İdman Filmləri və
Proqramları Milli Televiziya Festivalı keçirilir
Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi İdman
Filmləri və Proqramları Milli Televiziya Festivalı bu il
ikinci dəfə keçirilir.
Yanvarın 16-da Rəşid Behbudov adına Mahnı
Teatrında festivalın açılış mərasimi olub.
Tədbirdə çıxış edən MOK-un
vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, birinci
festivalın uğurlu alınması bu işi davam etdirməyimizə
şərait yaradıb. Federasiyaların bu festival
üçün layihələr
hazırladığını söyləyən
Ç.Hüseynzadə tarixi qələbələr qazanan azərbaycanlı
idmançılarla bağlı gələcəkdə bədii
filmlərin çəkilməsinin önəmini də
vurğulayıb.
Azərbaycan Cüdo Federasiyası icraiyyə komitəsinin
üzvü Azər Əsgərov çıxışında
festivalın uğurlu olacağını söyləyib.
Festivalın münsiflər heyətinin sədri,
Olimpiya çempionu, MOK və Azərbaycan Atıcılıq
Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova,
münsiflər heyətinin üzvləri – Azərbaycan
Kinematoqrafçılar İttifaqının katibi Oleq Səfərəliyev,
“Bakılı oğlanlar” ŞHK
komandasının üzvü Ənvər Mansurov, Əməkdar
mədəniyyət işçisi, jurnalist Xanlar Məmmədov
festivalın uğurlu olacağını və gələcəkdə
buna uyğun digər layihələrin həyata keçirilməsinə
təkan verəcəyini deyiblər.
Sonra sərbəst güləş üzrə Olimpiya
və Avropa Oyunlarının, eləcə də Avropa
çempionatının qalibi Toğrul Əsgərovla
bağlı film nümayiş olunub.
Xatırladaq ki, ilk dəfə Milli Olimpiya Komitəsinin
30 illik yubileyinə həsr olunan festival 2022-ci ildə təsis
edilib.
Festival müxtəlif idman növlərinin
populyarlaşdırılması, sağlam həyat tərzinin
və Olimpiya Hərəkatı prinsiplərinin təbliği,
mədəni maarifləndirmə və yaradıcı insanlar
arasında təcrübə mübadiləsi
imkanlarının yaradılması, idmanla bağlı film və
proqramların nümayişini təşkil etməklə
bütün sosial təbəqələrin yerli televiziya və
kinematoqrafiya mədəniyyəti dəyərlərinə
geniş çıxışının təmin olunması məqsədi
daşıyır. Festivalın 5 nominasiyasından ikisi
qadın idmançılara həsr olunub.
Mədəniyyət .- 2024.- 17 yanvar(¹4).-S.3.