Hüzn içində
sonsuz qürur...
20 Yanvardan 34 il ötür
Yeni tariximizin mətanət və dəyanət səhifəsi
olan, Azərbaycanın suverenliyi və dövlət müstəqilliyi
yolunda ilk şəhidlərini verdiyi, hər zaman hüzn
içində qürurla yad edəcəyimiz 20 Yanvardan 34 il
ötür.
Dilimizdə, dini-mənəvi dəyərlər
sistemimizdə yüzilliklər öncədən olsa da, etiraf
edək ki, şəhidliyin uca anlamı, torpaq, Vətən
uğrunda şəhadətin dərin mənası bizim
üçün ən yaxın tariximizdə məhz 20 Yanvarda
əyan oldu. O gecə güllə yağışında
torpağa düşənlər sayəsində torpağın necə Vətən
olduğunu bəlkə də çoxumuz ilk dəfə dərk
elədik...
Həmin gecə Bakıda gülləbaran edilən
xalq doğma torpağını, milli heysiyyətini, Azərbaycanın
suverenliyini, ərazi bütövlüyünü qorumaq istəyirdi.
1990-cı ilin yanvar gecəsi “Azadlıq!” hayqıranlar ondan iki
il öncə “Qarabağ bizimdir – bizim olacaq!” şüarı
ilə meydanlara çıxmışdılar.
O gecə can verəndə də gözləri arxada
qalmışdı, Qarabağ necə oldu, bu Vətən necə
olacaq deyə. Eyni zamanda gözləri sabaha dikilmişdi.
Bəxtiyar Vahabzadənin həzin, duyğulu
misralarında vurğulandığı kimi:
Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.
1990-cı il yanvarın 20-nə keçən gecə
sovet hərb maşınının törətdiyi
qırğın Azərbaycan xalqını sındırmaq, Vətən
torpağı uğrunda mübarizliyini məhv etmək məqsədi
daşıyırdı. Amma xalqımız həmin faciənin
ağırlığı altında sınmadı, qürurunu
itirmədi. Müstəqil Azərbaycan onun uğrunda
canından keçənlərin xatirəsinə ən
böyük abidə oldu.
Vətənin ərazi bütövlüyünün bərpası,
bütün sərhədləri içində suverenliyinin bərqərar
olması 20 Yanvar şəhidləri üçün də ədalətin
zəfər çalması idi. O gecə şəhadət
yoluna “Qarabağ!” deyə çıxanların da ruhu indi
şaddır.
20 Yanvarı ilk ildönümündən başlayaraq
hüzn və qürur günü kimi qeyd etmişik. O hüzn
içindəki qürur isə indi daha böyükdür və
əbədi belə olacaq...
Mədəniyyət .- 2024.- 19 yanvar(¹5).-S.1.