Tanınmış heykəltaraş Telman Zeynalov vəfat edib

 

 

Azərbaycan mədəniyyətinə itki üz verib. Tanınmış heykəltaraş, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü Telman Zeynalov yanvarın 12-də, ömrünün 93-cü ilində vəfat edib.

Telman Heydər oğlu Zeynalov 20 oktyabr 1931-ci ildə Bakıda anadan olub. 1955-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1962-ci ildə V.Muxina adına Leninqrad Ali Bədii-Sənaye Məktəbini bitirib. Respublika, ümumittifaq və beynəlxalq sərgilərdə iştirak edib, 1965-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv olub. 1977–1991-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı (ARİ) yanında heykəltaraşlıq üzrə bədii şuranın sədri kimi çalışıb.

T.Zeynalov qardaşı Eldar Zeynalovla birgə bir çox uğurlu işlərə imza atıb. Onların 80-ci illərin sonunda Nizami Gəncəvinin “Xəmsə”sinə həsr olunmuş kompozisiyaları Bakıdakı Fəvvarələr meydanında qoyulub. Sənətkar qardaşların maraqlı işlərindən biri də 1991-ci ildə Moskvada ucaldılan Nizami Gəncəvinin abidəsidir. Sənətkarın II Dünya müharibəsində həlak olan hərbçilərin xatirəsinə hazırladığı və Lənkəranda ucaldılan monument (1978) respublikanın Dövlət mükafatına layiq görülüb. Heykəltaraş 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Allah rəhmət eləsin.

 

Mədəniyyət .- 2024.- 19 yanvar(№5).-S.6.