Sənətə vurğun insan.
Allah
vergisi, istək, həvəs, məqsəd və s. olmasa, sənət
zirvəsinə can atmağa dəyməz. Çünki sənət,
səhnə zərif və həssas olduğu qədər də
çətin və məsuliyyətlidir. Sadaladığımız
cəhətlərin öhdəsindən məharətlə gələnlər
az deyil. Onlardan biri haqqında söhbət açmaq istəyirəm.
O, 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət
İstitutunun dram və kino aktyorluğu fakültəsini bitirən
və A.Şaiq adına Azərbaycan Dövlət Kukla
Teatrında aktrisa kimi fəaliyyət göstərən Tamilla
Bünyadovadır.
Onun ilk sənət
sevinci, elə debütü həmin ildən də -
«Cırtdan» tamaşasındakı Arıq rolundan
başlayıb. Tamilla xanım həyatda çox ciddi, bəzən adama «monoton» təsir bağışlayan bir insandır. Lakin o, bu və
ya digər obrazların ərsəyə
gəlməsində rəngarəng
xarakterlər yaratmaq potensialına malik bir aktrisadır. Tamilla xanım Kukla Teatrının 33 illik şərəfli yaradıcılıq yolu keçmiş teatr salnaməsində öz imzasını atmış
özünəməxsus lirik-dramatik,
zəngin fitri istedada malik bir sənətkardır. Bunlardan çıxış edərək
deyə bilərəm
ki, uşaq yazıçılarının böyük bir qismi öz əsərlərinin
səhnə uğuruna
görə Tamilla xanıma da minnətdar olmalıdır.
Çünki onların
qələmə aldıqları
bir çox obrazlar Tamilla xanımın ifasında daha canlı şəkildə əks olunur. Tamilla xanım uşaqların maraq dairəsini bilmək, duymaq, zövqünü düzgün
yola istiqamətləndirmək,
onların vətənə
sevgi və məhəbbət ruhunda tərbiyə olunması baxımından böyük
yaradıcılıq potensialına
malik sənətkardır.
Onun yaratdığı
bir-birindən maraqlı, rəngarəng
rollar öz cazibədar reallığı
ilə uşaqları
cəlb edir, sevindirir.
Bu yüksək,
maraqlı sənət və sənətkar bacarıqlarına
görə Tamilla xanım aktyor üçün şərəf
sayılan «Səhnə ustası» adına layiq
görülmüşdür.
Tamilla Bünyadovanın
1988-ci ildə Ə.Haqverdiyevin «Pəri cadu» əsərinin tamaşasında
oynadığı Nafizə obrazı «Ən yaxşı
qadın rolu» mükafatına layiq görülüb. Aktrisa bir sıra
beynəlxalq teatr festivallarında iştirak
etmiş və xarici ölkələrdə
qastrol səfərlərində
olmuşdur. O, demək
olar ki, teatrın repertuarındakı
bütün tamaşalarda
məharətlə çıxış
etmiş, tamaşaçıların
hüsn-rəğbətini
qazanmışdır. Dəfələrlə
televiziya ekranlarında
(«Əlifba», «Sehrli səslər» və s.) çıxış etmişdir. Onun yaratdığı səhnə obrazları arasında Aytən - «Cunquş» (X.Əlibəyli),
Şərabanı - «Parisi
dağıdanlar» (M.F.Axundzadə),
Div xala - «Od oğlan» (E.Şayye), Dadaş «Sehrli güzgü» (Şahmar), Tülkü - «Dovşanın ad günü» (Mərkəz
Quliyev), Tülkü və Növrəstə -
«Saz əhvalatı» (Həsənağa Hüseynov),
«Qızıl xoruz» (A.S.Puşkin) və s. rolları
göstərmək olar.
Hazırda nümayiş etdirilən
tamaşalarda - «Məlik
Məmməd»də - Böyük qardaş, təlxək, qız, simurq, «Cırtdan»da - Cırtdan, «Çippolino»da - Vuşenko, Pris, Limon, Kartofel, «Ələddin»də Vəzir, «Rəhmanın nağılı»nda - Bənövşə, «Bremen
musiqiçiləri»ndə
- Şahzadə qız,
pişik və s. uğurlu və xoşagələn rollar ifa edir.
Tamilla xanımın
yaratdığı bir sıra rollar teatrın qızıl
fonduna daxil edilmişdir. O, peşəkarlıq
qabiliyyətini tamaşadan-tamaşaya
daha da təkmilləşdirən
bir aktrisa kimi uşaqlar tərəfindən çox
sevilir. Bu adlı-sanlı aktrisamız hələ də yaradıcılıq
axtarışındadır. O, eyni zamanda, truppa
müdiri və həmkarlar təşkilatının
sədri kimi teatrın yaradıcı və ictimai həyatında xeyirxah işlər aparır.
Tamilla xanım haqda
xoşagələn çox söz demək olar. Amma mən bəzi
fikir və rəyimi, təbrik və arzularımı bir hissəsini
həmkarım Tamilla xanımın gələcək günlərinə
saxlayıram.
Hələliksə, ona
bugünlərdə qeyd edilən 33 illik yaradıcılıq
fəaliyyətini təbrik edir, ən əsası -
cansağlığı, işlərində uğurlar
arzulayıram.
Hüseyn Əhmədov,
əməkdar mədəniyyət işçisi.
Mədəniyyət.- 2009.- 1 aprel.- S. 14.