Qanlı mart hadisələrindən 91 il
keçir
Erməni vəhşiliyinin
gerçək sübutu
Bakıda 1918-ci il mart
faciəsi ilə bağlı Milli Arxiv İdarəsinin rəisi,
tanınmış tədqiqatçı Ataxan Paşayev ermənilərin
Bakıda qırğın törətmək istəklərini
planlaşdırılmış şəkildə
yaratdıqlarını sənədlərin, faktların dililə
əsaslandırır: "19-cu əsrin axırları, 20-ci əsrin
əvvəllərində Bakıda neft sənayesinin sürətlə
inkişafı, dünyanın ən iri neft mərkəzinə
çevrilməsi ermənilərin kütləvi şəkildə
bu şəhərə axınına səbəb oldu.
Özlərinin xristian
dininə etiqadlarına və həmişə Rusiya hökuməti
qarşısında bir alət olduqlarına istinad edən ermənilər
hökumətdən Bakı neft sənayesində böyük
imtiyazlar ala bilir, qısa vaxtda demək olar ki, neftin əsas
sahibkarlarından birinə çevrilirdilər. İş o yerə çatır ki, Bakı neft sənayeçiləri qurultayına rəhbərliyi
ermənilər tamamilə öz əllərinə
keçirir, burada da istədiklərini diktə edirlər.
1917-ci ildə əvvəlcə fevral inqilabı nəticəsində
çar hakimiyyətinin devrilməsi, sonra isə oktyabrda
bolşevik çevrilişindən sonra imperiyanın
dağılmasından daşnaklar və digər erməni millətçi partiyaları məharətlə
istifadə etdilər. 1918-20-ci illərdə Qafqazda, o cümlədən
Azərbaycanın bütün ərazisində ermənilər
azərbaycanlılara qarşı geniş qırğınlar,
talanlar, zorakılıq və terror əməliyyatları həyata
keçirmişlər. Ermənilərin bu
hərəkəti 1905-ci ildə olduğu kimi 1918-ci ilin
martında yenə də Bakıdan başlayıb. Özü
də bu qırğın 1905-ci ilə nisbətən ermənilər
tərəfindən daha məharətlə hazırlanıb
amansızlıqla həyata keçirilmişdi”.
Xatırladaq ki, Şaumyan bu dövrdə Lenin tərəfindən
Föqəladə Zaqafqaziya Komissarı vəzifəsinə təyin
edilmişdi. O, Tiflisə gedir, lakin istəyinə
nail ola bilmədiyindən Bakıya qayıdır. Şaumyan
Bakıda hakimiyyəti demək olar ki, əlinə keçirərək
ondan azərbaycanlılara qarşı mübarizədə
istifadə etməyə başlayır: "Şaumyanın rəhbərliyi
ilə Bakıda törədilən azərbaycanlı qırğınları
sonradan bütün Azərbaycana yayılır. Bu məsələlər
öz əksini geniş şəkildə Azərbaycan Xalq
Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə
Təhqiqat Komissiyasının hazırladığı məruzələrdə
və digər sənədlərdə öz əksini
tapıb. Faciənin həyata keçirilməsi
üçün bəhanə düşünmək lazım
idi. Ermənilər bəhanəni tapdılar. 1918-ci ilin
yanvarında başda general Talışinski olmaqla
yaradılmaqda olan müsəlman korpusunun qərargahı
Bakıya gəlir. Qərargahın rus zabitləri
sırasında əvvəllər jandarmeriyada xidmət
etmiş şəxslərin olması bəhanəsiylə
müsəlman korpusunun qərargah üzvlərinin çoxu
erməni əsgərlərindən ibarət bolşeviklər
tərəfindən həbs edilir. "Daşnaksütyun"
erməni partiyası sovet hakimiyətini tanıyaraq, azərbaycanlılarla
mübarizə üçün bolşevik partiyası ilə
birləşir. Müsəlman korpusu qərargahının
üzvlərinin həbs edilməsindən istifadə edərək
ermənilər azərbaycanlıları bolşeviklərə,
həmçinin ermənilərə qarşı silahlı
üsyana təhrik edirdilər. Burada da məqsəd özləri
tərəfindən hazırlanan hadisələrin
günahını azərbaycanlıların üzərinə
atmaq idi. Lakin azərbaycanlılar bu təxribata getmədilər.
