Kino və soyqırım...
Faciələrimizi dünyaya çatdırmaq
üçün kino ən güclü vasitə ola bilər.
Martın 31-i Azərbaycanlıların
Soyqırımı Günüdür. Amma bunu yalnız Azərbaycanda
və azərbaycanlılar xatırlayacaqlar. Həmişə
belə günlərdə olduğu kimi telekanallarda eyni kadrlar
göstəriləcək, Milli Məclisdə millətimizin vəkilləri
həmişəki nitqlərini söyləyəcəklər.
Amma bütün dünyada 31 marta qədər, həmin gün
və ondan sonrakı günlər hətta, aylar da bizim
adımızı, faciəmizi ağızlarına almayacaqlar. Əksinə,
yenə də erməni genosidini tanımaq üçün cəhdlər
edəcəklər. Bu bəs deyilmiş kimi, hələ bir
bizlərə də təzyiq göstərəcəklər. Axı
«cidanı çuvalda gizlətmək olmaz!», «haqqın səsini
boğmaq olmaz!» deyə danışırıq. Bəs niyə
biz öz doğrumuzu, həqiqətimizi, haqq bildiyimizi
dünya-aləmə duyura bilmirik? Deməyə
sözümüzmü yoxdur? Səsimizmi çatmır? Deyilənə
görə, çılpaq faktlar olan yerdə bütün
sözlər, hisslər əhəmiyyətini itirir. Bəlkə,
bizim dünyaya göstərmək üçün
faktlarımız yetərli deyil? Yəni doğrudanmı, o
böyüklükdə faciədən, qırğından,
tökülən qanlardan heç bir iz, sənəd,
yaddaş qalmayıb?
Sualımıza cavab
tapmaq məqsədilə kiçik bir araşdırma
apardıq. Dövlət Film Fonduna, Dövlət Kino Foto Sənədləri
Arxivinə və tarixi araşdırmalarla məşğul
olan şəxslərə müraciət etdik. Müsahiblərimizə
mövzu ilə bilavistə bağlı olan bir sual da
ünvanladıq: «Öz faciəmizi dünyaya eşitdirmək
və qəbul etdirmək üçün nə etməliyik? Kino
bu işdə hansı rol oynayır?»
Dövlət Kino Foto Sənədləri
Arxivindən bizə bildirdilər ki, orda 1918-ci ilin martında
Azərbaycanın bütün ərazisində ermənilərin
törətdiyi qırğınları, tamamilə
dağıdılmış «İsmailiyyə», «Açıq
söz», «Kaspi» qəzetlərinin binalarının şəkilləri
var. Oradakı materiallar bununla tamamlanır.
Dövlət Film Fondunda isə heç bir sənəd, material yoxdur. Çünki bu müəssisədə
yalnız bədii filmlər saxlanılır.
Toxunduğumuz mövzu sovet
dönəmində kinoda
qadağan olunmuşdu.
Amma fondun direktoru, kinorejissor Cəmil Quliyevin fikrincə, bu mövzuda çəkilmiş
filmlərlə dünyanı
maraqlandırmaq olar: «Hər şey özümüzdən asılıdır.
Əgər keyfiyyətli film çəksək, baxılar.
Vaxtilə rejissor Elem Klimov çəkdiyi, Belarusun Xatın kəndində alman faşistlərinin törətdikləri
dəhşətdən bəhs
edən «Get və bax!» filminə hələ də heç kim sakit baxa bilmir.
Həmin
filmin qəhrəmanı
- 14 yaşlı oğlan
uşağı isə
çəkilişlərdən sonra dəli olmuşdu».
Növbəti
müsahibimiz «Salnamə» sənədli filmlər
studiyasının direktoru Tofiq Məmmədov oldu. Tarixi xronikalar,
faktlar haqqında salnaməçindən yaxşı
kim bilər?!
Zənnimizdə yanılmamışdıq.
Tofiq müəllim 18-ci ilin mart
hadisələri haqqında
arxiv mütəxəssisindən
daha məlumatlıdır.
Onun dedikləri: «Çox təəssüf
ki, 1918-ci il 31 martda baş vermiş soyqırımdan
Dövlət Arxivində
saxlanılan bir neçə fotoşəkildən
başqa heç nə qalmayıb. Halbuki həmin dövrdə təkcə Bakıda deyil, Qubada da
dəhşətli qırğın
törədilmişdi. Ümumiyyətlə, Türkiyə ərazisindən
geri çəkilən
rus qoşununa qoşulmuş erməni silahlı dəstələri
bir neçə istiqamətdən Hamazapsın,
Andronikin başçılığı
altında Azərbaycana
soxulmuşdular.
Əslində 31 martdan
sonra Cümhuriyyətin yaratdığı qırğın
komissiyasına ifadə verən insanların dedikləri
protokollaşdırılmış, həmin hadisələr
lentə alınmış, fotoşəkillər çəkilmişdi.
Şahidlərdən birinin dediklərinə görə,
bir fotoqraf qana boyanmış azərbaycanlının evində
şəkil çəkərkən
gördüyü dəhşətdən
bayılıbmış. Belə isə
o sənədlər hardadır?
Niyə arxivdə cəmi 1-2 fotoşəkil qalıb?
Sovet hökuməti qurulandan, bolşeviklər hakimiyyətə
gələndən sonra
yuxarı vəzifələrdə
oturmuş ermənilər
həmin sənədləri
bir-bir yox ediblər».
Tofiq müəllim deyir ki, bu gün əsaslı,
köklü tədqiqat aparsaq, elə ermənilərin öz
faktlarından özlərinə qarşı istifadə edə
bilərik: «Həmin dövrdə dərc olunmuş qəzet və
jurnal materiallarında kifayət qədər fakt tapmaq
mümkündür. Mən Moskvada olmuşam. Orda arxivdə 1914-cü ildə
Nargin adasında əsir saxlanılan 40 000 türk hərbçisi ilə bağlı xronikalar, I Dünya müharibəsində rus qoşunlar tərəfindən
Trabzonun, Ərzurum qalasının, Ərzincanın
işğal edilməsi,
yandırılması əks
olunmuş lentlər gətirmişəm. Bu lentlərin heç birində əzilən, işgəncə görən
erməni yoxdur. Şəhərləri tərk edən,
evləri yandırılan
türklər var. Bu sənəd,
fakt deyil, nədir? Sankt- Peterburqda ermənipərəst
alim Svetlana Lauranın
ermənilərdən bəhs
edən «İmperiyanın
cocuğu» kitabı işıq üzü görüb. Kitabın təkcə
adı fakt deyil, nədir? Biz «Qarabağ düyünü»
filmini çəkəndə
rejissor Arno Beknazarovun
«Nairi» filmindən istifadə etmişik.
Həmin
filmdə böyük
Ermənistan xülyası
ilə yaşayan erməni burjuaziyası onların öz gözü ilə göstərilir. Rejissor parlament
iclasından tarixi kadrları, sadə ermənilərin görüntüləri
ilə paralel montaj edib. Bu fakt deyil,
nədir?»
İntiqam.
Mədəniyyət.-
2009.- 1 aprel.- S. 11.