Xalq
yazıçısı Anar “Məktəbdə...”
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri
Xalq yazıçısı Anar yanvarın 18-də “Məktəbdə...”
layihəsinin qonağı olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi
(BŞTİ) tərəfindən reallaşdırılan layihənin
növbəti görüşü Bakıdakı 276 nömrəli
tam orta məktəbdə keçirilib.
Xalq yazıçısı əvvəlcə məktəblə
tanış olub, təhsil ocağının kitabxanasına
baş çəkib, buradakı bədii ədəbiyyat
nümunələri ilə maraqlanıb.
Anar xatirələrlə dolu məktəb illərinin
ömür səhifəsindəki yerindən, insan şəxsiyyətinin
formalaşmasında məktəbin, müəllimin rolundan
söz açıb. Vətənpərvərlik tərbiyəsinin
aşılanmasında kitabların əhəmiyyətindən,
mütaliə mədəniyyətinin formalaşmasında təhsil
ocaqlarının üzərinə düşən vəzifələrdən
də söz açan yazıçı gənclərə
bir sıra klassiklər və çağdaş yazarların əsərlərindən
bəhrələnməyi tövsiyə edib. Bu gün çox
istedadlı, yaradıcı gəncliyin yetişdiyini deyən
AYB sədri onların parlaq əsərlər
yaradacağına inandığını söyləyib.
Yazıçı Azərbaycan xalqının
azadlıq mübarizəsinin carçısı olan 20 Yanvar
hadisələri, Qarabağda qazanılan möhtəşəm
Zəfərə həsr olunan bədii ədəbiyyat
nümunələrindən bəhs edib, ədəbi nəsillər
arasındakı mükalimədən, bu gün gənclərin
mütaliəyə marağını azaldan elektron resurslardan,
sosial şəbəkələrin müsbət və mənfi
tərəflərindən danışıb. O, məktəblilərə
məsləhətlərini verib, onları
düşündürən sualları cavablandırıb.
Daha sonra Anar məktəblilərə imzalı
kitablarını hədiyyə edib.
“Məktəbdə...” layihəsinin əsas məqsədi
şagirdlərdə mütaliəyə marağı
artırmaq, vaxtın düzgün idarə olunması, sosial
şəbəkələrə aludəçiliyin aradan
qaldırılması və mövcud imkanlardan səmərəli
istifadə yollarını təbliğ etməkdir.
Mədəniyyət .- 2024.- 19 yanvar(№5).-S.3.