Muğamın yaz təəssüratı.

 

Bakıda I Beynəlxalq Muğam Festivalı başa çatdı. Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, İraq, Mərakeş, Tacikistan, Özbəkistan, Çin, (uyğur) və başqa Şərq ölkələrindən gələn muğam ustaları, sənətşünaslar və musiqi alimlərinin cəm olduğu bu təntənəli tədbir ölkəmizin mədəni həyatında böyük bir hadisəyə çevrildi. Qoca Şərqin tarixində ilk dəfə olaraq Bakı dünyanın əksər muğamsevərlərini bir yerə topladı. Möhtəşəm muğam aləminin sehri milyonların ürəyini fəth etdi. H.Əliyev Fondunun, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının təşkilatçılığı və Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən muğam festivalı böyük musiqi bayramı olmaqla yanaşı, həm də tariximizə, keçmişimizə, milli-mənəvi kökümüzə ehtiramın, hörmətin ifadəsi idi. Muğam festivalının Novruz bayramı ərəfəsində başlaması da bu ehtişamlı musiqi törəninə bir yaz ovqatı, bir coşqunluq gətirdi. Ruhumuzu oxşayan ifaların, təzə nəfəslərin, rəngarəng milli geyimlərin gözəlliyi bir-birinə qarışdı. Billur zəngulələrin ecazkar işığında dolanbadolan Təbriz küçələrini gəzdik, Dəməşqin, Səmərqəndin, İstanbulun sehrli gecələrini seyr etdik, qazax çöllərinin nəhayətsizliyinin əsrarəngizliyini duyduq, Füzulinin uyuduğu Bağdadın zümrüd göylərində gözdən itən durna qatarını gördük. Arzunun, Təyyarın, Babəkin, Yulduzun çıxışları bizi qürurlandırdı. Alim Qasımovun ifası muğamı zaman və məkan çərçivəsindən çıxarıb əbədiyyətə ünvanladı. Ruhumuz təzələndi, yaddaşımızın qırışığı açıldı. Bəlkə də, bu o ovqat idi ki, məndə bu yazını müsahibə janrından çıxarıb, elə gördüyüm və duyduğum kimi oxucuya təqdim etmək istəyi yaratdı. Belə ki...

 

 

I portret

 

Bakı. «Park İnn» mehmanxanası. Səhər saat 10.

 

Onlar Daşkəndə uçmağa hazırlaşırdılar. Mən onu görən kimi tanıdım. Həmin an da soruşdum: - Siz festivalda «getmə» yox, «gitmə, gitmə, gitmə gözəl» oxuyan qız deyilsiniz? O, saat çöhrəsində təbəssümün işığı göründü:

 - Yəni düz oxumadım?

Bu sual, elə bil özü ilə Səmərqəndin mavi günbəzlərini bəzəyən naxışlarını, yağışlı havada yol gedən dəvə karvanlarının su dolan ləpirlərini, yaşıl, qırmızı, sarı ipəyin isti işartısını gətirdi gözümün qabağına. Onun bu sualı elə öz adı kimi şirin gəldi mənə. - Yulduz.

- Bəlkə «Ulduz»?

 - Yox, Yulduz Turdıyeva.

Gördüm ki, «getmə» ilə «gitmə»nin bənzərliyi «Ulduz»la «Yulduz» kimi dilimizin güzgüsündə eyni cür əks olunur. Yaxşı idi ki, Yulduzun çöhrəsindəki sadəliyi, gözəlliyi, ənlik-kirşan örtməmişdi. Geyimində də, rəftarında da özünü tez büruzə verən bir təvazökarlıq əlaməti var idi. Bəlkə o, muğam adlı bir dünyanın içində yox, tamam başqa bir ölçüdə yaşasaydı, daha doğrusu, başqa bir sənətə könül versəydi, indi gördüyüm Yulduz olmayacaqdı. Görünür, muğam axar su sayağı təmizliyi, saflığı, sadəliyi sevdiyi kimi, ona ürək bağlayanları da öz arxasınca aparır.

