Mədəniyyətimizin böyük hamisi

 İllərin xronikasından (92)

 

Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçmələrin dərcini davam etdiririk.

(əvvəli ötən sayımızda)

2000-ci il 25 iyun

Prezident Heydər Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin “Ah, Paris...Paris...” tamaşasına baxıb. Tamaşadan sonra səhnə arxasına keçib, yaradıcı heyəti təbrik edib.“...Mənə Elçin məlumat verdi ki, bu tamaşa çoxdandır ki, bizim Milli Dram Teatrının səhnəsində uğurla gedir. Ancaq təəssüflər olsun ki, mən vaxt tapıb indiyə qədər gələ bilməmişdim. Bu gün mən bu imkanı əldə etdim və tamaşanı görməyimdən çox da məmnunam. Mən Milli Dram Teatrımızda yetərli qədər oluram. Əlbəttə, imkan olsa, bundan da çox olmaq olar.

Elçin bizim çox istedadlı yazıçımızdır, gənc vaxtlarından çox dəyərli əsərlər yazıbdır... Amma son zamanlar görürəm ki, o, eyni zamanda pyeslər də yazır və onlar bizim Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulur... Məni də sevindirən odur ki, burada bütün pyes mənəviyyat üzərində qurulubdur. Pyes əvvəldən axıra qədər bu mənəviyyatsız adamları ifşa edir... Ona görə mən bu əsəri çox dəyərli hesab edirəm və buna görə də Elçini təbrik edirəm.

Ancaq təbiidir ki, əsər kağız üzərində yazılır... Burada müəllifin xidməti böyükdür, amma sizin xidmətiniz ondan az deyil... Ona görə də gözəl bir əsər meydana çıxıbdır.

Rejissor Azərpaşa Nemətov Zəfər Nemətovun oğludur. Zəfər Nemətov uzun illər bizim Gənc Tamaşaçılar Teatrının rejissoru olubdur... Tamaşanın tərtibatı da yaxşıdır. Burada bizim Milli Dram Teatrının ulduzları var: Səyavuşdur, Yaşardır... (Lyudmila) Duxovnaya (Rus Dram Teatrının aktrisası – red.) da gəlib və tamaşanı daha da gözəlləşdiribdir...

Bir sözlə, hamınız çox gözəl bir ansambl yaratdınız, yaxşı bir tamaşa göstərdiniz. Hamınızı təbrik edirəm və sizə, Milli Dram Teatrının bütün kollektivinə yeni-yeni uğurlar arzulayıram...”.

2000-ci il 26 iyun

Rusiya Federasiyasının və Moskva şəhərinin Azərbaycanda keçirilən mədəniyyət günlərinin iştirakçılarını qəbul edib.

2000-ci il 27 iyun

Rusiya Federasiyanın və Moskva şəhərinin mədəniyyət günlərinin açılış mərasimində iştirak edib.

2000-ci il 30 iyun

Rusiya Federasiyasının və Moskva şəhərinin mədəniyyət günlərinin bağlanış mərasimində olub. Mərasimdən sonra rusiyalı incəsənət xadimləri ilə söhbət edib.

“...Siz bütün Azərbaycana olduqca böyük sevinc bəxş etdiniz. Axı burada təkcə çıxışlardan – konsertdən, baletdən, teatrdan söhbət getmir. Söhbət ondan gedir ki, mədəniyyət, incəsənət insanları yaxınlaşdıran, qarşılıqlı münasibətləri, dostluğu möhkəmləndirən çox güclü vasitədir. Bu günlər siz Rusiya Federasiyası ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsi işinə olduqca böyük töhfə verdiniz. Burada Qafqazdan – Qaraçay-Çərkəzdən, Şimali Osetiyadan olan gəncləri də görmək mənim üçün xoş idi. Qafqazın bu xalqları yüksək istedadları ilə həmişə fərqlənmişlər. Neçə-neçə belə adamlar bütün dünyada məşhurdur... Bu gün siz, həqiqətən, elə bir konsert verdiniz ki, burada folklor da, estrada da, gözbağlayıcı da, bədii söz də var idi. Amma yəqin ki, ən başlıca xidmət rejissorundur, gərək xidmətlərini qiymətləndirəsən, çünki o, bunların hamısını məharətlə təşkil etmişdi, hər şeyi elə yerbəyer etmişdi ki, bir saniyə də fasilə olmurdu. Məsələn, mən bir an belə gözümü səhnədən çəkə bilmirdim...”.

2000-ci il 5 iyul

Avstriyaya rəsmi səfəri zamanı Vyanada, Hofburq Kral sarayında Motsart orkestrinin konsertində olub. Konsertdən sonra səhnə arxasına gələrək opera müğənniləri Marianna Kulikova və Maruks Pelt, dirijor Ernst Ottenzamer və başqaları ilə səmimiyyətlə görüşüb, çox uğurlu konsertə görə onlara, orkestrin rəhbərliyinə təşəkkürünü bildirib. Motsart orkestrinə xatirə olaraq Azərbaycan xalçası bağışlayıb, orkestri Azərbaycana konsert verməyə dəvət edib.

 

***

2000-ci il 11 mart

Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rəhimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

2000-ci il 3 aprel

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri – yazıçı və dramaturq Sabit Rəhmanın 90 illik yubileyi haqqında sərəncam imzalayıb.

“Kitabi-Dədə Qorqud” eposunun Almaniyanın Drezden şəhərinin Kral kitabxanasında saxlanılan əlyazmasının Azərbaycan Respublikasının Prezidentinə bağışlanmış faksimilesinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna verilməsi haqqında sərəncam imzalayıb.

2000-ci il 29 aprel

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı Rəsul Rzanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

2000-ci il 20 may

Azərbaycanın görkəmli teatr və kino xadimi, Xalq artisti Möhsün Sənaninin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

2000-ci il 14 iyul

Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bəstəkar Azər Rzayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.

 

Hazırladı: V.Orxan

(davamı var)

Mədəniyyət .- 2024.- 17 yanvar(¹4).-S.5.