Neqativi «Pozitiv media» yuyacaq.
Rövşən İsax: «Aktrisa»ya çəkiləcək
aktyoru Moskvaya qədər axtarmışıq».
Mədəniyyət və Turizm Nazirliyi prodüser mərkəzlərinin
təqdim etdiyi layihələri maliyyələşdirməkdə
davam edir. 2009-cu ildə «Pozitiv media» şirkətində
istehsalata buraxılmış «Aktrisa» filminin rejissoru
Rövşən İsaxdır. Gənc rejissor tammetrajlı
film çəkməyin məsuliyyətini indidən
anladığını dilə gətirdi. Maraqlıdır ki,
filmin istehsalına qonşu ölkələrdən də
mütəxəssislərin dəvət olunacağı
gözlənilir. Hər halda inanırıq ki, dövlət
sifarişi ilə çəkiləcək «Aktrisa» filmi
rejissorun, dediyi kimi, beynəlxalq festivalarda kinomuzu layiqincə təmsil
edəcək.
- Rövşən
müəllim, gəlin əvvəldən başlayaq. Özünüzü
oxucularımıza və kino ictimaiyyətinə necə təqdim
edərdiniz?
- 1970-ci ildə
Gəncədə anadan
olmuşam. 1988-ci ildə Mədəniyyət
və İncəsənət
Universitetinin dram və
kino aktyorluğu fakültəsinə daxil olmuşam. 1992-ci ildə
universiteti bitirəndən
sonra bir il Gənclər
Teatrında işlədim.
Teatrda 8 rol oynadım. 1992-93-cü illər teatrların ağır vaxtları idi.
- Həmin illərdə
teatrda yalnız fədakarlar qalırdı...
- Elə də demək olar. Amma indi həmin dövrün teatrını
analiz etmək istəmirəm. Onu bilirəm
ki, mən qala bilmədim. Çünki hər dəqiqə
beynimdən keçirirdim
ki, ömür gedir və mən
burda papağımı
günə yandırıram.
Həftədə 1-2 dəfə yarım
saat məşq olurdu, o da bir
lampanın ümidinə.
- Belə başa
düşdüm ki, bir yerdə qərar tuta bilmirsiniz...
- Staj etibarilə ən
çox işlədiyim yer «Pozitiv media»dır. Buranı
2003-cü ildə yaratdıq və elə o vaxtdan burda
çalışıram.
- «Pozitiv media»nı
hansı məqsədlə yaratdınız? Kino istehsalı ilə
məşğul olmaq üçün, yoxsa...
- Biz bu şirkəti
kino çəkmək iddiası ilə deyil, televiziya
kanalları ilə əməkdaşlıq və birgə layihələrə
imza atmaq üçün yaratdıq. Və uğurlu
da iş birliyi alındı.
- Səhv etmirəmsə,
iki filmdə çəkilmisiniz və sonra da aktyorluğa son
vermisiniz. Sizin rejissor olmaq iddianız nədən
qaynaqlandı?
- Aktyor kimi işləyəndə
bir dəfə fikirləşdim ki, aktyor olmaq hələ istədiyin
rolu oynamaq deyil. Aktyor rejissordan asılıdır. Rejissorun
yadına düşdünsə o, sənə rol verəcək.
Əks təqdirdə sənin işin çətindi.
Ömür-gün də gedir.
- “Aktrisa”ya qədər
çəkdiyiniz film olubmu?
- 1996-cı ildə
Çexovun “Məmurun ölümü” hekayəsinin motivləri
əsasında 48 dəqiqəlik “Kiçik leytenant” filmini
çəkmişəm.
- Bu filmə qədər
«Pozitiv media»da film çəkməyi düşünməmisiniz
ki?
- Film çəkmək
olardı. Müxtəlif vaxtlarda əlimə
düşən imkandan
yararlanaraq qısametrajlı
filmlər çəkə
bilərdim. Amma çəkdiklərimi
lazımi səviyyədə
ortaya çıxaracaq
imkanı yox idi. “Aktrisa”nı
ilk dəfə 2004-cü ildə
oxumuşdum. Həmin vaxtdan əsərin
üzərində qeydlərimi
edirdim. Üç dəfə müəyyən
güzəştlər hesabına
onu çəkmək
imkanım oldu. Amma çəkmədim. İş elə
gətirdi ki, bu əsəri Mədəniyyət və
Turizm Nazirliyinə təqdim etdim. Çox şükürlər ki, onların xoşuna gəldi.
- Sizcə, nazirliyin
etimadını hansısa ssenarini təklif etməklə
qazanmaq olar?
- Onlar “Kiçik
leytenantı”, «Mozalan» üçün çəkdiyim filmi,
ondan başqa çoxlu sayda reklam roliklərimi görüblər.
Nazirliyin bu işə icazə verməsi bir il çəkdi.
Dəfələrlə nazirliyə çağırılmışam,
söhbət eləmişik.
İlk dəfə 1998-99 cu illərdə nazirliyə bir ssenari vermişdim.
Yusif Vəzir Çəmənzəminlinin
əsəri əsasında
yazılan ssenari idi. Və mən başa düşdüm ki, bu ssenarinin taleyini
bilmək üçün
2 il ora
gedib -gəlməliyəm.