- Evdə balaca bir bolom var, - üzümdəki anlaşılmazlığı görüb, əlinin işarəsi ilə sözlərini tərcümə etmək istəyir - yeddi aylıq bolom var, adı Mehracdır.

Mən bu tərcümədən sonra başa düşdüm ki, Yulduzun yeddi aylıq oğlu var. O, sonra da yanımda əyləşmiş telli-toqqalı oğlanı göstərib deyir:

- Bu da yerimdir. (Mötərizəni siz oxuculara görə açdım. Çünki sonradan başa düşdüm ki, Yulduz «ərim» demək istəyir. Düzü «yerim» bizimlə yanaşı otursa da, söhbətimizə az qoşulurdu. Onu da bildim ki, o, Yulduzun çıxış elədiyi ansamblda zərb alətində çalır və bütün səfərlərdə öz «xatun»unu müşayiət edir. Bu məqam Yulduzu gözümdə bir az da qaldırdı.)

 

 

 Müsahibə yox, söhbət

 

Yulduzun «yerim»i bizə alma şirəsi gətirdi. Elə bu vaxt xəbər gəldi ki, maşın çöldə gözləyir, onlar təyyarə limanına getməlidirlər. Bütün bu müddət ərzində diktofon işləyirdi. Hətta bizim söhbətlərimiz arasında yaranan pauzalar da lentin yaddaşına köçürülürdü. Bu pauzalar Yulduzla mənim mövzunu dəyişməmək istəyindən irəli gəlirdi. Elə bil söhbətimizdəki bu pauzalar muğamdakı nəfəsdərmələrə oxşayırdı. Söhbətimizin sarvanı “muğam” idi, ona görə sözün axarını başqa səmtə yönəltmək qeyri-mümkün idi.

 

 

Sözdə yazıya

 

 26 mart saat 11 radələrində lentə alınıb.

 

- Özbəkistan Dövlət Konservatoriyasının muğam şöbəsini bitirmişəm. Azərbaycan muğamlarına balaca yaşlarından vurulmuşam. «Segah», «Şur», «Çahargah», «Bayatı-şiraz»ı çox sevirəm. Ən böyük arzum Azərbaycan muğam məktəbində təhsil almaq, muğamları mükəmməl öyrənib, ifa etməkdir.

- Biz azərbaycanlılar muğamla nəfəs alırıq. Bəs Özbəkistanda necə?

- Əlbəttə, muğam bizdə Azərbaycandakı kimi yayılmayıb. Bizdə Şərq təranələrinə meyil daha çoxdur. Mən dünyanın bir çox ölkələrində olmuşam. Müxtəlif musiqi festivallarında iştirak etmişəm. Ancaq heç yerdə görmədim ki, hansısa konsert salonunda özbək muğamı oxunsun. Belə mötəbər tədbirlərdə həmişə Azərbaycan və İran muğamlarını eşitmişəm.

- Azərbaycanın muğam ustalarından kimlərə daha çox üstünlük verirsiniz?

- Alim Qasımov, Arif Babayev, Zabit Nəbizadə və Simarə İmanovanın adını çəkmək istəyirəm. Festivalda çıxış edən Arzu Əliyeva və Təyyar Bayramovu çox bəyəndim. Mən bu möhtəşəm tədbiri gerçəkləşdirən Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm.

- Siz bu festivalda «Qarabağ şikəstəsi»ni ifa etdiniz, onu necə öyrəndiniz?

- Hələ uşaq yaşlarında onu eşitmişdim. Sonralar Səmərqənddə «Şərq təranələri» festivalı keçiriləndə «Qarabağ şikəstəsi»ni canlı şəkildə Alim Qasımovun ifasında dinləmişəm. Qərarlaşdırdım ki, hər necə olsa onu oxumalıyam. Bu festivalda «Qarabağ şikəstəsi»ni ifa edəndə səslənən alqışlardan belə başa düşdüm ki, zəhmətim hədər getməyib. Mən onu ürəkdən oxumuşam.

- Sizdə musiqiyə həvəs hardan yaranıb?

