Teatr-tamaşa və
konsert müəssisələrinin fəaliyyətinə dair
müşavirə keçirilib
Yanvarın 22-də Beynəlxalq Muğam Mərkəzində
mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə
teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə
həsr olunan müşavirə keçirilib.
Mədəniyyətə dövlət
qayğısından danışan nazir bildirib ki, ölkəmizdə
bu sahənin inkişafına xüsusi diqqət yetirilir.
Prezident İlham Əliyev tərəfindən mədəniyyətin
müxtəlif istiqamətlərinin kompleks inkişafına
xidmət edən ardıcıl addımlar atılır. Mədəniyyət
müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi,
bu sahədə çalışan insanların sosial vəziyyətinin
yaxşılaşdırılması diqqətdə
saxlanılır. Ölkə başçısının sərəncamları
ilə mədəniyyət və incəsənət sahələrinin
inkişafına töhfə verən insanlar müxtəlif
dövlət təltiflərinə, təqaüd və fəxri
adlara layiq görülürlər.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə Heydər Əliyev Fondu tərəfindən mədəniyyətin
inkişafı, təbliği, xüsusilə də mədəniyyət
xadimlərinin sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində
çoxsaylı layihələr həyata keçirilir.
Bununla belə, müasir dövrün
çağırışlarına uyğun olaraq, mədəniyyət
sahəsinə yeni yanaşmalar tətbiq edilməlidir.
Teatr-tamaşa və konsert müəssisələrində
yaradıcılıq potensialının inkişaf etdirilməsinə,
yüksək bədii və estetik dəyərə malik
tamaşaların hazırlanmasına xüsusi diqqət yetirilməlidir.
Müşavirədə qeyd olunub ki, müəssisələrdə
təhlükəsizlik qaydalarına ciddi riayət olunması,
tamaşaçıların və işçilərin təhlükəsizliyinin
təmin edilməsi istiqamətində mütəmadi tədbirlərin
görülməsi, teatr-tamaşa və konsert müəssisələrinin,
habelə Bakı Dövlət Sirkinin fəaliyyəti ilə
bağlı vətəndaşlara xidmət göstərilməsi
işinin təkmilləşdirilməsi istiqamətində
müvafiq təhlillər aparılmalı və konkret tədbirlər
görülməlidir. Bədii şuraların fəaliyyətinin
canlandırılması, kollektivlərə yeni kadrların cəlb
olunması, peşəkarlığın artırılması
və bütün sahələrdə şəffaflığın
təmin edilməsinin zəruriliyi də vurğulanıb.
Azərbaycan Dövlət Akademik Musiqili
Teatrının direktoru Əliqismət Lalayev, Dövlət Gənc
Tamaşaçılar Teatrının direktoru Naidə
İsmayılzadə, Azərbaycan Dövlət Kukla
Teatrının direktoru Rəşad Əhmədzadə,
Dövlət Mahnı Teatrının direktoru Kazım
Qasımov, Dövlət Uşaq Filarmoniyasının direktoru
Dilarə Əliyeva müvafiq sahələr üzrə təkliflərini
səsləndiriblər.
Mədəniyyət .- 2024.- 24 yanvar(№6).-S.3.