Teatr haqqında söhbət
Azər Allahverdiyev: «Yeni əsrin teatrı
qarşımıza inanılmaz tələblər qoyur»
Müsahibimizi
təqdim edərkən onun bir teatr bilicisi olduğunu deməklə
bərabər, həm də Mahmud Allahverdiyev kimi böyük
bir alimin övladı olduğunu da qeyd etmək gərəkir. Zira, Azər
müəllim özü də əsil-nəcabət məsələsinə
böyük önəm verir. Mahmud Allahverdiyev o alimlərdəndir
ki, onun kitablarının xüsusi seriyası var: «Təzə əsrə
adlamış köhnə kitablar». Xalq oyun mədəniyyəti
mövzusunda dəyərli tədqiqatlar müəllifinin
xüsusi təqdimata ehtiyacı yoxdur. Özü
barədə isə Azər müəllim belə məlumat
verir:
- Moskva Dövlət
Teatr Sənəti İnstitutunun məzunuyam. Bakıda və
Moskvada yaşayıram. Son vaxtlar
Bakıdayam, çünki bəzi layihələrim var ki,
onları həyata keçirmək niyyətindəyəm.
2007-2008-ci illərdə mən Moskva Teatr Akademiyasında «Azərbaycan
teatrı», «İslam və teatr», «Təsəvvüf və
teatr» və digər mövzularda mühazirələr oxuyuram. Vaxtaşırı işlərimlə əlaqədar
başqa ölkələrdə oluram.
- Moskvada elmi fəaliyyətlə məşğulsunuz?
- Mənim elmi işim «Ənənə və yeniliklər» mövzusundadır. Uzun illərdir ki, bu
mövzunu işləyirəm. Bunu dərindən öyrənmək
üçün başqa regionlarda, ölkələrdə
oluram. Bilirsiniz ki, Azərbaycan bir dövlət olaraq son bir əsrin
faktıdır. Azərbaycan mədəniyyəti müəyyən
mədəniyyətlər kontekstində inkişaf edən mədəniyyət
tipidir. Rusiya imperiyasının tərkibinə keçəndən
sonra 150 il ərzində Azərbaycan mədəniyyətinin
tipi dəyişib. Bunu yaxşı bilməmişik. Niyə?
Çünki ümumən, Azərbaycan Şərq ölkəsi
olub, Rusiyada isə orijinal bir mədəniyyət tipi
inkişaf edib, Şərq və Qərbin, daha çox Qərbin
təsiri altında. Bu da çox gözəl bəhrəsini
verdi. Azərbaycan Qərb mədəniyyətini həm
musiqisində, həm təsviri incəsənətində, həm
digər sahələrində qavraya bildi. Və
bir növ bu mədəniyyətlərin gəlişməsi
üçün qazan rolunu oynadı. Azərbaycan professional
teatrı da Azərbaycan, Şərq teatrı ənənələri
üzərində avropatipli bir teatr modeli ilə yarandı. Azərbaycan
teatrının bəzi problemlərini anlamaq üçün
Avropa teatr mədəniyyətini və milli teatrımızın
ənənələrini öyrənmək lazımdır. Mənim
atam Mahmud Allahverdiyev də Azərbaycan teatr tarixini tədqiq
edirdi və mən teatrla məşğul olan
üçüncü nəslin nümayəndəsiyəm. Mənim
nənəmin bacısı Bakı Opera Teatrının
müdirəsi olub, istəsək də, istəməsək də
teatrdan aralanmaq mümkün olmayıb. Mən heç vaxt
teatrdan pul qazanmamışam. Ona görə də bu mənim
üçün peşə deyil, həyat tərzidir. Məncə,
əsl teatr xadimi teatrla nəyə görəsə məşğul
olmalı deyil, o, bu işə hər şeyi inkar edib
girişməlidir.
