COP29 ilə əlaqədar
Təşkilat Komitəsinin ilk iclası keçirilib
Yanvarın 22-də BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyası Tərəflər
Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun
Tərəflər Görüşünün 19-cu
sessiyasının və Paris Sazişinin Tərəflər
Görüşünün 6-cı sessiyasının
keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin
ilk iclası olub.
Azərbaycan Respublikasının Prezidenti
Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin
sədri Samir Nuriyev iclası açaraq, Azərbaycanın
2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli
prioritetlərindən birinin “Təmiz ətraf mühit və
yaşıl artım ölkəsi” kimi müəyyən
edildiyini, ölkəmizin baza ili olan 1990-cı illə
müqayisədə 2030-cu ilə qədər istixana
qazlarının miqdarının 35 faiz azaldılması
öhdəliyini götürdüyünü, işğaldan
azad edilmiş Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarının, habelə Naxçıvan Muxtar
Respublikasının “Yaşıl enerji” zonası elan edildiyini
bildirib.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə
həmrəylik ili” elan olunmas ölkəmizdə ətraf
mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü
və ardıcıl dövlət siyasətinin tərkib hissəsidir.
Vurğulanıb ki, Azərbaycan ətraf mühitin
qorunması və qlobal iqlim dəyişmələri sahəsində
beynəlxalq səyləri daim dəstəkləyir və bu
prosesə töhfələr verir. BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyası Tərəflər
Konfransının növbəti 29-cu sessiyasının ölkəmizdə
keçirilməsi barədə yekdil qərarın qəbul
edilməsi ölkəmizə beynəlxalq səviyyədə
olan hörmət və etimadın bariz göstəricisidir.
Təşkilat Komitəsinin sədri 2023-cü il
dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin COP29-la bağlı keçirilmiş
müşavirədə hazırlıq işlərinə dərhal
başlanılması barədə verdiyi
tapşırığa toxunaraq, tədbirin ən yüksək
səviyyədə keçirilməsi üçün
bütün lazımi tədbirlərin görüləcəyini
bildirib.
Samir Nuriyev bu həftə BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının
Katibliyinin Azərbaycana texniki missiya göndərəcəyini,
dialoq şəraitində hazırlıq işlərinin
aparılacağını deyib, eyni zamanda, beynəlxalq
ictimaiyyətin məsuliyyətli üzvü və etibarlı
tərəfdaş kimi Azərbaycanın əvvəlki illərdə
COP-a ev sahibliyi etmiş ölkələrlə təcrübə
mübadiləsi apardığını diqqətə
çatdırıb.
Ekologiya və təbii sərvətlər naziri,
COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev
dövlətimizin başçısının COP29-la
bağlı tapşırıqlarının icrası istiqamətində
görülmüş işlər barədə məlumat
verib.
Təşkilat Komitəsinin üzvlərinin gündəlikdə
duran məsələlər üzrə məruzələri
dinlənilib.
İclasın sonunda Təşkilat Komitəsinin
Katibliyinin, COP29 prezidentinin, Əməliyyat şirkətinin fəaliyyəti,
COP29-un təşkili və keçirilməsi ilə
bağlı Tədbirlər Planının
yekunlaşdırılması və digər aidiyyəti məsələlər
üzrə tapşırıqlar verilib.
Mədəniyyət .- 2024.- 24 yanvar(№6).-S.2.