“Xınayaxdı”
folklor kollektivi
Qədim adət-ənənələrimizi
yaşadanlar
Dəvəçi şəhərinin
mərkəzində əsaslı təmir olunan Mədəniyyət
sarayında son işlər gedir. Dörd yüz yerlik bu saray
may ayına qədər Şabran camaatının ixtiyarına
veriləcək. Rayon Mədəniyyət və Turizm
Şöbəsinin müdiri Əhməd Səmədovun
böyük təşkilatçılığı sayəsində
Dəvəçidə bir neçə bədii özfəaliyyət
kollektivi işlərini uğurla davam etdirir. Bunlardan
“Çıraqqala” zurnaçılar və “Xınayaxdı”
folklor kollektivləri təkcə Dəvəçi rayonunda
yox, respublika miqyasında da tanınırlar.
Şabran elinin ən qədim
kəndlərindən olan Dağbilici kəndində ilk insanlar
təxminən eramızın V-VI əsrlərindən məskunlaşıblar.
Uzun illər Dağbilici kənd orta məktəbinin direktoru
işləmiş və hazırda Dəvəçi RİH
başçısının təhsil, səhiyyə, mədəniyyət
məsələləri üzrə müavini Ramiz Vahabov bu kəndin
tarixi haqda belə dedi: “Orada - qəbiristanlıqda qədim
şəhid başdaşıları, üstündə
köhnə Alban əlifbasında yazılar var ki, bu da V-VI əsrlərə
təsadüf edir. Dağbilici kəndi, təxminən, bizim
Şabran şəhəri ilə yaşıddır.
Ümumiyyətlə, Dəvəçidə qədim kəndlər
çoxdur - Şahnəzərli, Dağbilici, Pirəbədil,
Qələgah və s. Bunların hamısının tarixi V-VI
əsrlərdən başlayır. Şabran elində bir
neçə kənd də olub ki, artıq onlar
dağılıb gedib - Ərəşli, Sovkəndi,
Suvazı, Əhmədbulağı və s.»
Bu gün Dağbilici kəndində
fəaliyyət göstərən «Xınayaxdı» folklor
kollektivinə Rəna Ağasıyeva rəhbərlik edir. O,
dağbilici kəndində doğulub. Kənd camaatı adət-ənənələrimizi
daim qoruyub-yaşatmış, bunları tarixlər boyu öz
övladlarına ötürmüşlər. Hələ
uşaq yaşlarından toylarda, bayram şənliklərində
qədim Alban toylarından qalmış folklor nümunələrimizi,
meydan oyunlarımızı, inanclarımızı və
başqa folklor incilərimizi maraqla izləyən Rəna,
Dağbilici kənd mədəniyyət evindəki özfəaliyyət
kollektivinə üzv oldu. Onun fitri istedadını
görüb, orta məktəbi bitirdikdən sonra Mədəniyyət
evinin bədii rəhbəri təyin etdilər. Elə həmin
vaxtlarda Bayram Ağasıyevlə ailə quran Rəna
xanıma Mədəniyyət evində bir neçə
kollektiv yaratmaqda həyat yoldaşı köməklik etdi.
İstedadlı tarzən olan, Dağbilici kənd orta məktəbində
nəğmə müəllimi işləyən Bayram müəllimin
həm də rejissorluq qabiliyyəti vardır. Qısa vaxtda
Dağbilici kəndinin Mədəniyyət evindəki kollektivlər
Rəna və Bayram Ağasıyevlərin sayəsində
rayonda məşhurlaşdılar. Rəna xanımın
bacarıqlı iş qabiliyyətini görüb, Mədəniyyət
evinin direktoru təyin etdilər. Yeni direktor adı və fəaliyyəti
çox orjinal görünən “Xınayaxdı” folklor
kollektivi yaratdı. Bu artıq 1986-cı il idi. Onlar ətraf kəndlərin
yaşlı insanları ilə görüşüb,
yaddaşlarda olan folklor nümunələrini, inancları,
varsaqları, nağılları, Novruz oyunlarını,
“şaxbəzəmə»yi, qədim toyları, əkin-biçin
nəğmələrini, “Kəklik”, “Qarabörçək”
oyunlarını, “Kosa-kosa” meydan oyunlarını, ümumiyyətlə,
yaddaşlardan silinməkdə olan inciləri toplayıb
teatrallaşdıraraq, səhnəyə gətirdilər. Bu
maraqlı işlərilə “Xınayaxdı” folklor kollektivi
respublika tamaşaçılarının marağına səbəb
oldu, respublikada keçirilən tədbir və şənliklərdə
iştirak etdilər. Yarandığının 10 illiyində
Azərbaycan Respublikası mədəniyyət nazirinin əmri
ilə ona “Xalq kollektivi” adı verildi. Dağbilici kəndinin
bütün istedadlı insanları kollektivin üzvü
oldular. Ağasıyevlərin oğlu Zaur Azərbaycan Dövlət
Konservatoriyasını dirijorluq ixtisası üzrə bitirib,
yenidən bu kollektivə qayıtdı. Vurğulamaq istərdik
ki, Zaur Ağasıyevə Qarabağ müharibəsinin II qrup əlili
kimi - rayon rəhbərliyi tərəfindən 2 otaqlı mənzil
verilib.
