Fotoobyektivlə
dəyərləri yaşatmağa çalışan...
Etibar Cəfərovun yaradıcılıq yolu
“Əsrlər boyu ölkəmizdə bütün dinlərin,
bütün etnik qrupların nümayəndələri bir ailə
kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı
anlaşma şəraitində yaşamışlar. Azərbaycan
çoxmillətli bir ölkədir və bu bizim böyük
sərvətimizdir” – bu sözləri Azərbaycan Prezidenti
İlham Əliyev söyləyib.
Şübhəsiz ki, Azərbaycanda uğurlu
inkişafın, sabitliyin bərqərar olması istiqamətində
atılmış addımların arxasında həm də zəngin
tarixi və ənənələri olan tolerantlıq və
multikultural dəyərlər dayanır. Ölkəmizin bu zənginliyini
dünyaya daha geniş şəkildə tanıtmaqda incəsənət
nümayəndələrinin, xüsusilə dəyərlərimizi
fotolarda yaşadanların mühüm rolu var. Onlardan biri də
Etibar Cəfərovdur.
Etibar Cəfərov peşəkar fotoqraflıqdan əvvəl
təbii bitkilərlə hazırlanmış akvarium
dizaynı ilə məşğul olub. 2006-cı ildən bir
sıra beynəlxalq yarışmalarda Azərbaycanı
uğurla təmsil etməyə başlayıb.
Çalışdığı sahə ilə bağlı səfər
etdiyi müxtəlif xarici ölkələrdə fotoqrafiya sənətinin
də necə yüksək səviyyədə inkişaf
etdiyini, bir çox ölkələrin beynəlxalq arenalarda
özlərini fotolarla necə tanıtdığını
görür. Beləcə, bu sahəyə marağı
artır.
2010-cu ildən fotoqraf kimi fəaliyyətə qədəm
qoyur. 2012-ci ildə “Azərbaycanın rəngləri” (The color
of Azerbaijan) adlı layihəyə start verir. Təbiəti,
memarlığı, milli adət-ənənələri, milli
mətbəxi, müxtəlif gözəllikləri ilə zəngin
olan Azərbaycanı foto-kameranın yaddaşında əbədiləşdirmək
və dünyaya təqdim etmək elə də asan iş
deyildi. On il müddətində düşündüyü
layihəsini ərsəyə gətirməklə bərabər,
fotoşəkillərdən ibarət 7 kitabın müəllifi
olur.
İlk kitabı Mədəniyyət Nazirliyinin dəstəyi
ilə hazırlanan “Images of Cultural & Natural Heritage of
Azerbaijan” oldu. Daha sonra, “Azərbaycanın rəngləri –
Bakı” (The Colors of Azerbaijan – Baku) kitabını nəşr
etdirən Etibar Cəfərov bunun uğurlu
alındığını görərək “The Colors of
Azerbaijan – Motherland” adlı kitab-albomunu tərtib edir.
Fotoqrafın həyata keçirmək istədiyi “Azərbaycanın
rəngləri” layihəsinin məqsədləri çoxdur.
Başlıcası isə Azərbaycanı dünyada daha da
tanıtmaq, eyni zamanda ölkəmizin qonaqpərvərliyini,
onun müxtəlif xalqlara yurd olduğunu nümayiş etdirmək
idi.
Fotoqraf həmin kitabın ərsəyə gəlməsi
üçün respublikamızın bölgələrini
qısa zaman çərçivəsində gəzərək
müxtəlif etnik qrupların adətləri, xüsusiyyətləri,
milli geyim və atributlarını öyrənmiş və
fotoçəkilişlər aparmışdı. Etibar Cəfərov
layihəsini işıqlandırmaq üçün “The Colors
of Azerbaijan” adı ilə dünyanın müxtəlif ölkə
və şəhərlərində sərgilərə
qatılır, fərdi sərgilər də keçirir. Misal
olaraq, Los-Anceles, Helsinki, Stokholm və s. kimi şəhərlərdəki
sərgi və təqdimatlarını qeyd edə bilərik.
Fotoqraf Azərbaycanın zəngin təbiəti və
memarlıq abidələrini çəkməyə davam edərək
“The Colors of Azerbaijan – Another world” (“Bir başqa dünya”)
adı verdiyi növbəti kitabını hazırlayaraq təqdim
edir. Bu əsnada Azərbaycanın Almaniyadakı Səfirliyindən
ölkəmizdəki tolerantlıqla bağlı çəkilişlər
etmək üçün təklif gəlir. İlk olaraq yəhudi
icması ilə bağlı çəkilişlər edir, həmin
fotolardan ibarət “Azərbaycanda yəhudi irsi” adlı kitab nəşr
olunur. 2023-cü ildə Türkiyədə iki dildə (alman,
ingilis) çap olunan bu kitabın Berlin şəhərində
təqdimat mərasimi və fotolardan ibarət sərgisi də
uğurla baş tutur.
Etibar Cəfərov tolerantlıq mövzusunun
davamında Azərbaycanda xristian dininə mənsub olan
xalqlarla bağlı çəkilişlər aparır. Bu
iş iki il davam edir və “Azərbaycandakı xristian həyatı”
adlı kitab-albom ərsəyə gəlir. 2023-cü ilin
sonlarında başladığı daha bir iş Azərbaycandakı
dini tolerantlıq və müxtəlif etnik qruplardan bəhs edən
kitabın hazırlanmasıdır.
Fotoqraf 10 il müddətində çəkdiyi 10 minə
yaxın fotodan 200-nü seçərək “The Colors of
Azerbaijan Land of Multiculturalism” kitabının nəşrində
istifadə edib. Bu kitab Etibar Cəfərovun foto
yaradıcılığını əhatə edən ən
sanballı işdir desək, yanılmarıq.
Azərbaycanda həyata keçirilən multikulturalizm
siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq
qalmasının bariz nümunəsidir. Bilikli, savadlı olmaq,
tarixi və elmi tədqiqatlara istinad edərək dünyaya vətənimizin
zəngin mədəniyyətini və tariximizi tanıtmaq həm ziyalı, həm də vətəndaş
olaraq mənəvi borcumuzdur.
Ziyarət Cabarova
sənətşünas, Azərbaycan Dövlət Rəsm
Qalereyasının böyük elmi işçisi
Mədəniyyət .- 2024.- 17 yanvar(¹4).-S.7.