Muğam festivalı: müsabiqə, müqayisə
və nəticə
Muğam sənətinin
qorunması və inkişafına xidmət edən “Muğam
aləmi” Beynəlxalq festival artıq tarixə
qarışdı. Heydər Əliyev Fondu, Mədəniyyət
və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqının təşkilatçılığı,
Azərbaycan Mədəniyyətinin Dostları Fondu, Milli Elmlər
Akademiyası Təhsil Nazirliyinin təşkilati dəstəyi
ilə keçirilmiş tədbir xalqın ulu sənətə
bağlılığını və bunun nəticəsi kimi
dövlətin milli mədəniyyət nümunələrinə
olan diqqət və qayğısını qabarıq şəkildə
göstərmiş oldu.
Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
təşəbbüsü və qayğısı ilə
baş tutan bu möhtəşəm müsabiqə mədəniyyət
sahəsində inkişafın yeni mərhələsinin
başlandığından xəbər verir.
“Muğam aləmi” Beynəlxalq
festival çərçivəsində keçirilən silsilə
tədbirlər Azərbaycan xalqının musiqisinin, mədəniyyətinin,
eləcə də muğamlarımızın təbliği, tədqiqi
baxımından olduqca əhəmiyyətlidr. Beynəlxalq
muğam müsabiqəsinin münsiflər heyətinin üzvləri,
Azərbaycan Milli Konservatoriyasının rektoru, professor
Siyavuş Kərimi, Azərbaycanın xalq artisti, professor Arif
Babayev, Azərbaycan Bəstəkarlar İttifaqının
katibi, professor Ramiz Zöhrabov, YUNESKO-nun nümayəndəsi, Paris
Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan
Dürinq, Ənənəvi Musiqi üzrə Beynəlxalq
Şuranın vitse-prezidenti, niderlandlı Vim Van Zanten,
türkiyəli musiqişünas Fikrət Qaraqaya və Beynəlxalq
Musiqi Sülh Mükafatı laureatı, almaniyalı Mixael
Dreyer olduqca gərgin keçən yarışmanı ədalətli
qiymətləndirdilər.
Beynəlxalq muğam
müsabiqəsinin münsiflər heyətinin rəhbəri,
Azərbaycan Milli Konservatoriyasının rektoru, professor
Siyavuş Kərimi: «Bu çox böyük və məsuliyyətli,
münsiflərin üzərinə böyük məsuliyyət
qoyan yarışma idi. Burada dünyanın məşhur
ölkələrindən istedadlı ifaçılar
yarışırdılar. Müxtəlif ifa tərzləri, fərqli
səslər, nəfəslər, bəzən oxşar, bəzən
də əks milizmalar. Yəni seçim etmək, hər
ifaçının imkanlarını dəyərləndirmək,
yüksək peşəkarlıq bacarığını
üzə çıxarmaq o qədər də asan deyildi. Amma
münsiflər bunun öhdəsindən gəldi və
şükür ki, Qran-pri bizdə qaldı. Buna çox
ümid edirdik və sevinirəm ki, bu, belə də oldu. Muğamın
coğrafiyası çox böyükdür deyə və aləmin
muğamının Azərbaycanda cəmlənməsi
böyük bir fakt, ümumiyyətlə, bu festivalın
keçirilməsi tarixi hadisədir. Bu festival ənənə
halını alacaq və əminəm ki, bundan sonra da Azərbaycana
muğam dünyasının xiridarları gələcək və
muğamımızın təntənəsi göylərə
yüksələcək».
Türkiyəli musiqişünas
Fikrət Qaraqaya: «Bu müsabiqədə münsiflərin
işi çox çətin oldu. Düzü, adil olmaq,
doğru qərar vermək o qədər də asan olmadı. Dəyərləndirmədə
səs faktoru önə çəkildi. Əsas kriteriya səsin
varlığı, muğam oxuma qabiliyyəti idi. Təbii, adil
olmağa çalışdıq. Amma unutmaq olmaz ki, hər ənənənin
öz kriteriyası var. Bu mənada məmnunluqla qeyd edim ki, Azərbaycanda
bu sənət çox yüksəkdir. Məktəblərdə,
ali musiqi təhsili müəssisələrində
muğamın tədrisi çox yüksək səviyyədədir.
