Nodar Şaşıqoğlunun doğum gününə

 

Nodar Şaşıqoğlu 13 mart 1927-ci ildə Batumi şəhərində anadan olub. Milliyyətcə acardır. 1950-ci ildə Moskva Teatr Məktəbini bitirib. Leninqrad Akademik Dram Teatrında işləyib. "Nikbin faciə" tamaşasında Aleksey (V.Vişnevski), "Sevilya ulduzu"nda Sanço Ortis (Lope de Veqa), "Mariya Tüdor"da Cilberti (V.Hüqo) oynayıb. Hazırda Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur.

 

N.Şaşıqoğlunun kino yaradıcılığı daha çox Azərbaycanın adı ilə bağlıdır. "Uzaq sahillərdə" filmində Mehdi Hüseynzadə (1958, rej.T.Tağızadə), "Əsl dost"da Fərman (1959, rej. T.Tağızadə), "Səhər" Əzizbəyov (1960, rej. A.Quliyev), "Matoe Falkone" qısametrajlı kinodramında Mateo Falkone (1961, rej. T.Tağızadə. Film Prosper Merimenin eyniadlı əsəri əsasında çəkilib), "Leyli Məcnun"da Məcnun (1961, rej. L. Səfərov), "Bizim küçə" yenə Mixaylo (1961, rej. Ə. Atakişiyev), "Telefonçu qız"da Zakir (1962, rej. H.Seyidbəyli) obrazlarını canlandırıb.

1983-cü ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. 2007-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

Yuxarıda sadalanaların hamısı çılpaq faktlardır. Ancaq başqa bir fakt, başqa bir həqiqət var: Nodar Şaşıqoğlu Azərbaycan kinosunun Mixaylosudur. Ona qədər ondan sonra çəkildiyi səhnədə oynadığı bütün rollara rəğmən küçədə aktyorla rastlaşanlar, şəklini görənlər, bir sözlə, hamı ilk növbədə Mixaylonu xatırlayır.

 

"Uzaq sahillərdə"

 

"Milli kinematoqrafiyamızda qəhrəman obrazı" deyən kimi yada ən birinci Tofiq Tağızadənin "Uzaq sahillərdə" filmi və Nodar Şaşıqoğlunun ifasında qəhrəman Mehdi Hüseynzadə - Mixaylo düşür. Yerində istifadə olunmuş iri planlar, işıq və kölgə oyunu, yüngül və canlı dialoqlar...

- "Aa... Gülsatan qız!"

- "Axşam saat doqquzun yarısında zabitlə görüşüm var!"

- "Müsyö Kraus?"

- "Şeytandır, iblisdir, hər nədir, axır ki Mixaylonun özüdür!" və sair və ilaxır..

Azərbaycan kinosunda çox az sayda filmə hissə-hissə, cümlə-cümlə məişətə daxil olmaq, yaşamaq taleyi qismət olub. Bir qayda olaraq, komediya janrında çəkilmiş filmlər "qanadlı cümlələr" - aforizmlər şəklində tamaşaçının yaddaşında qalırdı. Ciddi filmlərdən isə deyəsən, təkcə "Uzaq sahillərdə" kütləviləşə, "kult" filminə çevrilə bilib. Nodar Şaşıqoğlunun Mixaylosu kinomuzun yalqız qəhrəmanı - Rembosu, Terminatorudur. Ssenarist rejissorun peşəkarlığı, üstəgəl istedadlı aktyor oyunu, sirayətedici, situasiyadan asılı olaraq gah kəskin, gah da romantik olan, amma bütün hallarda qarşısındakı insanın gözlərinə düz baxan baxışlar, assimmetrik üz cizgiləri "Uzaq sahillərdə" filminin qəhrəmanı Mehdi Hüseynzadəni- Mixaylonu bir anda tamaşaçıların sevimlisinə, gənc qızların xəyali cəngavərinə çevirmişdi.

 

 

Antiqəhrəman?...

 

Nodar Şaşıqoğlu həm də "Telefonçu qız" melodramındakı Zakirdir. Mixaylo Zakir... Doğrudur, Zakir sözün hərfi mənasında mütləq mənfi qəhrəman deyil. İşgüzardır, yenilikçidir, böyüklərin məsləhətinə qulaq asır, valideynlərini sevir. Yeganə mənfi cəhəti (filmdə) qadınları sevməsidir. Onun üçün xəyanət sədaqət anlayışları çox adiləşib. Zakir öz instinktlərinin idarəsi ilə yaşayır. Amma yad ölkədə tanımadığı insanların azadlığı uğrunda vuruşan, hər dəqiqə ölümlə üzləşən qorxmayan, sadiq Mixaylonun dayandığı nöqtədən baxanda antiqəhrəmana oxşayır. Fakt odur ki, Nodar Şaşıqoğlunun kino yaradıcılığı, yuxarıda adları çəkilən filmlərdə oynadığı rolları sayından miqyasından asılı olmayaraq bu iki əks qütbün, iki obrazın yaratdığı mötərizənin içindədir. O, bizim Mixaylomuz Zakirimizdir...  

 

 

Aytək

 

 Mədəniyyət.- 2009.- 1 aprel.- S. 10.