Artıq bizim teatrda 18+ tamaşa da hazırlayırlar.

– Baxmısınız?

– Yox, şəkillərini gördüm, xəcalət çəkdim, toxundu mənə. Məndə düşmənçilik yoxdur, qeybətdən də zəhləm gedir. Amma həm də ürəyim yanır axı. Kim olur-olsun, çəkinmədən fikrimi deyirəm, deyəcəm. Məni yandıran odur ki, tamaşada tələbəm oynayır.

– Siz bu ay premyerası nəzərdə tutulan “Matryoşka”dan danışırsınız? Tələbələrinizdir orada oynayanlar?

– Bəs nə? Gültac Əlili tələbəm olub, onu teatra mən gətirmişəm. Zəng eləyib ona da sözümü dedim.

– Axı o, aktrisadır, oyna deyirlər, oynayır.

– Bilirəm, gərək insan özünü də nədənsə saxlasın. Məni məlumatsız adam saymayın ha. 18+ tamaşalar müstəqil teatrlarda oynanılsın və istəyən tamaşaçı da gedib orada baxsın, amma akademik teatrda yox. Bu teatrın simasına uyğun o qədər mövzular, gözəl əsərlər var ki, kifayət qədər maraqlı repertuar planı qurmaq olar. Biz bu gün varıq, sabah yox, amma deyirik, danışırıq, qulaq asın da. Axı, məqsədimiz ömrümüzü verdiyimiz teatrın, sənətin inkişafıdır. Bilirsiz, olmazı bilən, tərbiyəli adam bunları da bilir və bilməlidir də.

– Gəlin, yubiley ovqatınıza qayıdaq, qanınızı qaraltmayım. Eşitdim 75 yaşınızda da səhnədə Əliqulunu evləndirirsiniz. Özü də, deyəsən, əsas heyət keçmiş tələbələrinizdir.

– Bəli, “Əliqulu evlənir” tamaşasını hazırlayıram. Çoxu da tələbələrimdir. Bundan əvvəl “Amerikalı kürəkən”i də əsasən tələbələrimlə qurmuşdum. Bu məni çox sevindirir.

– Deməli, bu mənada da sizi yaxşı müəllim hesab eləmək olar. Tələbələrinizlə auditoriyada sağollaşmır, onlar üçün qapılar döyürsünüz.

– Onların əksəriyyəti rəhmətlik Hacıbaba Bağırovun vaxtında teatra gəliblər. Ruhu şad olsun, xahiş eləmişəm, inanıb, götürüb işə.

– İlham müəllim, bu gün dərs dediyiniz universitetin məzunlarından söz düşərkən  müəyyən narazılıqlar da səsləndirilir. Düzdür, aktyor səhnədə yetişir. Amma bunun bir də tədris məqamı var.

– Vallah, elə tələbə vaxtından istedad da, bilik də, bacarıq da görünür. Sözsüz ki, bunu da ən yaxşı müəllimi bilir. Mən də bunu duyan müəllim kimi istedadlı adamlara yol açan Hacıbaba müəllimə ağız açırdım və o da gənclərin teatrda işə götürülməsinə şərait yaradırdı. Tanıyanlar yaxşı bilir, heç vaxt istedadsız tələbəmə görə kiməsə ağız açmaram. İstedadsız tələbə haqqında danışmaram da. Kömək edərəm, amma başqa yerdə, işdə, səhnədə yox. Çünki səhnə insanları “udur”. Zarafat deyil, səhnə səni elə “udar” ki, görünməzsən də. İstedad olmasa, sən aktyora baxa bilməzsən. Biz istedad vermirik, onu yönəldirik. Müəllimlərim mənə istedad verməyiblər.

– İndiki nəsil bir az da daha tələbkardır, deyəsən.

– Bilirsiz, bu, qoyulmamış qanunlar, nizam da pozulub e elə bil. Bax, bu gün dövlət tərəfindən bizim sahəyə diqqət artıb və bu ən əvvəl də məvaciblərdə hiss olunur. Akademik statuslu teatrlarda çalışanlarda xüsusilə. İndi gəlin görək məşqə gəlirlərmi? Xınayaxdılara, toylara, dayaz seriallara gedirlər. Di gəl  bunlarla məşq elə də görüm, necə edirsən. Bəziləri üçün təəssüf ki, teatr ikinci dərəcəlidir. Ay balam, biz də çəkilişlərə, televiziyalara, verilişlərə, dərsə getmişik də. Bəlkə də onların çoxundan çox getmişəm. Amma heç bir kənar işə görə teatrın işini – məşqi, tamaşanı pozmuram. Teatr – əsas iş yerimiz daim birinci dərəcəli olub. Ay aktyor, bu maaş səni qane etmir, get, qoy işləyən, buranı özünə əsas iş yeri sayan gəlsin, biz də işimizi bilək də. Yox, getmir. Niyə? Çünki fəxri ad, mükafat gözləyir. Çox teatr indi bu gündədir, bəlkə də. Sadəcə, səs-səmir çıxmır.