Sizdə müəllimlərin və tələbələrin,
muğam ifaçılarının səviyyəsi çox
yüksəkdir. Onu da qeyd edim ki, Təyyar Bayramov buradakı
iki ən gözəl səsdən biridir. Fövqəladə,
əla, gözəl səsdir. Bu qəbildən Yulduzun da səsini
yüksək dəyərləndirirəm. Azərbaycan bu tədbirin
təşkili ilə çox böyük iş gördü.
Burada muğama göstərilən qayğı ən gözəl
sözə layiqdir. Festival yüksək səviyyədə təşkil
olundu. Fərqli ənənələrin
daşıyıcıları bir araya gələrək həm
təcrübə mübadiləsi apardı, həm də
bir-birini tanıdı. Məncə, bu tədbir ənənə
olaraq hər ölkədə keçirilməlidir.
Muğamın olduğu məkanlarda bu qədim sənətin
yaşadılması üçün
çalışılmalıdır. Azərbaycan bu işdə
qərarlıdır və bu ilk tədbirin ənənə
halını alacağına inanıram».
Azərbaycan Bəstəkarlar
İttifaqının katibi, professor Ramiz Zöhrabov: «Müsabiqə
yüksək səviyyədə keçdi. Burada geniş müzakirələr apardıq,
başqa-başqa namizədlər
arasından seçim
edərək yekdil qərara gəldik. Yarışmaya Almaniya, Niderland,
Türkiyə, İraq,
İran və ümumilikdə muğamın
geniş yayıldığı
ölkələrdən iştirakçılar
qatılmışdı. Hər
bir namizədə yer vermək çətin idi. Çünki yaxşı
ifaçılar çox
idi. İran, Özbəkistan, Tacikistan,
Misir və Mərakeşdən gələn
iştirakçıların vokal imkanları və hazırlıqları
yüksək səviyyədə
idi. Yəni öz musiqilərini göstərirdilər. Amma
bəzi adamlar dini musiqilərini gətirmişdilər. O, muğama
aid olmadığı
üçün nəzərə
almadıq. Seçim vaxtı səs və peşəkarlıq
meyar kimi önə çəkildi.
Müzakirədə də
dedim ki, əgər inkişafla götürsək, ən mükəmməli Azərbaycan
muğamıdır. Bunun
da elmi əsasını
Ü.Hacıbəyov qoyub.
Üçpilləli təhsil
yaradıb, dünyanın
heç bir ölkəsində belə
bir təhsil sistemi yoxdur. Ona görə də bizdə ifaçılar da yaxşı yetişirlər.
İstər instrumental
ifaçılar, istərsə
də xanəndələr.
Ona görə də elə birinci yeri, Qran-Prini
Azərbaycana verdilər. Onlar bizim
bütün muğamlarımızı
bilmirlər, ifaçılarımız
da yaxşı tanımırlar. Amma onlar
gördülər ki,
bizim ifaçılarımız
çox yüksək
səviyyəlidirlər.
Amma unutmaq olmaz ki, hər
bir xalqın musiqisi ona əziz və doğmadır. Türkmən, qazax üçün muğam,
Əlcəzairdən, Mərakeşdən
olan nuqolar üçün də muğam doğmadır. Bəlkə də biz onların boğazlarını bəyənmirik.
Amma onlar üçün o, daha doğmadır. Amma bizim kimi
yayılmayıb. Bu gün Azərbaycanda muğam üçün yeni bir mərhələ
başlayıb. Bu şəraiti də ölkəmizin birinci xanımı Mehriban Əliyeva yaradıb. Bu günə qədər iki müsabiqə və bir beynəlxalq festival keçirilib. Heç bir ölkədə Muğam ensiklopediyası yoxdur, amma bizdə var. Gərək iki ildən bir belə bir
festival keçirilsin ki, bu da
davamlı olsun. Bu dəfə
də ola
bilsin ki, instrumental musiqi ilə bağlı simpozium keçirilsin».
Ənənəvi Musiqi
üzrə Beynəlxalq Şuranın vitse-prezidenti,
niderlandlı Vim Van Zanten: «Mən ilk dəfədir ki, incəsənət
müsabiqəsində iştirak edirəm. Bu müsabiqə sözün
əsl mənasında
məni təəccübləndirdi. Düşünürəm ki, belə tədbirin
keçirilməsi sizin
ölkəniz üçün,
burada iştirak edənlər üçün
çox yaxşı idi.
Mən bir daha Azərbaycan
musiqisinin zənginliyinin
şahidi oldum. Bu uğura görə Azərbaycan xalqını
təbrik edirəm.