Azərbaycanlıların çıxışı baş
vermədikdə erməni əsgərləri onlara
qarşı üzərində zor işlətməyə,
müdafiəsiz qocaları, qadınları və
uşaqları qarət edib öldürməyə
başladılar. Azərbaycanlılar hətta Bakı
vağzalında belə görünə bilmirdilər". Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə
Təhqiqat Komissiyasının hazırladığı məruzədə
baş verən hadisələrin səbəbkarının ermənilər
olduğu açıqca görünür: "1918-ci il
martın 17-də silahla ehtiyatsız davranmış və həlak
olmuş Məmməd Tağıyevin cənazəsini
müşayiət edən müsəlman diviziyasının
böyük bir dəstəsi Lənkərana yola düşmək
istəyir. Paroxodun körpüdən aralanmasına az
qalmış silahlı erməni bolşevikləri müsəlman
divizyonundan tərkisilah olunmağı tələb edir. Rədd
cavabı aldıqda gəmiyə tüfəng və
pulemyotlardan atəş açılır. Sabahısı
gün şəhərdə silahlı erməni əsgərləri
görünürlər. Onlar şəhərin bütün
küçələrində səngərlar qazır, torpaq və
daşlardan bəndlər ucaltmağa başlayırlar. Bunu
görən azərbaycanlılar da öz növbəsində
səngərlər qazırlar. Həmin gün müsəlman
xeyriyyə cəmiyyətinin binası olan "İsmailiyyə"də
azərbaycanlıların yığıncağı keçirilir.
Keçmiş Bakı şəhər rəisi
Qaik Ter-Mikaelyants iclasa gəlir, erməni milli şurası və
"Daşnaqsütyun" partiyası adından bildirir ki, əgər
azərbaycanlılar bolşeviklərə qarşı
çıxış etsələr, ermənilər də
onlara qoşulacaq və bolşevikləri Bakıdan qovmağa
kömək edəcəklər".
Ertəsi gün
martın 19-da səhər tezdən azərbaycanlılar hələ
yuxuda olduqları bir vaxtda ermənilərin yalan vədlərinə
arxayınlaşmış şəhərin azərbaycanlı
hissəsinə hücum başlanır. Hücumda
yalnız erməni əsgərləri iştirak edir və azərbaycanlılar
əvvəlcə şəhərdə nə baş verdiyini
müəyyən edə bilmirlər. Xəzərdəki hərbi
gəmilər ermənilərin provakasiyası ilə şəhərin
azərbaycanlılar yaşayan hissəsini top atəşinə
tuturlar. Ermənilər rus matroslarını
inandırmışdılar ki, şəhərdə müsəlmanlar
rus əhalisini qırırlar. Matroslar əmin olduqda ki, azərbaycanlılar
şəhərdəki rus əhalisinə toxunmurlar, top atəşini
dayandırmışdılar. Hücum ərəfəsində
şəhərdəki bütün ermənilər şəhərin
azərbaycanlı hissəsindən erməni hissəsinə
keçmişdilər.
Ermənilər Azərbaycan
türklərinə qarşı görünməmiş dərəcədə
vəhşiliklər törədirlər: "Yaxşı
silahlanmış və təlim görmüş erməni əsgərləri
əhalisi tamamilə azərbaycanlılardan ibarət olan
"Məmmədəli" və "Zibilli dərə"
deyilən yerlərdə onların evlərinə soxulur, sakinləri
xəncər və süngü ilə doğrayır,
uşaqları yanan evlərin içinə atır, 3-4
günlük körpələri süngülərin ucuna
keçirirdilər. Qaçmış
valideynlərin bütün südəmər körpələri
vəhşiliklə öldürülürdü. Valideynlərin
özlərini isə küçədə qovub qətlə
yetirirlər. Şəhərin bu hissəsində çox az adama
qaçıb canını qurtarmağa nəsib
olmuşdu".
Məruzədə
göstərlirdi ki, bu vəhşiliklərin şahidi
olmuş adamlar danışanda özlərini ağlamaqdan
saxlaya bilmir, həyəcanlanır, ona görə də hadisələri
yerli-yerində nəql edə bilmirdilər: "Azərbaycanlıları
qətl edərkən onların evlərini qarət edir, sonra
isə od vurub yandırırdılar. Azərbaycanlı
qadınları öldürür, çalalara dolduraraq
üstünü torpaqlayırdılar. Sonralar təkcə
bir çaladan burun və qulaqları kəsilmiş,
qarınları yırtılmış, cinsi orqanları
doğranmış 57 müsəlman qadınının meyiti
tapılıb. Şahidlər deyirlər ki, ermənilər
öldürə bilmədikləri qadınların
hörüklərini bir-birinə bağlayır,
başıaçıq, ayaqyalın qabaqlarına
qatıb küçələrə qovur, yolda tüfəngin
qundağı ilə döyürdülər".
Elçin
Mədəniyyət.- 2009.- 1 aprel.- S. 4.