Ekspert şurası
yaradılıb
Repertuar və tamaşaların məzmunu qiymətləndiriləcək
Mədəniyyət Nazirliyi yanında Teatr-tamaşa
müəssisələrinin illik repertuarlarının və
dövlət sifarişi əsasında hazırlanan
tamaşaların məzmununun qiymətləndirilməsi
üzrə Ekspert şurası yaradılıb.
Şura Mədəniyyət Nazirliyinin tabeliyində
olan teatr-tamaşa müəssisələri tərəfindən
təklif edilmiş illik repertuarların və dövlət
sifarişi əsasında hazırlanan tamaşaların
müvafiq müəssisənin profilinə, eləcə də
milli-mənəvi dəyərlərə, cəmiyyət və
dövlətin maraqlarına, sahə üzrə qabaqcıl təcrübəyə
və keyfiyyət meyarlarına uyğunluğunun təmin edilməsinə
nəzarəti həyata keçirir.
Yanvarın 18-də Ekspert şurasının ilk
iclası təşkil olunub. Qeyd edilib ki, repertuar
üçün təqdim olunan layihələr müvafiq
teatrların fəaliyyət istiqamətlərinə, sahə
üzrə qabaqcıl təcrübəyə əsaslanmalı,
keyfiyyət amilinə diqqət yetirilməlidir. Layihələrin
rejissor həllinin, rəssam şərhinin müasir
dövrün tələblərinə cavab verməsi önəmli
məsələdir. Repertuar seçimi zamanı Azərbaycan
dilinin, mədəni dəyərlərimizin qorunması,
inkişafı və zənginləşdirilməsi, cəmiyyətin
bədii-estetik zövqünün
formalaşdırılması, xüsusilə gənclərin
maarifləndirilməsi və vətənpərvərlik ruhunda
tərbiyəsi kimi məqamlar nəzərə
alınmalıdır.
İclasda, həmçinin bildirilib ki, layihələr
hazırlanarkən ideyanın düzgün əsaslandırılması,
məqsəd və vəzifələrinin
aydınlığı, habelə mövzunun
aktuallığı və mədəniyyətin
inkişafı ilə bağlı prioritet istiqamətlərə
uyğunluğuna diqqət göstərilməlidir.
Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə
yaradılan Ekspert şurasına Əməkdar incəsənət
xadimi, sənətşünaslıq doktoru, professor,
Türkdilli Xalqların Teatr Rəhbərləri
Şurasının sədri İsrafil İsrafilov
başçılıq edir. Şuranın tərkibində
doqquz üzv, o cümlədən Əməkdar incəsənət
xadimləri, professorlar Məryəm Əlizadə, Aydın
Talıbzadə, Əli Əmirli, həmçinin ekspertlərin
sırasında sosioloq, psixoloq və teatr rəssamları yer
alıb.
Mədəniyyət .- 2024.- 24 yanvar(№6).-S.3.