Bizi daha böyük uğurlar düşündürür
Mədəniyyət və Turizm Nazirliyi Bakı Musiqi
Akademiyasının Orta İxtisas Musiqi Məktəb -
Studiyası ilə birgə ötən il görkəmli bəstəkar
Qara Qarayevin anadan olmasının 90 illik yubileyinə həsr
olunmuş «Gənc Musiqiçilər Təhlil və İfa
Edir» devizi altında I Respublika elmi-ifaçılıq
müsabiqəsi keçirdi. Müsabiqədə T.Quliyev
adına 12 saylı Uşaq Musiqi Məktəbinin 5 şagirdi
qalib olmuşdur...
Bugünlərdə həmin
məktəbdə olduq. Məktəbin
direktoru Gülnarə
Səfərova bizi müsabiqənin qaliblərindən:
fortepiano sinfinin şagirdləri Aidə Əmirova və Rəşidə Əliyeva
ilə tanış etdi. Sonra dedi:
- Elmi-ifaçılıq
müsabiqəsi, necə deyərlər, musiqiçilərin
birgə təliminin bir formasıdır. Deyim
ki, bu ənənə
25 ildən artıqdır
ki, davam etdirilir. Məqsəd də tədbirin
bu müsabiqədən,
növbəti müsabiqəyə
kimi əhatə dairəsini və əhəmiyyətini artırmaqdır,
yəni bu təmayülə indiyə
kimi qatılmayan musiqi məktəblərini
də cəlb etmək, istedadlı və savadlı uşaqları üzə çıxarmaqdır. Bu
cür yarışma formaları həm də tədrisin təkmilləşdirilməsi prosesində
yeni-yeni yolların aranması zəruriliyi yaradır...
Bu zərurətlər
isə kollektivimizin iş prinsipində mövcuddur. Əlbəttə,
işə məsuliyyətlə
yanaşma bizə uğur qazandırmışdır.
Belə ki, müsabiqədə məktəbimizin
5 şagirdi qalib oldu. Bu da
diqqətdən kənarda
qalmadı. Xalq çalğı alətləri
üzrə I Respublika
elmi-ifaçılıq
müsabiqəsinə yüksək
səviyyədə şagirdlər
hazırladığımıza görə Mədəniyyət
və Turizm Nazirliyinin fəxri fərmanını aldıq...
Bir şeyi də qeyd etmək
istəyirəm. Bu da bizim bir arzumuzdan
ibarətdir. Belə ki, rəhbərlik
etdiyim bu təhsil müəssisəsinin
11 illik olmasını
istəyirik. İstəyirik
ki, illərlə çalışıb hazırladığımız
savadlı və istedadlı şagirdlər
sonadək öz məktəbimizdə oxusunlar...
Çox istərdik ki, bu arzumuz
tezliklə reallaşa...
Çünki bizi daha böyük uğurlar düşündürür. Bilirsiz ki, qarşıdan II Respublika müsabiqəsi gəlir. İnanırıq
ki, ötən ildəkindən fərqli olaraq, bu il daha böyük
uğurlar qazanacağıq...
Aidə Niyazi qızı Əmirova
1995-ci il tarixdə Bakı şəhərində anadan
olub. Ziyalı bir ailədə
böyüyüb. Atası Niyazi
Əmirov hərbçi
olub. Qarabağ müharibəsində şəhid olub. Anası isə həkimdir.
- Göründüyü
kimi, valideynlərin musiqiçi olmayıb. Bəs sizdə musiqiyə bu qədər maraq hardandı?
- Düz
deyirsiniz, atam musiqiçi yox, hərbçi idi. Ancaq o, musiqini sevirdi. Fortepianonun dilini də çox yaxşı bilirdi. Məndə musiqiyə marağı
da o, yaratmışdı.
Deyirdi: - qızım,
səni fortepianoçu
- musiqiçi görmək
istəyirəm. Baxmayaraq
ki, o, hərbçi idi, ancaq musiqinin
gözəlliyindən, fortepianoçuluğun
əvəzsiz sənət
olmasından danışardı...
Azərbaycan, rus bəstəkarlarının
çoxunu tanıyırdı.
Əsərlərini də yaxşı
ifa edirdi. Xüsusilə, görkəmli bəstəkar
Tofiq Quliyevin mahnılarına, Cavanşir
Quliyevin «Azərbaycan əsgəri» marşına
tez-tez müraciət edərdi. Bu əsərləri həddən
artıq çox sevərdi. Bəlkə də bu onun hərbçi olması ilə bağlı idi. Fortepianoda ifa etdiyi əsərləri
o vaxt lentə köçürüb. İndi
boş vaxtımızda
anamla birgə oxudur və qulaq asırıq...
