Bakıda Çin Yeni ili festivalı

 

Qarlı qışda baharı salamlamaq...

 

Yanvarın 23-də Azərbaycan Milli Xalça Muzeyində “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı”nın açılışı keçirildi.

Tədbir Milli Xalça Muzeyi və Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunun təşkilatçılığı, Çinin ölkəmizdəki səfirliyinin dəstəyi ilə gerçəkləşir.

Açılış mərasimində Milli Xalça Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanova bildirdi ki, festival müddətində Çinin qədim çay mərasimi, kalliqrafiya sənəti, uşu və kunq-fu üzrə ustad dərsləri, mühazirələr təşkil olunacaq. Ənənəvi bayram atributları iştirakçılara əsl Çin Yeni ili ab-havası yaşadacaq. Ecazkar ölkənin ənənəvi sənət nümunələri üzrə ustad dərslərini Bakıdakı Konfutsi İnstitutunun müəllimləri aparacaq. Festival çərçivəsində muzeyin Uşaq şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan xalçalarındakı əjdaha təsvirlərinə həsr olunmuş kölgə teatr tamaşası göstəriləcək, əjdaha naxışlı xalçanın toxunması və bu mövzuya aid digər ustad dərsləri keçiriləcək.

Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Min Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiklərini, iki ölkə arasında mədəni əməkdaşlığın münasibətlərin möhkəmlənməsinə xidmət etdiyini bildirdi.

Diqqətə çatdırıldı ki, Yeni ilin başlanması Şərqi Asiya ölkələrində, xüsusən də Çində böyük təmtəraqla qeyd olunur. Dörd min ildən çox tarixə malik Yeni il bayramı Çində bütün ailənin bir yerə toplaşması üçün gözəl fürsətdir.

Çinlilərin ən əziz bayramı olan yaz festivalının bir çox ənənə və ayinlərlə zəngin olduğunu bildirən səfir dedi: “İnsanlar Yeni ilə bir neçə gün əvvəldən tədbir görürlər. Hədiyyələr alır, bayramın rəmzlərini əks etdirən suvenirlər hazırlayırlar. İnanca görə, bayram günü qırmızı geyinmək növbəti ildə uğurlara yol açır...”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Çin Yeni ili münasibətilə təbriklərini çatdırdı. Qeyd etdi ki, Milli Məclisdə Azərbaycan-Çin parlamentlərarası komissiyası ən geniş qrupdur. Millət vəkili iki ölkə arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb.

Tədbir iştirakçılarına Çin dilində müraciət edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Yaşıl Əjdaha ili ilə bağlı əfsanə barədə məlumat verdi. Bildirdi ki, yanvarın 28-dək davam edəcək “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı” iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə olacaq.

Çıxışlardan sonra Çin milli rəqsləri və Konfutsi İnstitutu tələbələrinin çıxışları alqışlarla qarşılandı.

Daha sonra tədbir ustad dərsləri ilə davam etdi.

 

Lalə Azəri

Mədəniyyət .- 2024.- 24 yanvar(¹6).-S.2.