Mədəniyyətimizin
böyük hamisi
İllərin
xronikasından (93)
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə
olduğu bir qərinədən artıq dövrdə,
doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər,
mədəni irsimizin qorunması və zənginləşdirilməsi,
milli incəsənətin, ədəbiyyatın
inkişafı, respublikada mədəni-maarif işinin
qabaqcıl səviyyədə təşkili sahəsində
müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət
və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin
bütün mərhələlərində – sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində
çalışdığı vaxtda və müstəqil Azərbaycana
onillik prezidentliyi dövründə tarixin yaddaşına
çoxsaylı səhifələrlə yazılıb. O hər
zaman və hər yerdə Azərbaycan mədəniyyətinin
böyük hamisi olub. Bununla bağlı illərin
xronikasından seçmələrin dərcini davam etdiririk.
(əvvəli ötən sayımızda)
2000-ci il 2 sentyabr
Prezident Heydər Əliyev Azərbaycana səfərə
gələn məşhur Norveç səyyahı Tur
Heyerdalı qəbul edib.
2000-ci il 11 sentyabr
ABŞ-yə işgüzar səfəri gedişində
Vaşinqtonda Azərbaycan Ticarət və Mədəniyyət
Mərkəzinin açılış mərasimində nitq
söyləyib.
2000-ci il 4 oktyabr
Azərbaycan musiqi sənətinin inkişafindakı
xidmətlərinə görə bəstəkar Xəyyam Mirzəzadənin
“Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
fərman imzalayıb.
Xalq artisti Xəyyam Mirzəzadəyə 65 illik yubileyi
münasibətilə təbrik məktubu göndərib.
2000-ci il 5 oktyabr
Xalq artisti bəstəkar Tofiq Quliyevin (4 oktyabrda vəfat
etmişdi – red.) dəfninin təşkili üzrə Dövlət
Komissiyası haqqında sərəncam imzalayıb.
2000-ci il 9 oktyabr
Filarmoniyada Mistislav Rostropoviçin iştirakı ilə
keçirilən konsertdə olub. Konsertdən sonra səhnə
arxasında maestro ilə görüşüb.
“...Sizə təşəkkür etmək istəyirəm,
ona görə ki, hər bir gəlişinizlə və
görüşlərinizlə, keçdiyiniz ustad dərsləri
ilə, nəhayət, şübhəsiz ki, konsertlə
xalqımızın, Azərbaycanın mədəni həyatını
zənginləşdirirsiniz. Açığını deyəcəyəm,
Siz buraya gəlməyə başlayan vaxtdan bəri çox
şey dəyişmişdir. Baxın, orkestr necə də dəyişmişdir.
Biz ona nə qədər qayğı göstərsək də,
– əməkhaqqını qaldırdıq, geyim tikdirdik. alətlər
aldıq – bunlar hələ hər şey demək deyildir.
Başlıcası odur ki, hər dəfə gəlişinizlə
orkestrin səviyyəsini qaldırırsınız... Mən
çox böyük zövq aldım... İncəsənət
xadimlərimizə və bizə – sıravi dinləyicilərə
böyük sevinc bəxş etdiniz...”.
2000-ci il 28 oktyabr
Azərbaycan Respublikasının mədəniyyət
xadimlərinə fəxri adların verilməsi haqqında fərman
imzalayıb. Fərmanla 31 nəfər mədəniyyət
xadiminə “Xalq artisti”, 11 nəfərə “Əməkdar incəsənət
xadimi”, 65 nəfərə “Əməkdar artist”, 10 nəfərə
“Əməkdar mədəniyyət işçisi” fəxri
adları verilib.
2000-ci il 12 noyabr
Respublika Sarayında SSRİ-nin və Rusiyanın Xalq
artisti Alla Puqaçovanın konsertində iştirak edib.
Konsertdən sonra səhnə arxasına gələrək Alla
Puqaçova ilə görüşüb.
2000-ci il 25 noyabr
Respublika Sarayında “Uşaqlar gələcəyimizdir!”
devizi altında keçirilmiş konsertdə iştirak edib.
Konsert Mehriban Əliyevanın rəhbərlik etdiyi Azərbaycan
Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü
ilə xəstə uşaqlara kömək üçün təşkil
olunmuşdu. Konsertdən sonra Heydər Əliyev səhnə
arxasına gələrək Azərbaycanın və
Rusiyanın incəsənət ustalarını uğurlu
çıxışları münasibətilə təbrik
edib.