- Atam mühəndisdir, anam tikiş ustası. Ailəmizdə musiqiçi yoxdur. Görünür, bu, Allah vergisidir. Ancaq həyat yoldaşım musiqiçilər ailəsindədir.

- Özbəkistanın bugünkü mədəni mühiti haqqında nə deyə bilərsiniz?

- Müstəqillik qazanandan sonra bizim respublikamızda böyük inkişaf gedir. Bu, təbii ki, mədəniyyətdə də öz əksini tapır. Festival günlərində Bakının görməli yerlərində oldum. Bakı Avropa şəhərini xatırladır.

- Bizim böyük bəstəkarlarımız - Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov, A.Məlikov və başqaları öz əsərlərində milli musiqimizdən bəhrələniblər. Bu hal bütün dünya musiqi mədəniyyətində mövcuddur. Mənimçün maraqlıdır: Özbəkistanda milli musiqi ənənələri və müasir bəstəkarlıq məktəbinin bağlılığı necə qurulub?

- Mən sizin «Leyli və Məcnun»na qulaq asmışam. O, başdan-ayağa muğam üstündədir. Bizdə isə belə fakt yoxdur. Ancaq dediyiniz bağlılıq isə var və həmişə olacaqdır.

- Muğam bir insan kimi sizə nə verib?

- Muğam mənim həyatıma gözəllik gətirib. Mənə həyatı sevməyi öyrədib.

- Azərbaycandan ayrılırsınız, özünüzlə hansı ifaçıların disklərini aparırsınız?

- A.Qasımov, A.Babayev, S.İmanova və T.Bayramovun disklərini.

Diktofonu söndürürəm. Bayaqdan söhbətimizdə iştirak edən qəzetimizin baş redaktoru Nigar xanım Mənsimli Yulduzla şəkil çəkdirir. Sonra biz onu festivalda I yer qazanmağı münasibətilə təbrik edirik. Yulduzgillə sağollaşırıq. Sonra da ürəyimdə deyirəm ki, «salamat get, Yulduz! Bizim ellərimizin - muğamlarımızın, xalçalarımızın, yaralı ürəyimiz üçün sevə-sevə oxuduğun «Qarabağ şikəstəsi»nin işığını apar! Apar, mavi Səmərqənd günbəzlərinin naxışlarına çilə! Onsuz da sənin təbəssümün çox sevdiyim bir şairin bir beyti kimi heç vaxt yadımdan çıxmayacaq.

  

   Var güney çiçəyim, quzey qarım da,

   Gülümdən üzünə çilənər bahar...»

 

 

II portret

 

Bakı. «Park İnn» mehmanxanası. Saat 11:30

 

Müsahibimizlə üzbəüz oturanda nədənsə Elüardan bir misra yadıma düşdü: «Hardasa çiskin var, bəlkə də Parisdə». Amma bunu ona demək istəmədim. Jan Dürinq Parisdən gəlib. Universitetin professorudur. Otuz beş ildir ki, Şərq musiqisini tədqiq edir. Ömrünün çox illəri Tehranda, Səmərqənddə keçib. Farsca gözəl danışır. Aramızda oturan bir özbək qadın, dədə-baba dili ilə ilə desək, dilmanclıq edir.

Paris, Daşkənd, Bakı... Bir də Hafizin, Xəyyamın dili... Burda mədəniyyətlər görüşüb. Təbrizin, Şirazın başı üzərindəki ulduzlu səma, qədim muğların nəfəsi ilə dolan muğam. Hötenin «Qərb-Şərq divanı», Van Qoqun «Günəbaxanlar»ı, «Simayı-şəms»in tarixi taleyi... Mən onunla mədəniyyət adlanan bu nəhəng kətanın üzərindəki parlaq işarələrdən danışmalıydım. Nə bunun üçün elə vaxt var idi. (çünki o da hava limanına tələsirdi), nə də ki, bu söhbət qəzet səhifəsinə sığası deyildi. Belə anlarda növbətçi sual adamın dadına çatır. Heç tələsən müsahibin də saata baxmağa ehtiyacı qalmır.