Vaxt isə gözləmir.
Mənə o vaxt cavab verəcəkdilər ki, artıq filmi çəkmək lazım
gəlməyəcəkdi. Ssenarilərin qiymətləndirilməsi komissiyasında kimlərin
əyləşdiklərini dəqiq bilmirəm, amma hamıya təşəkkür edirəm
ki, bu işi
soyumağa qoymadılar.
İndi hər gün səbirsizliklə gözləyirəm
ki, filmin işlərinə başlayım.
Bu film çox yaxşı alınacagına
əminəm.
- Ssenarinin hazırlanmasında
İlqar Fəhmi iştirak edibmi?
- Nazirliyə
təqdim eləmək
məqamı gələndə
İlqar Fəhmiyə
müraciət etdim. Onunla
- Aktrisa obrazı
çox xarakterik obrazdır hər bir aktrisaya özünü
göstərmək üçün hər cürə imkan
verir. Maraqlıdır, aktrisanın axtarışları necə
gedir?
- Aktrisa roluna 20-dən
çox adam yoxlanılıb. Bunlar sadəcə yoxlamaq olmayıb. Bu işə
vaxt və enerji sərf etmişik. İki nəfər namizəd
də var, biri Azərbaycandan, o biri isə Rusiyadan.
Amma hələ də axtarıram ki, bəlkə, onlardan da yaxşısını tapdım. İki namizədin adını
açıqlamayacam. Heç
yoxlanılan aktrisalar da opponentlərinin kim olduğunu
bilmirlər. Bilirsiniz niyə? Axı rejissor
aktyorun ruhu ilə oynayır. Sən onu aldatmasan,
inandırmasan və o
ruhən dəyişib
sən istədiyin adam olmasa,
kamil heç nə yarada bilməzsən. Mən aktrisanın ruhu
ilə oynayıram, ona necə opponentini
göstərə bilərəm.
Çox
istəyirəm ki, bu obraza azərbaycanlı
çəkilsin. Əgər qeyri-azərbaycanlı
çəkilsə inanın
ki, mənim günahım deyil.
- O zaman aktrisaların
günahıdır...
- Aktrisaların da
günahı deyil. Bu, daha çox
yaşadığımız həyat və mühit şərtlərindən
irəli gəlir. Bəzi aktrisalar filmdə nisbi açıq
səhnələrə görə heç bir problem olmadığını
bildirir, bunu normal qəbul edirlər. Razılaşanlar öhdəsindən gələ bilmədilər,
öhdəsindən gələ
bilənlər isə
razılaşmadılar. Amma orda çirkin,
iyrənc və zövqsüz heç nə yox idi...
Sizə yalnız onu deyə bilərəm ki, aktrisanın əri obrazına Fuad Poladov çəkiləcək. Bu artıq qətiləşib.
Yazıçı obrazında isə
mütləq azərbaycanlı
olacaq.
- Çəkilişlərə
nə vaxt başlayacaqsınız?
- Film martın 2-dən
istehsalata buraxıldı. Hazırda rejissor ssenarisi üzərində
iş gedir. Maydan filmin hazırlıqlarına
başlanılacaq. Avqust, sentyabr
aylarında çəkilişlər
gedəcək, 2010-cu ilin
mart ayına qədər
filmi tamamlamaq istəyirik.
- Texniki heyət bəllidirmi?
- Filmin prodüseri Əbdülnasir
Kutiyev, ikinci rejissor Akif Rüstəmov, operatoru Rövşən
Quliyevdir.
- “Aktrisa” ilk
böyük işinizdir. Sizə çətin gəlmirmi?
- İnanın lap 81-ci
böyük işim olsa belə, yenə mənə çətin
gələcək. Kino çətin bir işdir, çox əziyyətlər
hesabına başa gəlir. Məncə, kinonun ən çətin janrı psixoloji-detektivdir. Burada rejissorun
işi sirkdə nazik kəndirin üzərində gedən
kəndirbazın işinə
bənzəyir. Sağa-sola yol
yoxdur və yalnız düz getməlisən ki, məqsədinə çatasan.
İstəyirəm film canlı olsun,
nəfəs alsın.
Baxan insan inansın ona.
- Filmin sonrakı taleyi «Pozitiv Media»nı
nə dərəcədə
narahat edir?
- Mən
istəyirəm ki, bu film haqda hamının
məlumatı olsun. Yəni filmin piar-kompaniyası aparılmalıdır. Saytı olmalıdır.
Film ən azı
iki dildə olmalıdır. Bu barədə nazirliklə də danışmışam.
Onlar bildirdilər ki, nazirliyin tərkibində yaradılacaq qurum filmin birbaşa bu məsələləri
ilə məşğul
olacaq. «Pozitiv
media» olaraq biz də filmi əlimiz çatan bütün festivalara göndərəcəyik.
Dinindən və dilindən
asılı olmayaraq bu film hamı üçün maraqlı
olacaq. Çünki burda insan
var.
Hazırladı:
Aylin F.
Mədəniyyət.-
2009.- 1 aprel.- S. 10.