Yurdum

  

   Sevgi divanında sevdalı başım,

   Qara torpağına qurban, a yurdum!

   Cənnətin şəhidlik astanasında,

   Mənəm eşqə düşüb duran, a yurdum!

  

   Ruhum göylərində nurla görüşdü,

   Bu Tanrı eşqiydi könlümə düşdü.

   Qanı çiçəkləyən səngər behiştin,

   Qurban keşiyində durana, yurdum!

  

   Min il əlçim-əlçim dərd dərə bəşər,

   Yenə çarə tapmaz dərdlərə bəşər.

   Göyün üzünədək sədd hörə bəşər,

   Boy verməz tökülən bu qana, yurdum!

  

   Sıx dərdi sinəndən, sağ gözlərimə,

   Ah etsəm, qoy gəlsin gözlərimə.

   Yolunda çəkilsin gözlərimə -

   Təki məlhəm olsun yarana, yurdum!

  

   Kim sənə qıyarsa sevdiyi canı

   Əzab məqamında edər bayramı.

   Əsdir yellərini, çalım laylanı -

   Eşqinlə can verən var, ana yurdum!

  

  

   Ötən günə vida

  

   Salamat qal, ötən günüm!

   Mən bir əlini sıxmayacağam,

   Sən bir ömrümə çıxmayacaqsan.

   Gedirsən,

    canında bir gün çəkdiyim

   Əzablarım siqaret tüstüsü,

   Dostlarla kəsdiyim beş-on kəlmənin

   Könlümü oxşayan tərif ütüsü.

  

   Çəkilirsən ömrümün səhnəsindən

   Qara saçlı, bəyaz üzlü bir xanımın

   Umsunan baxışları gedir səninlə,

   Körpəsinin dəcəlliyini döyəcləyən

   Bir ananın qarğışları gedir səninlə.

  

   Məni bir günlük ehtiyacın

    əlindən qopardın, sağ ol!

   Bir göz qırpımıydın, nəydin bilmədim,

   Bir günlük dərdimi apardın, sağ ol!

   Ulduzları sayrışan bir axşama

    gətirib tapşırdın ömrümü.

   Dözdün dost olan qardaş kimi

    pisimə, yaxşıma.

   Bəxtim varmış görünür.

  

   Axşam qıyıb gözlərini

   Əl eyləyir ötən günə.

   Salamat qal, ötən günüm,

   Sağ ol ki, çıxdın ömrümə!

    Nar budağı

   Aşıq Şakirin xatirəsinə

  

   Həsrətimin dəli çağı,

   Bəxtəvər eylədi bağı.

   Oxşadıqca yar budağı,

   Nazlanırdı nar budağı.

  

   Yar oxşayan yarpaq əziz,

   Kölgəsində torpaq əziz.

   Toxunanda lalə bəniz,

   Odlanırdı hər budağı.

  

   Çiçəyindən tutub dəstə,

   Ehtiyatla, lap ahəstə.

   Öpüb qoydum gözüm üstə,

   Öpdüm bəxtəvər budağı.

  

   Yar ki, bağda dolanırdı,

   Hər yan od tutub yanırdı.

   Möcüzəydi nar budağı,

   Bürümüşdü qor budağı.

  

   

   Məktub

  

   Özüm bilmirəm bu məktubumu

   Mən hansı ünvana, yerə göndərim.

   Üzümü Tanrıya tutub oxuyum,

   Yoxsa küləklərlə yara göndərim.

  

   «Sevgim bütöv idi, bir idi eşqim,

   Cumub səngərlərə yeridi eşqim.

   Dedim: - atəşlidi, diridi eşqim,

   Vətən hara desə, ora göndərim.

  

   Əcəllə göz-gözə dirəşdi ömür,

   Ölümlə o ki var güləşdi ömür.

   Yenə bu dünyaya yerləşdi ömür,

   Bəxt ömrə - qal, - desə, hara göndərim?

 

  

   Çevirib həyatın son varağını

   Kədərin rəngiylə yazdım ağını.

   Sinəmə çəkilən Vətən dağını

   Canıma bürüyüb gora göndərim».

  

   Bax yazıb qurtardım bu məktubumu,

   Bəs hansı ünvana, yerə göndərim?

   Üzümü Tanrıya tutub oxuyum

   Bəlkə, yol gözləyən yara göndərim?!

  

   

   Eylər

  

   Şişib damarları, durulub qanı

   Bu dünya yenə cavanlıq eylər.

   Ömür köhlənindən salıb hamını

   Çəkib dişlərinə yavanlıq eylər.

  

   Baxmaz gövhərinə, baxmaz ləlinə,

   Baxmaz gəncliyinə, ümidlərinə.

   Verib tellərini qəza yelinə

   Körpə uşaq kimi nadanlıq eylər.

  

   Cilovu gəmirib qıran kəhərdi,

   Bəlalar üstünə dördnala gəldi.

   Bilinməz ömürdə şamdı, səhərdi

   Elə ki, qisməti dumanlıq eylər.

  

   Guya tamarzıdı, heç qan görməyib,

   Sinə dağlamayıb, qəltan görməyib.

   Min dəfə boyanıb qana köynəyi,

   Yenə özünə yamanlıq eylər.

  

   Haqqa söykənmədi - dibi laxlayır,

   Göyləri çökərdi - ahlar saxlayır.

   Hələ ki, rəhm edir, Allah saxlayır,

   İstəsə bir anda oyanlıq eylər.

 

Mədəniyyət. - 2009.- 1 aprel.- S. 13.