 

 

Keçmişin və gələcəyin muğamı

 

- Beynəlxalq Muğam Festivalı haqqında sizin fikirlərinizi eşitmək çox maraqlı olardı.

- Ən birincisi, buradakı yüksək qonaqpərvərliyi qeyd etmək istəyirəm. İkincisi, bu tədbir ümumbəşəri əhəmiyyət daşıdığı üçün böyük önəm kəsb edir.

- Festivalda bir çox xalqların muğamları səsləndi. Mən sizdən bir tədqiqatçı kimi muğamlara müqayisəli münasibəti eşitmək istəyərdim.

- İstər İran, İraq, Türkiyə, istərsə də Azərbaycan muğamlarının kökü birdir. Zaman keçdikcə o ayrılıb və inkişaf prosesində onda fərqli elementlər əmələ gəlib. Muğamı bir-birindən ayrı təsəvvür etmək olmaz. Bu festival həmin fərqləri çox aydın göstərməklə yanaşı, onları öz köklərinə yaxınlaşdırdı.

- İndi Şərq-Qərb dialoqunda mədəniyyət siyasəti üstələməyə başlayıb. Sizcə, bu faktor mövcud ziddiyyətləri həll eləyə bilərmi?

 - Mədəniyyət anlayışı siyasətdən yuxarıda dayanır. Siyasət mədəniyyətin bir qoludur. Cəmiyyətin demokratikləşməsində mədəniyyətin rolu böyükdür. Bu mənada Azərbaycanın belə möhtəşəm tədbirə öz qapılarını açması bizi çox sevindirir. Belə festivalları planlı şəkildə, hər ildən bir keçirmək, həm də ora çox ifaçı cəlb etmək lazımdır.

- Festivalın nəticəsindən razısınızmı? Sizi qane etdimi?

- Tam razı qaldım.

 - Biz elə düşünürük ki, ən mükəmməl muğam bizimdir. Mən bu fikrə sizin münasibətinizi bilmək istərdim.

- Azərbaycan və İran zaman-zaman muğamı çox təkmilləşdiriblər, zənginləşdiriblər. Bu, bir tərəfdən muğamı inkişaf etdiribsə, onu mərhələ-mərhələ yeniləşdiribsə, digər tərəfdən ilkinliyin bəzi elementlərini, ritmlərini itirib. Məsələn, Özbəkistan və Türkiyədə muğam 300 il əvvəl oxunduğuna daha çox yaxındır. Ona görə də, bayaq dediyim kimi, bu cür festivalları, simpoziumları elmi konfransları çox keçirmək lazımdır. Bu, muğamın dərindən öyrənilməsinə və inkişafına böyük təkan verər.

- Azərbaycan muğam ifaçılarından kimi çox sevirsiniz?

- Alim Qasımovu. Çünki o, muğamın ilkinliyini daha çox bərpa etməyə çalışır və müəyyən qədər də buna nail olub. Ancaq müəyyən qədər. Sizdə yaxşı xanəndələr çoxdur. Ancaq mən dediyim yüksək səviyyədə olanları isə azdır.

 

 

Bir parça bahar

 

Maşın fransız qonağı hava limanına apardı. Mən isə bayram Bakısının hay-küylü küçələri ilə evə qayıdırdım. Nədənsə həyətimizdəki çiçəkləyən badam ağacı gözümün qarşısından çəkilmirdi. Bir də bəstəkar Arif Məlikovun rəsmlərindən ibarət topluda gördüyüm «Çiçəkləyən badam ağacı» xatırladım. Yəqin Novruz bayramının ovqatı, yaz müjdəsi kimi gələn muğam festivalının sevinci idi bunları yadıma salan.

Doğrudan da, bahar həmişə həyat eşqi ilə doludur. Elə bu festival da, düşündüm ki, bir parça bahar kimi yadda qalacaq.

 

 

Qorxmaz Şıxalıoğlu

 

Mədəniyyət.- 2009.- 1 aprel.- S. 6.