Dünya teatrının vəziyyəti
ilə yaxından
Azərbaycan
teatrşünaslığının teatr salnaməsini yaratmaq
kimi aparıcı funksiyası var. Bu funksiya ondan ibarətdir
ki, istənilən kəs, tarixin istənilən məqamını
götürüb, nə baş verdiyini başa
düşsün. Amma Azərbaycan
teatrşünaslığının son otuz ildəki fəaliyyəti
adamda elə təəssürat yaradır ki, guya bu illərdə
bizim teatrdan qabaqcıl teatr olmayıb. Ümumən, sənət
adamı bir az hər şeyə ciddi
yanaşmalı və bir az da həqiqi olmalıdır. Lazım
gələndə deməliyik ki, Azərbaycan teatrını
Biləcəridən o yana tanıyan yoxdur.
- Elə bu məqalələri də peşəkar
teatrşünaslar yazmırmı?
- Bilirsiniz, bu xətirədəyməmək
prinsipindən irəli gəlir. Sənət
adamları kövrək olur. Ona görə...
Amma son illərdə
teatra diqqət artıb. Təmir işləri aparılır. Ümumən diqqət
artıb. Amma teatra axın yoxdur. Gənclərin axını
yoxdur. Bu yaxınlarda Teatr Xadimləri İttifaqının Gənclər
Studiyasının hazırladığı «Əli və Nino»
tamaşasına baxdım. Doğrusu, Qurban Səidə
müraciəti çoxdan gözləyirdim. Mən fikirləşirdim
ki, müstəqilliyin ilk illərində mühacirət ədəbiyyatına
diqqət çox olacaq. Hərçənd, belə olmadı.
Hər halda, mən sevindim ki, belə bir dahinin əsərini
hazırlayıblar. Biz hələ öz dahilərimizi
tanımalı, bilməliyik. İnstitutda oxuduğumuz illərdə
belə bir müzakirə yaranmışdı. Mən
Hüseyn Cavidi Şekspirə tay bir dahi hesab etdiyimi dedim. Orada
hər millətdən tələbələr var idi. Müəllimimiz
dedi ki, bura gələn hər tələbə özlərinin
dramaturqu, şairi haqda belə deyir. İddia edir ki, bunu
tanımalısınız. Mən dedim ki, mən əsaslandıracağam.
Onlar bunu milli temperament kimi yozdular. Amma seminarlardan birində bu
barədə xeyli danışdım. Ömər Xəyyamın
öz rübailərini və Cavidin «Xəyyam» pyesində
yazdığı rübailəri qarışdırıb
söylədim. Ayıra bilmədilər. Hətta tərcümədə
seçilmədi. Heç olmasa, sübut etdim ki, nəinki
milli dramaturgiyamız sovet dramaturgiyasından, rus
dramaturgiyasından geri qalmır, bəlkə də onu üstələyir.
- Azər müəllim, dünya teatrlarından xəbəriniz
var, yəni gediş-gəlişiniz var. Dünya teatr prosesində
nələr baş verir?
- Dünya teatrı çox
qlobal anlayışdır. Ümumən teatr öz yerini yeni
kommunikativ mənbələrə verməkdədir. Geniş təbəqələrə,
topluma xitabən yaranan teatr, son illərdə elitar bir sənət
novünə çevrilir. Əsasən intellektual təbəqələrə
yönəlir.
- Bəlkə kiçik zallar, kiçik teatrlar bu üzdən
yaranır?
- Əsla yox. Böyük səviyyədə
nəhəng tamaşalar qoyulur. Minlərcə
tamaşaçı və minlərcə iştirakçı
olar. Məsələn, 30-cu illərdə Maks Raynhard
«Aristeya»nı tamaşaya qoyanda min ifaçıdan ibarət
xor qurmuşdu. Açıq hava altında keçirilən
karnavalları da buna aid etmək olar. Müasir Olimpiya
oyunlarının və çempionatlarının
açılışları hər birisi
özü-özündə bir böyük tamaşadır.