“...Bugünkü əla
çıxışınıza görə təşəkkürümü
bildirir və sizə yeni-yeni yaradıcılıq
uğurları arzulayıram. Təbii ki, bu konsertdə bizə
böyük fərəh verən bir də odur ki,
salondakılar rus musiqisini və Azərbaycan musiqisini eyni dərəcədə
sevirlər, eyni ruh yüksəkliyi ilə
qarşılanır. Hesab edirəm ki, bu, çox mühüm
cəhətdir. Mən şadam ki, bizim xalqımız,
xüsusən gənclərimiz təkcə öz milli musiqimizi
sevməklə kifayətlənmir. Onlar öz milli mədəniyyətlərinə
böyük məhəbbət bəsləyirlər, eyni
zamanda, başqa xalqların musiqisini və
mahnılarını dinləməyi xoşlayırlar...”.
2000-ci il 7 dekabr
Azərbaycan musiqi sənətinin
inkişafındakı xidmətlərinə görə Xalq
artisti, bəstəkar Tofiq Bakıxanovu “Şöhrət”
ordeni ilə təltif edib. Sənətkara 70 illik yubileyi
münasibətilə təbrik məktubu ünvanlayıb.
2000-ci il 8 dekabr
“Azərbaycanda məcburi köçkünlər:
Avtoportret” fotosərgisinin açılış mərasimində
iştirak edib və nitq söyləyib. Sərgidə
nümayiş etdirilən şəkilləri çəkmiş
məcburi köçkün gənclərlə
görüşüb.
“...Bu sərginin xüsusiyyəti ondan ibarətdir ki,
o, Ermənistanın təcavüzü nəticəsində
işğal olunmuş Azərbaycan torpaqlarından zorla
çıxarılmış vətəndaşlarımızın
çadırlarda ağır şəraitdə
yaşadıqlarını, onların gündəlik həyatını
əks etdirir. Sərginin digər xüsusiyyəti ondan ibarətdir
ki, buradakı fotoşəkillərin müəllifləri həmin
o ağır vəziyyətdə yaşayanlar və xüsusən
də uşaqlardır... Bu faciəni hamımız
yaşayırıq, bütün Azərbaycan xalqı
yaşayır. Ancaq faciənin əsas əzab-əziyyətlərini,
ən böyük çətinliklərini yaşayan
qaçqın və köçkün vəziyyətində
olan həmin vətəndaşlarımız,
çadırlarda doğulmuş uşaqlarımız, yaxud
çadıra gələrkən çox kiçik
yaşında olub, orada böyüyərək həyat sürən
uşaqlarımızdır, gənclərimizdir. Ona görə
də sərgiyə baxanda ilk növbədə onların
ağır vəziyyəti göz önünə gəlir.
Eyni zamanda bu sərgi bizim ağır vəziyyətdə
yaşayan insanlarımızın nə qədər
dözümlü, nə qədər dəyanətli
olduqlarını göstərir...
Ermənistan silahlı qüvvələri tərəfindən
işğal olunmuş torpaqlarımız mütləq azad
olunacaq, indi ağır vəziyyətdə yaşayan,
çadırlarda həyat sürən insanlar öz yerlərinə-yurdlarına
qayıdacaqlar... Azərbaycan dövləti ötən illərdə
bundan ötrü çox işlər görüb, indi də
görülür və görüləcəkdir. Heç
şübhə etmirəm ki, bütün bunlar öz nəticəsini
verəcəkdir.
Ancaq Azərbaycanın düşdüyü belə
ağır vəziyyəti ölkəmizin
qaçqınlarının və köçkünlərinin
real həyatı – bu böyük faciə gərək
dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara
daha da aydın olsun, olduğu kimi çatdırılsın...
İtaliyanın “ACİP” şirkətinin təşəbbüsü,
yəni belə bir fotosərginin yaranması və xüsusən,
burada deyildiyi kimi, bu fotoşəkillərin İtaliyada və
başqa ölkələrdə nümayiş etdirilməsi
bizim üzərimizə düşən vəzifələrin
həyata keçirilməsi üçün çox gərəkli
bir təşəbbüsdür, yüksək qiymətə
layiqdir...”.
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət .- 2024.- 19 yanvar(¹5).-S.5.