Qarşısında
aciz qalınmış...
Dörd teatrdan keçən nisgilli sənət yolu
haqqında söhbət
O söhbətdə şıltaq qız da vardı,
istedadlı aktrisa da. Arabir yolum dərdli, yeganə
övladını itirməyin ağrısı ilə qovrulan
ana ilə də kəsişdi. Hıçqırtılar,
göz yaşı içində deyilən sözlər
yaddaşımı yaraladı. Sonra söhbət teatrdan, sənətdən
düşəndə o, bülbül kimi cəh-cəh vuraraq
rollarından, səhnədəki qəhrəmanlarından
danışan məsum uşağa döndü. Məhz o an
günəşin üzünü tutub, dolub-boşalan buludlar
dağıldı, əvəzində göy qurşağı
çıxdı və biz 60 illik ömrün 40 ilini səhnə-səhnə
onunla “gəzdik”...
Müsahibim Şuşa Dövlət Musiqili Dram
Teatrının aktrisası Xanirə İsgəndərovadır.
Ağsu rayonunun Kəndoba kəndində, sadə bir ailədə
dünyaya göz açıb. Atası qarmon ifaçısı
kimi el şənliklərinə gedən qəhrəmanım 5
bacı, 3 qardaşdan ibarət böyük bir ailədə səhnə
arzularını həyata keçirən yeganə insandır.
– Ucqar kənddə doğulan qız niyə teatrı
seçdi?
– Özümü dərk edəndən teatrda
olmuşam, ruhən bu dünyadan qopmuşam və
özümü səhnədə tapmışam.
Yadımdadır, uşaq idim, televiziyada teatr, sənət
adamları ilə bağlı verilişləri,
tamaşaları həvəslə seyr edirdim.
– Bu həvəslə də evdən qaçmaq qərarına
gəldiniz...
– Onda artıq 20 yaşım vardı. Teatr həvəsim
içimdə ölmürdü, əksinə, hər gün
alovlanırdı. Günlərin bir günü bacıma və
bibim qızına bu niyyətimi – yəni evdən qaçmaq
barədə fikrimi dedim. Onlar məni
bu fikirdən daşındırmağa çalışsalar
da, alınmadı. Qaldılar kəsilə-kəsilə. Məndə
bu sənətə olduqca böyük həvəs vardı və
ölümü belə gözə almışdım.
– Sənət dostlarınız sizə qaçaq
qız, itkin gəlin də deyir arada. Mənə
maraqlıdır ömründə nəinki başqa şəhər
və rayona, heç doğulduğu kənddən rayon mərkəzinə
belə təkbaşına getməyən qız hansı
qurdun ürəyini yemişdi ki, Ağsudan Ağdama gedib
çıxdı?
– (Gülür) Bir gün yenə televizora
baxırdım. Ağdam Dövlət Dram Teatrının
baş rejissoru, sənət fədaisi, ustadım Məmmədkamal
Kazımov çıxış edirdi. O, müsahibəsində
dedi ki, Ağdam teatrında gənclərə ehtiyac var və
həvəsi olanlar açdığımız studiyaya gələ
bilərlər, biz onları yetişdirəcəyik.
İnanın, elə bildim ki, dünya bir anda gözəlləşdi.
Axı mən o günə qədər elə sanırdım
ki, teatrda yalnız institutu qurtaranlar çalışa bilərlər.
Məmmədkamal müəllimin bu sözləri, mehriban təbəssümü
mənə qol-qanad verdi. Bu fikirlə durub
yığışdım. Bacıma fikrimi deyəndə əl-ayağı
əsməyə başladı. Mən isə artıq qərarımı
vermişdim. Gecə gedib rəfiqəmgildə qaldım.
Pul-param da yox. Rəfiqəm niyyətimi anasına deyəndə
qadın daş atıb başını tutdu ki, yox, biz
qonşular düşmən olacağıq, atan deyəcək
ki, qızım sənin evindən qaçıb.
Düşdüm qadının əl-ayağına ki, bəs
eləmə, atam bilsə məni öldürər. Yəqin o
elə zənn edir ki, mən kiməsə qoşulub
qaçmışam. Yalvar-yaxardan sonra qadının ürəyi
ağrıdı, insafa gəldi, hətta cibimə cüzi
miqdarda pul da qoydu. Sübh tezdən kəndimizdən rayon mərkəzinə
gedən avtobusa mindim. Təsəvvür edin ki, Ağsuya
heç vaxt getməyən adamam. Amma siz demiş, qurd ürəyi
yemişəm də, nə olar, olar.