Bununla belə, teatr öz fərdi kommunikativ funksiyasını
saxlayır. Tamaşaçının təfəkkürünə
və ruhuna xitab edir. Aktyor tək məktəbdən ibarət
deyil axı. O, qəlbən oynayır. Misal üçün:
muğamatı hər kəs oxuyur, amma muğam təsəvvüf
aktı olduğu üçün onu hazırlıqsız
oxumaq, lazımi nəticəni vermir. O, mərhələlər
keçməlidir. Necə deyiblər: Xoşbəxtdir o insan
ki, başa düşür - idrak iblisdəndir, eşq Adəmdən.
Bu sufilərin formuludur. Həm də insanlar arasında
ünsiyyətin mexanizimlarının daha qeniş olduquna
işarət edir. Teatrda məhz belə mexanizmlər işləyir,
tək əql yox, hisslər və hisslər üstü
qavrayışlar. Şərq mədəniyyətində bu qədimdən
tətbiq olunan bir faktdır və praktikadır, məsələn,
Şekspirin (və ümumən orta əsrlər
Avropasının mədəniyyətində sufi lərin təsiri
çok aşkar müşahidə olunur. Teatrda da həmçinin.
Mənim müəllimim Aleksey Vladimiroviç
Bartaşeviç irəli sürdüyüm bu konsepsiyanı
yüksək dəyərləndirdi. Bu mexanizm nədən ibarətdir?
İnsanların sözlə deyilməyən, hərəkətlə
göstərilməyən fövqəlhəssas mexanizmlər
var. Ona görə Ələsgər Ələkbərov qəlbən
insanların qəlbini fəth edirdi. Bu, yalnız fizioloji
energetika deyil, bunu insanlar tərbiyə ilə əldə edə
bilər, nəsilliklə ötürülə bilər. Bu
vergidir, istedaddır. Əlbəttə, peşəkarlıq,
işgüzarlıq böyük rol oynayır. Sizə bir
şey danışım, Brodvey müziklinə baxmaq mənim
uşaqlıq arzum idi. Baxdım və başa
düşdüm ki, Azərbaycanda müziklə
çıxarılacaq aktyor yoxdur. Çünki orada aktyor
professional olaraq həm müğənni, həm də rəqqasdır.
Yeni əsrin teatrı insanlara inanılmaz tələblər
qoyur. Yeni formalar yaranmalıdır. 60-ci illərin novator
sayılan lirik-psixoloji dramatik tamaşalar bu günlə səsləşmir.
Qışqıra-qışqıra, bağıraraq
danışmaq hələ də etalon sayılır. Amma bunlar
artıq geridə qalmalıdır. Yeni istedadlar ortaya
çıxmalıdır, ən azı gənclər bu sahədə
ölkədən kənarda təhsil almalıdır. Başqa
ölkələrin teatrlarının tamaşalarına
baxmalıdır.
Rusiya Teatr Sənəti
Akademiyasında təklif irəli sürmüşəm, onlar
da təklifi təqdir ediblər. Əvvəllər bir kurs,
studiya yığılırdı, onları bir teatrın
aktyorları kimi tərbiyə edirdilər. Sonra onu yerlərə
göndərirdilər. Çox yaxşı olardı ki, Azərbaycan
dramaturqlarının əsərlərini Rusiya teatrlarında
tamaşaya qoymağa fondlar yardım göstərəydilər.
Rusiyada və Avropada Azərbaycan teatrları yaranardı. Bu, Azərbaycan
mədəniyyəti üçün böyük bir iş
olardı. Amma bunlar səviyyəli işlər
olmalıdır. Heç olmasa, o ölkənin teatrlarından
səviyyəcə aşağı işlər təklif etmək
olmaz.
Bu gün kitab öz kommunikativ
funksiyasını İnternetə verib. Və son illərin Qərb
teatrında olan proseslər İnternetdə olan prosesləri
xatırladır. Mən bu problemlə məşğulam.