Hər şey yüksək səviyyədə təşkil
olunmuşdu.
Hollandiyada yaşasam da, əslən İndoneziyadanam. Yəni asiyalıyam.
Dünya
musiqisindən bəhs
edərkən deməliyəm
ki, mən heç vaxt muğam haqqında, xüsusilə də Azərbaycan muğamı haqqında eşitməmişəm.
Əlbəttə, mən makam,
Misir musiqisi haqqında məlumatlıyam.
Onu da qeyd edim ki, Azərbaycan
muğamının özəlliyi maraqlı və cəlbedicidir.
Estetik nöqteyi-nəzərdən
burada insanlar səs-küylə, yüksək
oxumanı qiymətləndirirlər. Bu şəxsən mənim qiymətləndirməm deyil.
Əlbəttə, mən də
öz intuisiyamdan istifadə etdim. Lakin mən bacardığım
qədər hər bir şeyi bütün
kontekstdə qiymətləndirməyə
cəhd etməliyəm.
Lakin bunun özü də çox çətindir. Çünki mədəniyyətlər çox
fərqlidir. Sən kimin
yaxşı, kimin pis oxumasını görməyə çalışmalısan.
Hər halda yaxşı səs, xoş nəfəs zildə də, bəmdə də olsa, özünü
göstərir».
Beynəlxalq Musiqi
Sülh Mükafatı laureatı, almaniyalı Mixael Dreyer:
«Müzakirələr aparmaq, fərqli muğamları dinləmək
çətin idi. Azərbaycan muğamı çox incədir.
Əlbəttə ki,
juridə olmaq və qaliblərin seçimi ilə
bağlı qərar qəbul etmək çox çətin
idi. Bildiyiniz kimi, müsabiqədə müxtəlif ölkələrdən
iştirakçılar təmsil
olunurdu və mədəniyyətlər müxtəlif
olduğundan müqayisə
aparmaq çətinlik
yaradırdı. Bu baxımdan
prizlərin əsl sahibini müəyyən etmək, hansı iştirakçının daha
çox mükafata layiq olmasını müəyyənləşdirmək asan deyildi. Amma müsabiqə boyunca bütün həyəcanlara,
çətinliklərə, gərginliklərə baxmayaraq
nəticə olaraq demək istərdim ki, bu, çox
gözəl festival idi.
Festival bir daha göstərdi
ki, Azərbaycan regionda çox vacib ölkədir. Bu vaxta qədər də Azərbaycanda maraqlı simpoziumlar, tədbirlər keçirilirdi.
Əgər bu kimi tədbirlər bu minvalla davam etdirilərsə, Bakı muğam və digər Şərq musiqiləri üçün
başlıca mərkəz
olacaq.
Çünki Şərqdə
təkcə muğam deyil, digər ənənəvi musiqi
növləri də var. Düşünürəm ki, məhz
belə bir beynəlxalq festivalın Azərbaycanda
reallaşmasına görə özünüzü çox
xoşbəxt hesab etməlisiniz.
Festivalın gedişində
mənə aydın oldu ki, Azərbaycanda yüksək təhsil
görmüş musiqiçilər, ifaçılar var. Onlara dövlət səviyyəsində
yaxşı dəstək
verilir, müdafiə olunurlar. İşləmək üçün də çox əlverişli imkanlar var. Məsələn,
müqayisə üçün
deyim ki, Ərəb ölkələrində
musiqiçilər daha
az dəstəklənir.
Azərbaycanda isə klassik
musiqiniz olan muğama və muğam ifaçılarına
məhz dövlət səviyyəsində dəstək
verilməsi, can yandırılması
çox müsbət
haldır. Muğam həqiqətən
Azərbaycanda mədəni
həyatın ayrılmaz,
mühüm hissəsidir.
Bu musiqi, doğrudan
da Azərbaycanda milli bənzərlik kimi görünür.
Almaniyada
da muğam ifaçıları var. Etiraf
edim ki, muğam almanları həyəcanlandırır. Düşünürəm ki, muğam
Avropada da çox müvəffəqiyyət
əldə etməlidir.
Ona görə ki, bu elə bir
musiqi növüdür
ki, ifa olunduqda,
hər kəs istər-istəməz bu musiqinin, bu gözəl
və canlı səsin təsiri altına düşür».
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2009.- 1 aprel.- S. 4.