Gözü mavi, teli bəyaz...

 

   Sabir Yusifoğlu.

  

   Üzü qara xallı dəniz

  

   Gözü mavi, teli bəyaz,

   Üzü qara xallı dəniz.

   Adamları yarıçılpaq,

   Balıqları pullu dəniz.

  

   Gəmilərin sinəsinə,

   Qadın kimi sıxılırsan.

   Gözəlin də çirkinin də

   Ayağına yıxılırsan.

  

   Bir az da dərdimizdən al,

   Göz yaşını udan dəniz.

   Bilsən ki, biz çəkirik

   Çıxarsanmı sudan dəniz?

  

   Yelkəni külək gözləyən,

   Qayıqlardan biri mənəm.

   Gətir mənim küləyimi

   Sonrasın özüm bilərəm.

  

   Gözü mavi, teli bəyaz,

   Üzü qara xallı dəniz.

   Adamları yarıçılpaq,

   Balıqları pullu dəniz.  

 

 

   Ömrün quraqlıq keçən günlərinə

  

   Susuz səhra kimi uzanır ömrüm,

   İlğıma çevrilir çatdıqlarım da.

   Ürəyim bir yana, çat verir indi,

   İlk öpüşün yeri dodaqlarımda.

  

   On yeddi yaşımın yaşıllığından,

   Çıxıb bu tərəfə düşəcəyimi,

   Bilmədim, küləklər ağzında gedən,

   Qanadı qırılmış yarpaqlar kimi.

  

   Dünyanın ikicə rəngi var imiş,

   Bir ikisinin qarışığı - boz.

   Hardansa səs gəlir: taleyin ilə

   Sən öz arandakı barışığı poz.

  

   Saçından asılmış qızdı bu tale -

   Nağıl quyusunun qaranlığında.

   Ümid basdırıram hər ötən günə,

   Göyərmir buranın quraqlığında.

   Susuz səhra kimi uzanır ömür,

   Susuz səhra kimi  

 

 

    Görünmürəm

  

   Çıxa bilmirəm ömrün

   Gün düşən tərəfinə.

   Yollar gedir torpağın

   Dən düşən tərəfinə.

  

   Görünmürəm, görünmür,

   Ürəyimin harayı.

   Hər il mənim adıma

   Çatlamış bir nar ayır.

  

   Yaralı yalquzağın,

   Halına yanmağım da,

   Qəmli, nəmli gözlərdən,

   Yıxılıb sınmağım da.

  

   Ürəyimi bu küncdən,

   O küncə daşımaq da

   Mənlik deyilmiş, anam,

   Heç belə yaşamaq da.

  

   Hər il mənim adıma

   Çatlamış bir nar ayır.

   Görünmürəm, görünmür,

   Ürəyimin harayı.  

 

 

   Dərdin üst-başını örtmək olmur

  

   Hansı yaza qaldı boy atmağımız,

   Ürəyim heç nəyə uçunmur daha.

   Yıxılıb ömrümdə qalan günlərin,

   Üzünü ağardan saçımdı daha.

  

   Məni sürüyürmüş sürdüyüm ömür,

   Ürək soyulub sürünmək ilə.

   Dərdin üst-başını örtmək olmur,

   Köynəyə, pencəyə bürünmək ilə.

  

   bu can mənimdi, mən dünyanın,

   Ömrün tələsində çırpınan ovam.

   Qəlbində varamsa çıxar, at məni,

   Mələklər yanında boş qalıb yuvam.  

 

 

   Yaramda gizlənən qəlpə kimisən

  

   Şehli çəmən bilib keçdin ömrümdən,

   Hər gün təzələnir səndən qalan iz.

   Ürəyim sazaqda tinə qısılan,

   Dilənçi uşaqtək sızlayır sənsiz.

  

   Yaramda gizlənən qəlpə kimisən,

   Ağrın çəkilmir heç yuxumdan belə.

   Elə dərindəsən çıxarmaq olmur -

   Divar qonşususan ürəyim ilə.

  

   Səsin yoxdu ki, maqnitofonda,

   Hər gündən ömrümə bir an yazıla.

   Eh, bu da taledi, tək sən deyilsən,

   Nikah kağızına yalan yazılan.

 

 

   Mədəniyyət.- 2009.- 1 aprel.- S. 13.