Çox mürəkkəb bir problemdir. Necə ki, kino
insanların nəzər fokusunda teatrı dəyişdi, indi
teatrı da, kitabı da, kinonu da, televiziyanı da İnternet
özünə cəmləşdirir. İnsana serçi olmaq
yetmir, o birbaşa oyunçu olmaq istəyir. İndinin problemi
teatrın öz sakral mahiyyətindən uzaqlaşmasından
ibarətdir. Rituallaşma, sakrallaşma axtarışları həmişə
davam edib, Brukdan, Qrotovskidən üzü bəri. Əsas məsələ
zalla əlaqə amilidir. Ruhlara, qəlblərə xitab etmək...
Teatr bir mediator kimi birləşdirmək
məramına meyillənir. Zalla səhnə arasında
sıx təmasa can atır. Və bu sahədə çox
reproduktiv addımlar atılır. Amma Azərbaycan teatrı bu
prosesin həndəvərində deyil. Bilirəm, ki çox
şeyi qorumaq lazımdır. Sənətin iki qanunu,
funksiyası var: Biri ənənələri qorumaq, o biri yenilik
axtarmaq və tətbiq etmək. Bunların biri olmasa, o biri
lazım deyil. Ənənəvi teatr yaratmaq üçün
geniş dünyagörüşlü, bilikli teatrşünas
lazımdır. O, eramızdan əvvəlki Qafqaz mədəniyyətini
də bilməlidir. Çünki bura ciddi geofiziki aktivlikdə
olan bölgədir. Burada İslamdan öncəki mədəniyyətin
də qalıqları var. Bura çox sehrli bir məkandır.
Hələ demirəm ki, antikədəqədərki mədəniyyəti,
İslamdan öncəki ənənələri öyrənmək
lazımdır.
- Azər müəllim, bayaq proyektlərinizdən
danışdınız, bunlar nədən ibarətdir?
- Mənim dostum - şair, bəstəkar
Anar Nağılbazla artıq bir neçə ildir ki, tamaşa
hazırlamaq niyyətimiz var. Klassik, dramatik materialı əsas
götürərək, rep üstündə pyes
yazmalıyıq. Pyesin sujeti artıq hazırdır. Məncə,
bu, yeni forma olacaq və gəncləri teatra gətirəcək.
Mənim digər bir layihəm
Mədəniyyətin Qırmızı Kitabı ilə
bağlıdır. Amerikanın mədəni irsin qorunması
üzrə milli TRAST-ının üzvüyəm. Milli
TRAST-ların Dünya təşkilatı yaradılması
üzrə Deli konfransına Azərbaycandan dəvət
olunmuşam. Bu mədəni irsin qorunması ilə məşğul
olan qeyri-hökumət təşkilatıdır. Bunların
içində elə nüfuzlu TRAST-lar var ki, çox
saylı və dəyərli mədəni abidələri
qoruyurlar. Bura material və qeyri-material mədəni irs daxildir.
Bu il Dublində bu beynəlxalq təşkilatın konfransı
keçiriləcək və mən ora dəvətliyəm. Bu
layihəni həyata keçirməyə
çalışıram. Ən azından Qarabağda itirilən
milli mədəni nümunələri o kitaba salmaq istəyirəm.
Bu mədəni irsin qorunması üçün ən
yaxşı formadır. Dünyanın diqqətinə
çatdırmalıyıq ki, bu abidələr itib, yox olub.
“National TRAST”lar ictimai təşkilatlardır. Bunlar mötəbər
təşkilatlardır və bilavasitə insanlarla işləyirlər.
Rusiyada da əksər əhəmiyyətli tikililər
onların siyahısındadar. Heç olmasa İçərişəhər
bu siyahıda olaydı.
Biz milli mədəni irsimizi
qorumalıyıq. Milli irsə əsaslanmayan konstruksiya
yaşaya bilməz. Mənəvi irs məni bir azərbaycanlı
kimi narahat edir.
Aliyə
Mədəniyyət.- 2009.- 3 aprel.- S. 7.