Əməkdar artist
Niftulla Əsgərov vəfat edib
Lənkəran Dövlət Dram Teatrının aktyoru,
Əməkdar artist Niftulla Əsgərov yanvarın 22-də,
65 yaşında vəfat edib.
Niftulla Fətulla oğlu Əsgərov 5 iyul 1959-cu ildə
Lənkəran rayonunun Girdəni kəndində anadan olub.
Bakı Kitabxanaçılıq Texnikumunun Mədəni-maarif
şöbəsində özfəaliyyət dram kollektivinin rəhbəri
kursunu bitirdikdən sonra təhsilini Rostov Pedaqoji İnstitutunda
davam etdirib. 1986-cı ildən Lənkəran Mədəniyyət
evinin direktoru vəzifəsində çalışıb.
1995-ci ildən Lənkəran Dövlət Dram
Teatrında aktyor kimi fəaliyyət göstərib. Teatrda
tamaşaya qoyulan S.M.Qənizadənin “Xor-xor” (Seyfulla), İ.Məlikzadənin
“Gəl qohum olaq” (Camal), H.Abbaszadənin “Həzi Aslanov”
(Bekişvilli), Ü.Hacıbəylinin “Olanlardan-keçənlərdən”
(Atamoğlan əmi), N.Vəzirovun “Hacı Qənbər” (Qıdı
kirvə), B.Nuşiçin “Nazirin xanımı” (Çeda),
N.Nərimanovun “Nadir şah” (Əliəşrəf bəy) və
s. əsərlərdə maraqlı obrazlar yaradıb.
Həmçinin filmlərdə (“Bayram axşamı”,
“Bığ əhvalatı”, “Elçilik” və s.) və
televiziya seriallarında çəkilib.
2018-ci ildə “Azərbaycan Respublikasının Əməkdar
artisti” fəxri adına layiq görülüb.
Niftulla Əsgərov uzun sürən xəstəlikdən
sonra dünyasını dəyişib.
Allah rəhmət eləsin.
***
Yanvarın 22-də Lənkəran Dövlət Dram
Teatrında mərhumla vida mərasimi keçirilib. Niftulla
Əsgərov Girdəni kənd qəbiristanlığında
dəfn olunub.
Mədəniyyət .- 2024.- 24 yanvar(¹6).-S.6.