2006 və 2008-ci illərdə
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkil
etdiyi azsaylı xalqların festivalındakı
çıxışları isə onların yaddaşında
ədəbi qalıb. Musiqili Komediya Teatrının
binasında keçirilən bu tədbirlər respublika
telekanalları vasitəsilə yayımlanıb.
- Kollektivinizin üzvləri
nəyi bacarmırlar? - deyə Rəna xanıma
«labirintsayağı» bir sualla müraciət etdik.
- 50-dən artıq
üzvü olar kollektivimizin ən kiçiyi 1-ci sinifdə
oxuyan nəvəmdir. Onların bir hissəsi konsert-tamaşa
vaxtı rəqs edir, bir hissəsi mahnı oxuyur, bir hissəsi
teatr səhnəcikləri göstərirlər. Bunlarla birlikdə,
cəhrə-daraq işlədən, xalça-palaz toxuyanlar da
var. Yəni qədim adət-ənənələrimizlə
bağlı nə varsa, biz onları teatral formada, milli musiqilərimizin
müşayətilə nümayiş etdiririk. Bizim 3
saatlıq rəngarəng proqramımız var. Lazım olsa,
biz bu proqramla ayrıca teatrlaşdırılmış konsert
verə bilərik. Arzumuz bu proqramla Bakıda, Azərbaycanın
başqa rayonlarında çıxış etməkdir. Hətta
biz bu proqramla xarici ölkələrdə də Azərbaycanı
layiqincə təmsil edə bilərik.
2006 və 2008-ci illərdə
“Azərbaycan - doğma diyar” festivallarının keçirilməsi
isə bizə böyük ruh yüksəkliyi verib. Amma Azərbaycan
telekanallarından çox gileyimiz var. Bəzən onlar bizim
proqramlarımızı «15-20 dəqiqəlik» adıyla çəkir,
amma 3-5 dəqiqə göstərirlər. Televiziyaya çəkilən,
ancaq göstərilməyən uşaqlar həvəsdən
düşür, daha məşqlərə gəlmək istəmirlər.
Görəsən, televiziya rəhbərləri, həmin
proqramlara məsul jurnalistlər bu haqda fikirləşirlərmi?
Yaxşı olmazmı ki, neçə dəqiqə göstərəcəklərsə,
elə o qədər də çəksinlər? Bundan
heç kim inciməz, həmin uşaqların valideynləri də
əvvəldən hər şeyi bilib bizdən küsməzlər.
Yalnız 2009-cu il martın 1-də İctimai Televiziya ilə
göstərilən bir saatlıq proqramımızdan razı
qalmışıq. Bizim proqramı kəsib-doğramamışdılar
- olduğu kimi göstərdilər.
Bizim daha iki problemimiz
var. 2001 -ci il zəlzələsi zamanı Dağbilici kəndinin
Mədəniyyət evi yararsız hala düşüb.
Artıq uçmaq təhlükəsi altındadır. Ona
görə də orada məşq edə bilmirik. Çox istərdik
ki, bizim üçün yeni Mədəniyyət evi tikilsin.
Axı bizim kəndin adamlarının mədəniyyətə,
incəsənətə maraqları çoxdur.
İnanırıq ki, bu arzumuz tezliklə reallaşacaq.
İkinci problemimiz isə milli libaslar məsələsidir.
Bunların tikilməsinə maliyyə xərci ayrılsa,
çox yaxşı paltarlar tikdirə bilərik. Çünki
biz qədim adət-ənənələrimizi göstərərkən
ifaçılarımızın əynində həmin
dövrün paltarları olsa, tamaşaçılara daha
yaxşı və maraqlı təsir bağışlayar.
Fikrət Nuşiyev,
Ağalar İdrisoğlu.
Mədəniyyət.-
2009.- 1 aprel.- S. 14.