Azərbaycan cazının səsi Avropa paytaxtlarından gəlir

 

Salman Qəmbərov və qrupunun Brüssel və Vyanada konsertləri

 

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının bədii rəhbəri Xalq artisti Salman Qəmbərovun rəhbərlik etdiyi “Bakustik caz” qrupu Avropada konsert turundadır.

Qrup Belçikanın paytaxtında keçirilən ənənəvi Brüssel Caz Festivalına qatılıb. Yanvarın 20-dək davam edəcək festivalda “Bakustik caz”ın iştirakı Azərbaycan caz məktəbini Avropada geniş tanıtmaq üçün daha bir fürsətdir.

Avropanın siyasi paytaxtı sayılan Brüsselin “The Music Village” caz klubundakı konsert Belçikadakı səfirliyimizin dəstəyi ilə təşkil edilib.

Konsertin belçikalı təşkilatçısı Kevin Van Nuffel açılış nitqində musiqinin ölkələr arasında mədəniyyət körpüsünün yaradılmasında əhəmiyyətli rol oynadığını qeyd edib, Azərbaycan caz məktəbinin tarixi haqqında məlumat verib.

İl ərzində 300-dən çox canlı konsertə ev sahibliyi edən “The Music Village” caz klubunun daimi dinləyiciləri bu dəfə Azərbaycan etno-caz janrı ilə yanaşı, musiqiçilərimizin ifasında 1930-cu ildə rejissor Mikayıl Mikayılov tərəfindən ekranlaşdırılmış “Lətif” səssiz filmi üçün Salman Qəmbərov tərəfindən bəstələnmiş eyniadlı kompozisiyanı da dinləyiblər.

***

Brüsseldən öncə isə “Bakustik caz” Avstriya paytaxtında konsert proqramları ilə çıxış edib.

Sənətçilərimiz yanvarın 13-də Vyananın tanınmış musiqi məkanlarından olan “Frau Mayer“ klubunda səhnəyə çıxıblar.

Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə keçirilən konsertdən əvvəl klubun rəhbəri Dominik Qrafl uğurlu əməkdaşlığa görə Azərbaycan tərəfinə minnətdarlıq edib.

Konsertin ilk bölümündə Salman Qəmbərovun fortepianoda solo ifası təqdim edilib. İkinci hissədə onu bas-gitarada Fuad Cəfərov, zərb alətlərində Nicat Bayramov müşayiət ediblər.

Proqramda Azərbaycan və dünya bəstəkarlarının caz kompozisiyaları və caz improvizələri ilə işlənmiş mahnıları ifa olunub. Azərbaycan bəstəkarları Telman Hacıyevin “Abşeron”, Rauf Hacıyevin “Çiçək kimi”, Tofiq Quliyevin “Zibeydə”, “Sevgilim” və “Pəncərəmə qondu çiçək”, Emin Sabitoğlunun “Bakı, sabahın xeyir!” mahnılarının caz üslubunda interpretasiyası xüsusilə böyük maraqla qarşılanıb.

Mütəmadi olaraq bu caz məkanında musiqiçilər cem-seyşnlər (jam-session) ilə çıxış edirlər və bu konsert də həmin ənənədən kənarda qalmayıb. Caz klubunun musiqiçiləri – Klara Kaltenbök (vokal) və Daniel Veberin (saksofon) Azərbaycan musiqiçiləri ilə əvvəlcədən hazırlanmamış spontan ifaları tamaşaçıları heyran qoyub.

Salman Qəmbərovun rəhbərlik etdiyi caz qrupunun AMM-in dəstəyi ilə növbəti konserti yanvarın 14-də Vyanadakı “Porgy&Bess” caz klubunda olub.

Konsertdən öncə klubun rəhbəri Kristof Huber mütəmadi olaraq Azərbaycan musiqisinə diqqət ayırdıqlarını bildirib, əməkdaşlığa görə AMM-ə minnətdarlıq edib.

Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva Azərbaycan caz musiqisinin tarixi barədə məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda caz musiqisinin təşəkkülü, əsas inkişaf istiqamətləri, janrlar, o cümlədən caz-muğam, ölkəmizdə caz sənətinin aparıcı simaları, qrup və orkestrlər barədə məlumat verilib, müvafiq musiqi parçaları təqdim olunub. Həmçinin məruzədə 1930-cu ildə rejissor Mikayıl Mikayılovun ekranlaşdırdığı “Lətif” bədii filmi barədə məlumat verilib, Salman Qəmbərovun Azərbaycanda səssiz kinonun nümunələrindən olan bu filmə musiqi bəstələdiyi, beləliklə, ekran əsərinə ikinci həyat bəxş olunduğu vurğulanıb.

Sonra caz triosu konsert proqramı ilə çıxış edib. Fortepianoda Salman Qəmbərov, bas-gitarada Fuad Cəfərov, zərb alətlərində Nicat Bayramovun ifasında Azərbaycan və dünya bəstəkarlarının caz kompozisiyaları, eləcə də Salman Qəmbərovun öz bəstələri maraqlı caz improvizələri ilə təqdim olunub.

Konsertin ikinci hissəsində “Lətif” bədii filmi Salman Qəmbərovun bəstələdiyi musiqinin müşayiəti ilə nümayiş etdirilib. Azərbaycan kinematoqrafiyasında uşağın baş rolda oynadığı ilk ekran əsəri olan ağ-qara, səssiz “Lətif” filmi musiqili təqdimatda böyük maraqla qarşılanıb. Kamançada Fəxrəddin Dadaşov, zərb alətlərində Eyvaz Həşimovun ifalarında Azərbaycan xalq mahnıları, müasir və caz musiqisi filmin süjeti, hadisələrin tempi və obrazların emosional hərəkətləri ilə tam sinxronluq təşkil edib.

Qeyd edək ki, Salman Qəmbərovun 2001-ci ildə sənətşünas Cahangir Səlimxanov və rejissor Ayaz Salayevin təklifi ilə ərsəyə gətirdiyi “Lətif” layihəsi indiyədək müxtəlif ölkələrdə, o cümlədən beynəlxalq festivallar çərçivəsində uğurla nümayiş olunub.

Konsertdən sonra “Porgy&Bess“ rəhbərliyi qarşıdakı dövrdə öz proqramında Azərbaycanla bağlı konsertlərə yer ayıracağını ifadə edib.

 

Mədəniyyət .- 2024.- 17 yanvar(¹4).-S.1;8.