– Akademik Musiqili Teatra gəliş səbəbiniz həmişə mənə maraqlı olub.

– Deyim də, nigaran qalmayın (gülür). Rəhmətlik Hacıbaba Bağırov ilə yaxın idik. İndi də onu yaxın dost bilirəm, baxmayaraq ki, bu dünyada yoxdur. Hə, onu çalışdığım kafedraya müəllim işləməyə dəvət elədim. Sonra da ondan təklif gəldi ki, gedib Musiqili Komediya Teatrında tamaşa qoyum. Hətta onun arzusu idi ki, bir səhnədə tamaşa oynayaq. Təəssüf ki, dünyasını dəyişdi.

– Bir aktyor kimi, yaradıcılıq tamamlığınızı Milli Dram Teatrında tapdınız, yoxsa burada?

– Mən buna ehtiyac kimi yox, yaradıcılıq kimi baxıram və harada oynamağımdan asılı olmayaraq, hər biri mənim üçün doğma olub və hansı rol üzərində işləmişəmsə, o rol mənə əzizdir.

– Teatrın heç kimə lazım olmadığı dövrdə teatr da yaratdınız. “İlham” miniatür teatrı hansı ehtiyacdan yarandı və nə zaman artıq bitdi dediniz?

– O zaman Rusiyada xeyli teatr yaranmışdı və düşünürdüm ki, belə dişli, azad düşüncəli teatr bizdə də niyə olmasın?! Qoy, tamaşaçının ürəyində olanı səhnədən deyə bilsin.  Yarandı, yaxşı da kollektiv yığıldı, zəngin repertuarı oldu. Yaxşı dostlarım, yaxşı və işində peşəkar dramaturqlar, bəstəkarlar, rəssamlar toplandı, 30-dan artıq tamaşa hazırlandı, baxıldı. Düşünürəm ki, öz dövrünü, daha doğrusu, missiyasını tamamladı.

– Bayaq yeni hazırladığınız tamaşadan söz düşdü.  Rejissor və aktyorun bir qəlibə salınması, yəni ampluada saxlanılmasına necədir münasibətiniz?

– İstedad və yaşından asılı olmayaraq, aktyor rejissorun tablosunda bir rəngdir. Onun o tablonu korlamağa ixtiyarı yoxdur. Sən öz rolunu oyna, vəssalam. Bəzən aktyorlar lazımsız sözlər deyir, artıq görünmək üçün sözçülük edirlər. Bu improvizə yox, özfəaliyyətdir, biabırçılıqdır. İmprovizəni də hər aktyor bacarmır və heç lazım da deyil. O ki qaldı mən hazırladığım tamaşalara, orada da kimdən nə istədiyimi özüm bilirəm də.  Rejissor rəssam kimidir və aktyor rejissoruna inanmalıdır. Mizanı rejissor verir, amma aktyorun əvəzində onu icra eləmir axı. Vallah, mən də heç bir aktyorun hambalı deyiləm ki, onun əvəzinə oynayım. Heç bir rejissora da imkan vermərəm ki, mənim yerimə nə isə eləsin. Bütün bunlarla bərabər, mən heç bir rolun da həsrətində olmamışam, istədiyim, rejissorların verdiyi bütün rolları oynamışam. Qoy o rol sevinsin ki, onu İlham Namiq Kamal oynayacaq (gülür).

– Hərçənd sizin nəsil aktyorların çoxu rolsuzluqdan gileylənirlər.

– Sənə hansısa rejissor rol verirsə, o, etimad göstərir. Sən də gərək o etimadı  doğruldasan da. Bircə dəfə onu yanıltdınsa, vəssalam, ömründə rol verməz. Bu mənada aktyor gərək hər yaşda meydanda, öz formasında olsun. Biz aktyorların səhnə, sənətdə bundan böyük istəyi yoxdur – səhnədə olmaq, oynamaq, tamaşaçıların önünə çıxmaq.

– Son suallarımı verirəm. İlham müəllimin özünün ilham mənbəyi nədir?

– Mən təbiəti çox sevirəm və məqam olan kimi Şamaxıya, Sarıtorpağa qaçıram. Xudmani bir bağım var. Orada özümü tamam başqa cür hiss edirəm, rahat, xoşhal oluram. Qulaq asmağı sevirəm. İndi insanlar arasında ən çox bu çatışmır. Hamı danışır, heç kim bir-birini dinləmir, hiss etmir, sadəcə, danışırlar. Cavan da, qoca da. 

– Özünüzə arzunuz.

– Bacaraq, salamat olaq.

 

Söhbətləşdi: Həmidə Nizamiqızı

Mədəniyyət .- 2024.- 19 yanvar(¹5).-S.7.