Bakıda beynəlxalq seminar.

 

Bugünlərdə Bakıda Ümumdünya Turizm Təşkilatının Avropa üzrə Komissiyasının 49-cu iclası çərçivəsində “İqtisadi böhranın Avropa turizminə təsiri: çağırışlar və cavab tədbirləri” mövzusunda keçirilən seminarda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və ÜTT Avropa Komissiyasının Baş katibi vəzifəsini icra edən Talib Rifai açılış nitqi ilə çıxış etdilər. BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi yanında baş iqtisadçı və baş mütəxəssis Robert Şelburn “Cari qlobal iqtisadi və maliyyə böhranının Avropa perspektivləri” mövzusunda çıxışında 2009-2010-cu illərin dünya üzrə turizm sahəsi üçün çətin keçəcəyini qeyd etdi. Onun sözlərinə görə, bununla yanaşı, bu sahədə rəqabətin artacağı, səyahətlərin daha qısa olacağı, səyahətçilərin nisbətən ucuz hotellərə üstünlük verəcəyi gözlənilir. Ekspert bildirdi ki, Qərbi Avropaya səyahətlər daha ucuz başa gəldiyi üçün orada turist axınının artacağı, Şərqi Avropa və Amerikaya səyahətlərin həcminin isə azalacağı gözlənilir. O, böhranın Braziliya və Çinin turizm sahələrinə bir o qədər təsir göstərmədiyini də vurğuladı.

Tədbirdə çıxış edən UNWTO-nun rəqabətlilik və turistik xidmətlərin ticarəti, bazar tendensiyaları üzrə bölməsi rəhbərinin müavini Sandra Karvao qeyd etdi ki, ötən il ərzində bütün dünya üzrə səyahətlərin həcmi 1% azalıb. Avropada isə bu göstərici daha yuxarı olub. Ekspertin proqnozlarına görə, bu il vəziyyətin daha da pisləşəcəyi, 1-3% azalma müşahidə ediləcəyi gözlənilir: “Bununla yanaşı, böhranın turizmə müsbət təsirləri də olub. Belə ki, neftin ucuzlaşması nəticəsində aviabiletlərin qiymətində düşmə qeydə alınıb. Həmçinin hotellərdə rezervasiya qiymətləri endirilib, 17 il ərzində qəbul edilməyən ƏDV-nin endirilməsi təklifləri ötən ay artıq qəbul edilib. Qeyd edək ki, Avropada ölkədən asılı olaraq ƏDV-nin həcmi 3%-dən 25%-dək təşkil edir”.

Sonra tədbirdə Avropa ölkələrində böhranın təsirlərinin azaldılması məqsədilə görülən işlərdən də danışıldı. Qeyd olundu ki, İsveçrədə böhranı aşmaq məqsədilə daxili turizm inkişaf etdirilir, reklam kampaniyalarının keçirilməsi üçün əlavə vəsaitlər ayrılır, beləliklə, ölkədə turizm xidmətləri sahəsində kəskin rəqabətin artacağı, nəticədə xidmətlərin keyfiyyətinin yüksələcəyi gözlənilir.

Sloveniyada isə vəziyyət daha çətindir. Çünki qonşuluqda İtaliya və Macarıstan kimi ölkələr var. Bu səbəbdən daxili bazarı inkişaf etdirmək çətin olacaq.

Azərbaycana gəldikdə, iclasda bildirildi ki, ölkənin şimalında xizək kurortunun yaradılması istiqamətində iş aparılır, layihə çərçivəsində yerli kadrlar müvafiq treninqlərdə iştirak edirlər. Bununla yanaşı, ölkədə turizmin təbliğatına ayrılan vəsait ildən-ilə artırılır, nəticədə son illər ölkədə turizmin inkişaf tendensiyaları müşahidə edilir. Eyni zamanda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu il ərzində turist xidmətlərinin artırılacağı, qonşu ölkələrdən, o cümlədən Türkiyə, Rusiya və Gürcüstandan Azərbaycana turistlərin cəlb edilməsi planlaşdırılır. Bununla yanaşı, Azərbaycan hökuməti UNWTO ilə birgə yeddi ölkənin iştirakı ilə “Şərab yolu” layihəsini və digər birgə layihələr həyata keçirir.

Qeyd edək ki, seminarda dünyanın 34 ölkəsindən 70-ə yaxın nümayəndə və Azərbaycanda fəaliyyət göstərən bir sıra turizm şirkətlərinin rəhbərləri də iştirak edirdi.

 

 

   Fəxriyyə Abdullayeva.

 

   Mədəniyyət.- 2009.- 1 aprel.- S. 8.