Onu da deyim ki,
məndə musiqiyə
marağı valideynlərim
yaradıb. Ancaq onun elmi əsaslarını, sirrini
müəllimim Nazilə
Yaqubovadan öyrəndim.
O, mənim yaxşı
musiqiçi-fortepianoçu olmağım üçün
çox zəhmət
çəkir...
- Müsabiqədə
ifa edəcəyiniz əsəri qabaqcadan özünüz seçirsiniz?
Yoxsa..
- Hə,
müsabiqədə ifa
edəcəyimiz əsəri
qabaqcadan seçirik. Sonra onun üzərində xeyli vaxt çalışırıq.
Bu işdə müəllimimin əməyi
çoxdur. Onun mənə
etdiklərini sözlə
ifadə etmək çətindir. Onu da deyim ki, müsabiqədə
görkəmli bəstəkarlarımızdan
T.Quliyevin, Q.Qarayevin və F.Əmirovun əsərlərinə müraciət
etmək istəyirdim.
Ancaq müəllimim M.Qlinkanın
«Ayrılıq» əsərini
məsləhət gördü.
Bildirdi ki, bu əsərə müraciət etsən, qalib ola
bilərsən. Onun məsləhətinə
qulaq asdım və müsabiqədə
qalib oldum. Bütün bunlar üçün ona - müəllimimə minnətdaram.
Rəşidə Rüfət qızı Əliyeva V sinifdə oxuyur. O, bizimlə söhbətində
dedi:
- Atam, istərsə də
anam musiqi təhsili almağıma etiraz etmədilər. Əksinə, bunun üçün səy göstərdilər. Qeyd edim
ki, anam müəllimədir. BDU-nun
filologiya fakültəsini
qurtarıb. Mənimlə çox maraqlanır.
Xüsusilə, dərslərimə necə hazırlaşmağımı
nəzarətdə saxlayır.
Tez-tez məktəbimizə gəlir.
Müəllimlərimlə ünsiyyət yaradır.
Düzdü, valideynlərim musiqiçi
deyil. Ancaq əmim Rauf
Əliyev fortepianoçudu.
Məndə bu sənətə
marağı da o yaradıb. Hələ xeyli əvvəl
o, mənə fortepiano və
görkəmli bəstəkarlar
haqqında maraqlı söhbətlər edərdi.
Deyərdi: fortepiano dünyada
hamının sevdiyi musiqi alətidi. Bu musiqi alətində
yaxşı mahnı ifa etsən, səni də başqaları kimi televiziyada göstərəcəklər.
Nə vaxt əmimgilə gedirdim, onu fortepiano arxasında görürdüm. O da hər dəfə mənimlə bu mövzuda söhbət edərdi. Bax, beləliklə məndə
fortepianoçu olmaq həvəsi yarandı...
İndi fortepiano sinfində oxuyuram. Bu sənətin sirlərini və elmi əsaslarını
fortepiano müəllimim Nazilə
Yaqubovadan öyrənirəm.
O, bu sənətin sirlərinə dərindən
yiyələnməyim üçün
çox səy göstərir. Məhz buna görə də onun digər
şagirdləri kimi, mən də ötən il
I Respublika müsabiqəsində
qalib oldum. Müsabiqədə D.Kramerinin «Rəqs
edən skripkaçı»
əsərini ifa etdim. Onu da qeyd edim ki, müsabiqədə
başqa əsərlərə
də müraciət edə bilərdim. Lakin müəllimim bu əsəri məsləhət
gördü. Mən də
onun sözündən
çıxmadım. Nəticədə də uğur qazandım. Ona görə də
hörmətli müəllimimə
çox sağol deyirəm.
Tofiq Quliyev adına 12
saylı Uşaq Musiqi Məktəbinin qazandığı
uğur, doğrudan da, təqdirəlayiqdir. Məlumdur ki, qarşıdan II Respublika elmi-ifaçılıq
müsabiqəsi gəlir. Məktəbin kollektivi müsabiqəyə
ciddi hazırlaşır.
İnanırıq ki,
ötən il
olduğu kimi, bu il də
onlar qalib olacaqlar...
Savalan Fərəcov
Mədəniyyət.-
2009.- 3 aprel.- S. 11.