Rayon mərkəzinə çatdım. Avtobusların
qarşısına yüyürürəm, tutuquşu kimi eyni
sualı verirəm: “Ay əmi, siz Ağadama gedirsiz?”. Sən
demə, Ağdama gedən avtobus yoxuymuş. Mən də
bilmirəm. Həyəcanla ətrafıma baxıram ki, bu saat
atam gəlib, məni aparacaq. Bu zaman ortayaşlı bir kişi
“Mən Gəncəyə gedirəm, amma Bərdədən
keçəcəm. Ağdama yaxın yerdə səni
düşürərəm” dedi. Düzü, bir az qorxdum. Məni
arxayın elədikdən sonra avtobusa mindim. 3 manat pul ilə gəlib
çıxdım Ağdama, oradan da soraqlayıb
çatdım teatra. Artıq gün batırdı. İş
gününün sonu idi. Özümü yetirib əhvalatı
danışanda ətrafıma yığılan teatr əməkdaşları
heyrətə gəldilər. Məmmədkamal müəllim
“Ailənə xəbər verməliyik” dedi və yalvarsam da,
valideynlərimə zəng elədi.
Həmin gecə teatrın süpürgəçisigildə
yatdım. İndi danışanda tüklərim ürpəşir.
Səhəri gün atam özünü yetirdi. Teatrdakılar
hiss elədilər ki, vəziyyət yaxşı olmayacaq.
Teatrın rəhbərliyi, xüsusən də Məmmədkamal
müəllim nə qədər xahiş etsələr də,
atam razılaşmadı və məni evə gətirdi.
Düz bir ay döydülər ki, bir də teatr adı
tutmayım. Qorxumdan nə getmirəm demirəm, nə də
gedəcəm. Atam yazıq mənə öyüd verməkdən
yoruldu. Gördü ki, yeyib-içmir, hər gün
ağlayıram. Axırda bildi ki, mənimlə bacarmır,
qapıdakı tək danamızı satıb pulunu mənə
verdi. Gəldik Ağdam teatrına. Özü məni Məmmədkamal
müəllimə təhvil verdi və hönkürtü ilə
ağladı. Yəqin ona görə də mən nə sənətdə,
nə də həyatda xoşbəxt ola bildim.
(O ağladı və söhbətimiz dayandı. Ona təsəlli
verə bilmədim. Yaddaşımı silkələyib təsəlli
ola biləcək sözləri sıralaya bilərdim. Amma
özüm dinmədim. Çünki hər kəs ona əzab
verən gerçəkliklə üzləşəndə daha
güclü olur. Bir qədər ara verəndən sonra
söhbətə sənətlə davam elədim. Bilirdim, yenə
ayın qabağı açılacaq. Elə də oldu).
– Ağdam teatrına yeni nəfəs kimi gəldiniz,
deyilmi?
– Ağdam teatrı mənə doğma ev, isti qucaq
oldu. 80 manat maaşla aktrisa kimi işə
götürüldüm. Hər ay 45 manatını kirayə
verib, qalan pul ilə xoşbəxt yaşayırdım. Yeni
rollar, yeni sənət dostları və uğurlar qazandım.
Rayonda tanındım, sevildim. Beləcə, beş il o ailədə isti ocaq
tapdım. Teatra gələn gündən yaxşı
rollarım oldu. Yadımda qalanları sayım: “Fərhad və
Şirin”də Şirin, “Oqtay Eloğlu”nda Firəngiz, “Qismət”də
Marta, “Vicdanla üz-üzə”də Nina kimi maraqlı rollar oynadım.
– Yəni yaxşı bir yaradıcılıq yolu
keçdiniz...
– Amma yenə də mənə elə gəlir ki,
çox oynamadım. Bu dünyada mənim yeganə
yanğım səhnə, yeganə aclığım
rollarımadır. Elə bilirəm ki, az oynamışam.
Gözəl gənclik, hər obrazın başqa bir enerjisi, fədakar
sənət adamları ilə bir səhnədə olmaq...
İnsan necə qəribə canlıdır. Bu gün
artıq 60-ı adlamışam, səhnədə də uzun
bir ömür yaşamışam. Amma yenə də deyirəm
ki, filan rolumda filan cür oynamışam, kaş onu yenə
oynaya biləydim. Əslində, yaşadıqlarım məni
həyatdan doydurub, amma səhnədən yox. Çünki tək
enerjim, sevgim, təsəllim rollarım, bax o səhnədir. Nə
qədər oynasam da, elə bilirəm ki, yenə
yarımçıq, yenə azdır. Yəqin ki bilirsiniz, mən
həm də Yazıçılar Birliyinin üzvüyəm,
5-6 kitabım var. Onlardan birində də sırf pyeslərim
toplanıb. “Xalidənin taleyi” pyesim Mingəçevirdə,
“Qulammirzə və Bibixanım” adlı əsərim Ağdam
teatrında səhnəyə qoyuldu. Yəni aktrisa kimi də,
müəllif kimi də sənət eşqim ölmür ki,
ölmür.
