“Şuşa –
İslam dünyasının mədəniyyət
paytaxtı”nın Tədbirlər Planı təsdiq edilib
“Şuşa şəhərinin 2024-cü il
üçün “İslam dünyasının mədəniyyət
paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər
Planı” təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı 19
yanvar 2024-cü il tarixində Nazirlər Kabinetinin müvafiq sərəncamını
imzalayıb.
Tədbirlər Planı “Şuşa şəhərinin
2024-cü il üçün “İslam dünyasının mədəniyyət
paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il
21 noyabr tarixli Sərəncamının icrasını təmin
etmək məqsədilə tərtib edilib.
Xatırladaq ki, 2023-cü il sentyabrın 25-də Qətər
Dövlətinin paytaxtı Doha şəhərində
keçirilən İslam Dünyası Mədəniyyət
Nazirlərinin 12-ci Konfransında Şuşa şəhəri
2024-cü il üçün “İslam dünyasının mədəniyyət
paytaxtı” elan edilib.
Dövlətimizin başçısının sərəncamında
Nazirlər Kabinetinə bununla bağlı tədbirlər
planı hazırlayıb həyata keçirmək
tapşırılıb.
Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq
olunan “Şuşa şəhərinin 2024-cü il
üçün “İslam dünyasının mədəniyyət
paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər
Planı” 16 bənd-bölmədən ibarətdir.
Nəzərdə tutulmuş tədbirlərin həyata
keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi müəyyən
edilib.
Sərəncamın icrasına nəzarət Azərbaycan
Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər
şöbəsinə həvalə edilib.
Tədbirlər Planına əsasən, “Şuşa –
İslam dünyasının mədəniyyət paytaxtı –
2024” ilinin rəsmi açılışı may ayına nəzərdə
tutulub.
İl ərzində İslam Dünyasının Mədəniyyət
Forumunun təşkil edilməsi
və bu çərçivədə Şuşada
İslam Əməkdaşlığı Təşkilatının
mədəni irsin mühafizəsinə həsr olunmuş beynəlxalq
konfransının, “İslam dünyasının itirilməkdə
olan qeyri-maddi mədəni irs nümunələri”
mövzusunda dəyirmi masa və sərginin, digər təqdimatların
keçirilməsi gözlənilir.
İslam ölkələrində “Şuşa günləri”nin
keçirilməsi və tədbirdə folklor incəsənət
qruplarının, Qarabağ xalçalarının, foto və
rəsm əsərlərinin nümayişi, kitab təqdimatlarının
keçirilməsi, İslam Dünyası Təhsil, Elm və
Mədəniyyət Təşkilatının (ICESCO) qərargahında
(Mərakeşin Rabat şəhəri – red.) Şuşaya həsr
edilmiş birgə elmi və mədəni tədbirlərin təşkili
də nəzərdə tutulub.
İslam ölkələrinin mədəniyyət
paytaxtlarının “Şuşa şəbəkəsi”nin
yaradılması və ilk görüşünün
keçirilməsi, İslam dünyasında turizmin
inkişafı mövzusunda beynəlxalq konfransın və
“İslam ölkələrinin ortaq süfrəsi” kulinariya
festivalının təşkili, ICESCO-nun “A-Hub Akselerasiya
Proqramı”nın (2023-cü il üzrə) böyük
finalının Azərbaycanda keçirilməsi də gözlənilən
tədbirlər sırasındadır.
Bundan əlavə, Şuşada İslam ölkələrinin
rəssamlarının və fotoqraflarının sərgi və
düşərgəsinin təşkili, İslam ölkələrinin
yaradıcı gəncləri arasında müxtəlif
müsabiqələrin, o cümlədən vizual sənət
növləri üzrə internet müsabiqəsinin
keçirilməsi, Şuşanın İslam mədəniyyətinə
töhfə vermiş tarixi-dini irsi və şəxsiyyətləri
haqqında sənədli filmin (müxtəlif dillərdə)
hazırlanması və s. tədbir və layihələr də
nəzərdə tutulub.
Mədəniyyət .- 2024.- 24 yanvar(¹6).-S.1;2.