“80 yaş mənə bir qədər qəribə gəlir...”

 

Bu yaş mənə bir qədər qəribə gəlir. Həyatımda bir çox keşməkeşlər olub. Hər halda görünür ki, bu qədər ömür sürməkdə də Allahın bir hikməti varmış...

Yanvarın 22-də 80 yaşı tamam olan Xalq artisti, görkəmli teatr və kino aktyoru Hacı İsmayılov AZƏRTAC-a müsahibəsində belə deyib.

Onun sözlərinə görə, yaş anlamı sənətin növündən asılı olaraq dəyişir, yazıçı, rəssam və aktyor üçün isə yaş əhəmiyyət kəsb etmir.

“...Uşaqlığım İçərişəhərdə keçib. O zamanlar uşaqlarla oynayarkən qala divarlarının üstündə qaçırdıq. İndi hər dəfə oradan keçəndə fikirləşirəm ki, mən o vaxt bunu necə bacarmışam. Bir az böyüdükdən sonra “O olmasın, bu olsun”, “Amfibiya adam” filmlərinin İçərişəhərdə aparılan çəkilişlərinin canlı şahidi olmuşam. Kinoya marağım da elə həmin dövrdən başlayıb...”.

Sənətkar deyir ki, teatra həvəsi də məktəbdə oxuyanda yaranıb. İbtidai sinifdə oxuyanda Tofiq İsmayılovun (sonralar görkəmli kinorejissor, Xalq artisti – red.) rəhbərlik etdiyi yaradıcılıq dərnəyinə üzv yazılıb: “İlk dəfə səhnəyə “Gənc ustalar” adlı birpərdəli pyesdə Mahmud obrazı ilə çıxmışam. Tamaşa günü zal məni tutdu, özümü itirdim. Mətndəki sözlərin yerini qarışdırdım. Səhnə dostlarımın da hamısının baxışları mənə dikilmişdi, özümü ələ alıb toparladım və davam elədim. O gün maraqlı iş ortaya çıxmışdı. Qarşıma məqsəd qoydum ki, nə olursa-olsun, aktyor olacağam. İllər keçdi və yolum Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsinə düşdü...”.

Azərbaycan kinosuna da yaddaqalan obrazlar qalereyası bəxş edən Hacı İsmayılov film çəkmək fikrinə isə heç vaxt düşməyib: “Mən heç vaxt bu barədə düşünməmişəm. Hər sənət sahəsinin özünəməxsus çətinlikləri var. Rejissorluq da belədir. Məncə, hər kəs öz işini ustalıqla görsə, sənət daha da gözəlləşər...”.

Yaratdığı rollara gəlincə isə: “Hamı istəyər ki, səhnədə qəhrəman rolları oynasın. Həyat elə gətirib ki, mən tamam başqa obrazları canlandırmışam. Çox sevinirəm ki, öz rolumu tapdım. O da “Ad günü” filmindəki Mustafa obrazı idi. Belə rollar mənim daxili aləmim və xarakterimə daha uyğundur”.

Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ)  sədri vəzifəsini müvəqqəti icra edən Hacı İsmayılov buraya gəlişindən də söz açıb: “Bu il mənim Teatr Xadimləri İttifaqında çalışmağa başlamağımın 10 ili tamam olur. O vaxt Xalq artisti Azərpaşa Nemətov (ATXİ-nin sədri – red.) məni dəvət eləyəndə çox tərəddüd keçirdim. İndi öz-özümə deyirəm, yaxşı ki, qəbul etmişəm. Ötən illər ərzində bir çox layihələr həyata keçirilib. Sonuncu dəfə “Qonaq teatr” layihəsi çərçivəsində Ağdam, Mingəçevir, Sumqayıt və Şəki teatrları bizim səhnəmizdə maraqlı tamaşalarla çıxış etdilər. Eyni zamanda hər il yubileyləri olan sənətkarlara fəxri diplomlar və xanımlara xüsusi hazırlanmış “qızıl gül” mükafatı təqdim edirik. Yeri gəlmişkən, bu mükafatın verilməsi mənim ideyamdır. 2024-cü ildə də ittifaq yeni layihələrlə teatrsevərləri sevindirəcək”.

 

Mədəniyyət .- 2024.- 24 yanvar(¹6).-S.5.