Arada təqaüd yaşımı, səhnədən
gedəcəyimi təsəvvür edəndə az qalır
başıma hava gəlsin. Öz-özümə “Xanirə, sən
səhnədən gedən günü öləcəksən
ha” deyirəm. Məni səhnədən ölüm ayırar
yalnız. Nə bilim, bu da bir tale, yazıdır da.
Çünki bu sənətə gəldinsə, çətin
ondan ayrılasan. Üzünüzə ki qrim dəydi ha, bax,
ondan sonra sənəti atmaq çətindir. Düzdür,
söhbət həqiqi sənət fədailərindən
gedir.
– Müharibə, qan-qadalı illər və sizi
Ağdam teatrından perik salan didərginlik...
– Yer-yurdumdan didərgin düşdüm, sonra Qazax
teatrının dəvəti ilə bir neçə gənc
oraya getdik. B.Vahabzadənin “Dar ağacı” əsərində
Çılğın obrazı ilə qısa zamanda rayonda
tanındım. “İntizar”da Gülyaz, “Ulduzdan gələn
adam”da 6 qadın rolunu eyni zamanda oynadım. Eh, xeyli rollarım
oldu. Bundan başqa, dövlət tədbirlərinə, cəbhə
bölgələrinə getdim, tamaşalar göstərdik. Elə taleyimdə dəyişiklik
də Qazax teatrında oldu. İş yoldaşımla evləndim,
oğlumuz oldu. Kasıb, maddi və mənəvi
sıxıntılar girdabında çabalasam da, xoşbəxt
idim. Övladım, ailəm, işim, sevimli rollarım
vardı. Tale mənə bunu da
çox gördü. 90-cı illərin çətinliyində
yoldaşım məni tərk elədi, Rusiyaya getdi və
dönmədi. Biz ana-bala baş-başa verib
yaşayırdıq. Ta o amansız qəzaya qədər. 7
yaşı vardı Röya balamın. Məktəbdən
qayıdarkən maşın vurdu və... O günü
heç vaxt unutmuram. Növbəti tamaşalardan birinin məşqində
idim. Səhnə arxasında edilən söhbət
qulağımı daladı. Dedilər “Röya adlı bir
qızı maşın vurub”. Ürəyim ağzımdan
çıxdı sandım. O an hiss etdim ki, bu qız yox, mənim
oğlum Röyadır. Ona bu adı verəndə nə biləydim
ki, ömürlük röyalarıma köçəcək...
(Söhbətin bu məqamında Şuşa
teatrının foyesində hər tamaşa öncəsi verilən
mini konsert başladı və muğam
üçlüyünün ifasında “Könlüm
düşdü diyar-diyar” səsləndi və biz ikimiz də
kiridik. Ta nəğmə bitənə qədər. Foyedəki
alqış, bunun ardınca ifa olunan növbəti şux
ifa eşidilməz oldu).
Oğluma da bir poema yazdım, ağrılarımı
dilə gətirdim. Həyatdır da. Mən şəhidlərimizin
ağrılarını da şeirə, dastana çevirdim,
yanğımı, vətən və vətənsevərlərə
sevgimi həm də poetik dildə ifadəyə
çalışdım. Beləcə, özümü, ruhumu,
qırıq könlümü aldada-aldada, oxşaya-oxşaya
yaşadım.
– Xanirə xanım, yəqin buna görə dramatik
rollar sizin ifanızda daha təsirli alınır.
– Hə, tale mənə bunu yaraşdırdı. Qoy
yadımdaykən deyim. Dünya başıma uçmuşdu,
Röyam qeybə çəkilmişdi. Heç kim, heç nə
mənə təsəlli ola bilmirdi. Öz-özümə yad
olmuşdum. Amma yenə də səhnə məni həyata
qaytardı. Puç həyatıma işığı yenə
səhnə saldı. Amma Qazaxda qərar tuta bilmədim və
rəfiqəmin təklifi ilə Gəncəyə gəldim. O
vaxt Əməkdar incəsənət xadimi rəhmətlik Vaqif
Şərifov Gəncə teatrının bədii rəhbəri
idi. Məni xeyli danladı, “Səhnəyə, teatra
qayıtmalısan” dedi və mən 1997-ci ildə Gəncə
Dövlət Dram Teatrında işləməyə
başladım. Həm tamaşalar, həm də dövlət
tədbirlərində yenə ifalarım səs saldı. O
teatr mənə arxa-dayaq, sevgi, təsəlli oldu. Yenidən
ana olmaq, o sevinci yaşamaq üçün ailə qurdum. Amma
övladım olmadı.
– Şuşa Dövlət Musiqili Dram Teatrındakı
yolunuz haradan başladı?
