Xalqdan qiymət ummayan Mirzə Cəlil
371966. Bu rəqəm Cəlil
Məmmədquluzadənin üstündə gəzdirdiyi
tapançanın nömrəsidir. Bilirəm, qəribə səsləndi:
Cəlil hara, tapança hara?! Yazıçının ən
güclü silahı həqiqət yazan qələmi idi. Bəs
Cəlildə tapança nə gəzirdi? Cəlil qələmi
ilə cəhaləti “güllələyirdi”,
tapançası ilə cahillərdən qorunmağa
çalışırdı. Cəlil qələmiylə “qan
elədi”, silahı iləsə canını qorudu. “Kim Cəlil
Məmmədquluzadəni öldürsə, onun yeri cənnətdir”
fitvasını vermişdilər. Həmin fitvanın
yazılı variantını Cəlilə göndərib hədələyirlərmiş.
Hətta günlərin birində Yevlaxda
qarşısını kəsib qətlə yetirmək istəyiblər.
Xalq üçün
canını, pulunu əsirgəməyən bir
şəxsi küçə-küçə, ev-ev axtarıb öldürməyə
çalışırdılar, “Molla Nəsrəddin” jurnalını
tez-tez bağlayırdılar.
Müsəlmanlardan özünü
qorumaq üçün
Tiflisdə müsəlmanlar
olmayan Davudovlar məhəlləsində yaşayıb.
Hətta Tiflisə Cəlili öldürməkçün
üç casus da göndəriblər. Köhnə Bakı lotuları Cəlili dini, müsəlmanlığı alçaltmaqda
günahkar bilib cəzalandırmaq üçün
hər yerdə əl-əl axtarırdılar. İyirmi
beş illik jurnalistik fəaliyyətindən
sonra bəziləri onu “milli dili
korlayan yazıçı”
adlandırdı. Doqquz
manat puldan ötrü nəşri yubanan “Molla Nəsrəddin” jurnalının
ilk sayı nəşr olunan gecə jurnalı əlavə 500 nüsxə
çıxara bilmək
üçün çap
maşınında Cəlilin
özü fəhlə
kimi işləyib. Əməyinin qiymətini
ala bilməyən yazıçıya fasiləsiz
olaraq təhqiramiz məktublar da göndərirdilər. Cəlilsə
həmin məktubları
qoruyub saxlayarmış.
Cəlilin xalqımıza
olan inamı sarsılmışdı, artıq
o, xalqdan qiymət gözləmirdi.
“Ey yüz
il bundan sonra dünyada yaşayacaq, nəvə və nəticələrimiz,
bəlkə, yüz il bundan sonra
”Molla Nəsrəddin”in köhnəlmiş və qat kəsmiş
vərəqləri, tozlanmış
və çürümüş
kitabların içindən
çıxıb düşə
əlinizə və oxuyasınız. Mən
qorxuram ki, o vədə deyəsiniz ki, bu rəhmətlik babalarımıza böhtan
deyib”. Nə yaxşı ki, Cəlilin qorxduqları başına gəlmədi.
Cəlili xalq sevdi, tanıdı və bundan sonra da unutmayacaq.
Cəlil qısa mətnlərdə
böyük mətləbləri faş edən
yazıçıdır. “Azərbaycan” məqaləsi həcmində
dil, Vətən, Azərbaycançılıq
ideallarını özündə ehtiva edən məqalə
oxumusunuzmu? Şəxsən mən oxumamışam. Cəlil
kiçik hekayələr, məqalələr, felyetonları
niyə yazırdı? Çünki
düşünürdü ki, millətin oxumağa
marağı yoxdur, çoxu əlifbanı bilmir, kiçikhəcmli
olanda bəlkə, bir-ikisini oxuyarlar. Yumorun tərkibinə
qatı ironiyanı ona görə qatırdı ki, xalqın
içərisində boş-boş gülmək istəyənlər
çoxdur, oxuduqları ən azından lətifə, yumor təsiri
bağışlayar. Çay hortadıb, təsbeh çevirənlər
üçün, məncə, məqamında əla məzə
idi.
Cəlil Məmmədquluzadənin
bədii əsərlərini oxuyanda beynimdə qəribə
bir sual doğdu. Cəliln əsərlərindəki personajlar
niyə ölmür? “Danabaş kəndinin əhvalatları” əsərinin
xitaməsində Məhəmmədhəsən əminin
ölümü verilə bilərdi. Məsələn,
yazıla bilərdi ki Məhəmmədhəsən əmi
eşşəyi tapandan bir müddət sonra öldü,
yazıq eşşəyi ilə ziyarətə gedə bilmədi..
Yaxud “Poçt qutusu” hekayəsində ən sonda Novruzəlinin
ölümü müəllif dilinə keçrilərək
müəyyən zaman fərqi ilə verilə bilərdi. Təbii
ki, Cəlil Məmmədquluzadə bədii texnikanı və əsərin
mahiyyətini yaxşı bilirdi. Sualın cavabını
özümçün belə yəqinləşdirdim. Migel De
Servantesin ”Lamançlı Don Kixot” əsərinin sonunda Don
Kixot ölür. Servantes bununla izah edir ki, artıq cəngavərlik
romanı da öldü, həmin mühit də. Cəlilsə
bilirdi ki, hələ yüz il, iki yüz il sonra da bu xalqın
novruzəliləri, məhəmmədhəsən əmilləri,
xudayar bəyləri, şeyx nəsrullahları müasir imicdə
daim olacaqdır. Ol səbəbdən də böyük
yazıçı əsərlərindəki istər saf, avam,
istərsə də qəddar və hiyləgər
personajları öldürmürdü. Çünki onlar hələ
cəmiyyətdə yaşayırdı. Günü bu gün
də yaşayırlar.
Propor Merime fransız, Əziz
Nesin türk, Mirzə Cəlil Azərbaycan ədəbiyyatında
heç vaxt unudulmayacaq. Çünki hər üç
yazıçı tənqidi realizimlə yaşadıqları
mühitə ayna tutublar. O ayna həm də gələcəyi
- bu günü göstərib.
Fərid,
ADMİU-nun tələbəsi
Mədəniyyət.- 2009.- 3 aprel.- S. 13.