– Teatrımızın direktoru, gözəl insan və
sənət dostum Yadigar Muradovu hələ Ağdam
teatrından tanıyırdım. Şuşa teatrına da
2009-cu ildə onun dəvəti ilə gəldim. Bu illər ərzində
Şuşa səhnəsində bir çox tamaşalarda
rollarım olub. Sadəcə, Mirzə Cəlilin “Anamın kitabı”nda
Ana, Hüseyn Cavidin “Ana” dramında da Ana rolunu sadalayım, bəsdir.
– Peşmanlıq hissi ilə indi necə yola
“gedirsiniz”?
– Pis, özü də çox pis. Ağrılı
illərim ən ağır yüküm kimi belimə şəllənib.
Oturub düşünürəm ki, bütün bunlara dəyərdimi?!
Elə bilirsiniz asan olub? Yox, əsla. Amma əmin olun ki,
qarşılaşdığım çətinliklər,
rastıma çıxan pis adamlar, səhnədə, sənətdə
aldığım zərbələrə rəğmən yenə
də taleyimlə razılaşar, yenə də bu sənətə
gələrdim.
– Deməli, ürəyin atəşi, odu, doğrudan
da, qocalmır?
– Qocalsa, ölərik. Ürəyim istəyən
rolları oynayıb, hər zaman səhnədə olsam da, bu
natamamlıq, nisgil, rol yanğısı məni tərk etmir.
İndi yaş-başım da o deyil. Amma enerji və
bacarığımın imkan verdiyi o qədər rollar oynamaq
istəmişəm ki. Sadəcə, yəqin rejissorlar bunu
görməyib. Düzdür, dünənə baxanda
narazılığım yoxdur. Amma yenə də
bacarığımı, aktrisa kimi səhnə
imkanlarımı, xüsusən bu yaşdakı oyun üslub və
texnikamı açan o qədər də rol olmayıb. İstəyirəm
ki, yenə içimdə qaynayan arzularımı səhnədə
tapım. Bir az da çılğınlıq deyərdim buna.
Amma aktrisanın işi həm də rejissorun verdiyi mizan və
obrazın biçilmiş boyunda hərəkətdirsə,
barışmalıyıq sadəcə...
– Necə düşünürsüz,
çalışdığınız dörd teatrdan
hansında potensialınız daha çox üzə
çıxarıldı?
– Ağdam teatrında. Çünki bir aktyorun uğur
hekayəsində onu zamanında kəşf edən rejissor
amili çox vacibdir. Hər şey ondan asılıdır.
Onun görüb, dəyərləndirmək
bacarığı ayrı bir fitrətdir və mən bunu
Ağdam teatrında daha çox görmüşəm.
– Bir də rejissorların sevimli aktyoru amili var.
– Mən də olmuşam. Ağdam, Gəncə və
Qazax teatrlarında. Oralarda aktyor, aktrisa amili, rol
bölgüsündə aktyorun potensialına uyğun
yanaşma əsas idi. Yəni rejissor hər zaman baş rolu, qəhrəman
rollarını eyni adama vermir, baxır, seçir, uyğun dəyərləndirmə
edirdi.
– Belə başa düşürəm ki, bu teatra gəldiyinizə
görə peşmansınız.
– Məhz rol bölgüsü məsələlərinə
görə hə. Qalan hər şey qaydasındadır.
– Deyəsən, hazırda “Dağılan tifaq”
tamaşasında da oynayırsınız. Məşqləriniz
hansı mərhələdədir?
– Bəli, inşallah, bu tamaşa da maraqlı
alınar, baxımlı olar.
– Şuşa teatrı Şuşaya gedərsə...
– Sevə-sevə gedərəm. Axı mənim sənət
yolum Qarabağda başlayıb. Neynək, qoy elə
Qarabağda da bitsin. Heç olmasa, bu arzum gerçəkləşsin...
Eh qızım, dinib-danışmağım yoxdur,
indiyədək heç müsahibəm də olmayıb. Qoy,
ürəyimi burada boşaldım. Bax, atam mənə xeyir-dua
vermədi deyə, hamıdan geridə qaldım. Budur, 60
yaşımı keçmişəm. Nə bir
mükafatım, fəxri adım, nə də bəxtəvər
ailəm oldu. Bütün sevinclərim yarımçıq
qaldı. İndi oturub tez-tez keşkələrlə
baş-başa qalıram. Özümə verdiyim sualı bir də
sizə verim: “Bu gün həyatda da, sənətdə də əlim
boş, ümidlərim öləzimiş haldadır. Sizcə,
bütün bu yaşadıqlarıma dəyərdi?
(Mən ona cavab verə bilmədim)...
Söhbətləşdi: Həmidə
Nizamiqızı
Mədəniyyət .- 2024.- 24 yanvar(¹6).-S.6.